Məhkəmə qərarları › İş №e-2-2(121)-142/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-142/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-142/2023 04.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 ASC cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı – cavabdehlərdən müştərək qaydada 52.463,51 manat məbləğində əsas bоrc və 5.431,8 manat faiz borcu оlmaqla, cəmi 57.895,31 manat borcun və 400 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə borcalan Mayak Qrup MMC arasında bağlanmış 09 oktyabr 2020 il tariхli, 106901-734932/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 200000.00 (İki yüz min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1Mübaşir oğlu arasında 09 oktyabr 2020 il tariхli, 106901-734932/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 09 oktyabr 2020 il tariхli, 106901-734932/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 noyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 52463.51 manat məbləğində əsas bоrcu və 5431.8 manat faiz borcu оlmaqla, ümumilikdə 57895.31 manat məbləğində kredit bоrcu yaranmışdır. İddiaçı1 ASC məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun birgə iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 14 iyun 2023-cü il tarixli iclasında İddiaçı1 ASC-nin ərizəsi təmin edilərək Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun birgə iddiaçı qismində işə cəlb olunması qərara alınmışdır. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli 106901- 734932/1 saylı kredit müqaviləsi üzrə 26.282,19 manat əsas borc və 2.907,91 manat faiz borcu olmaqla, cəmi 29.190,10 manat borcun və 400 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin tutularaq Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə "xxxx" ASCnin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 ASC ilə Cavabdeh2 MMC arasında 106901-734932/1 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 106901- 734932/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan İddiaçı1 ASC ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 01 saylı X1 görünür ki, müvəkkil kredit təşkilatı 09 oktyabr 2020-ci il tarixli, 106901- 734932/1 №-li kredit müqaviləsinə əsasən borclu olan Cavabdeh2 MMC-yə verilmiş kredit üzrə və 09 oktyabr 2020-ci il tarixli, 106901-734932/1 №-li zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna güzəşt etmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 26.282,19 manat məbləğində əsas borcu və 2.907,91 manat məbləğində faiz borcu, cəmi 29.190,10 manat məbləğində kredit borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 106901-734932/1 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarını təşkil edir, eyni zamanda cavabdehlər tərəfindən mübahisələndirilmir. Bundan əlavə, İddiaçı1 ASC ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 01 saylı X2 əsasən müvəkkil kredit təşkilatı 09 oktyabr 2020-ci il tarixli, 106901-734932/1 №-li kredit müqaviləsinə əsasən borclu olan Cavabdeh2 MMC-yə verilmiş kredit üzrə və 09 oktyabr 2020-ci il tarixli, 106901-734932/1 №-li zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqları Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna güzəşt edilmişdir. İddiaçı1 ASC-nin ərizəsinə əsasən, Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu birgə iddiaçı qismində işə cəlb edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2nə verilmiş krediti və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Qeyd olunan Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar, o cümlədən iddiaya dair əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış 200.000 manat görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1, Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki işdə zaminliyin xitamı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 177,57 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 26.282,19 manat məbləğində əsas borc, 2.907,91 manat məbləğində faiz borcu və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 29.590,10 (iyirmi doqquz min beş yüz doxsan manat, on qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna ödənilsin. 177,57 (bir yüz yetmiş yeddi manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar