Məhkəmə qərarları › İş №e-2-2(121)-143/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-143/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-143/2023 03.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 008R********** saylı və xx.xx.2021-ci il tarixli 008R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 37159.37 manat məbləğində krеdit bоrcu, 4151.21 manat məbləğində faiz bоrcu və 7260.76 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı krеdit razılaşması üzrə 9654 manat məbləğində krеdit bоrcu, 1205.09 manat məbləğində faiz bоrcu və 1731.91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 61162,34 manat məbləğində bоrcun, ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 61162,34 manat məbləğində borcun və ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 12840.63 manat ödəmiş, onun 37159.37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 286 gün üçün hesablanmış faiz borcu 4151.21 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 286 gün üçün hеsablanmış cərimə 7260.76 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 346 manat ödəmiş, onun 9654 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 269 gün üçün hesablanmış faiz borcu 1205.09 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 269 gün üçün hеsablanmış cərimə 1731.91 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2nın mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumisahəli fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2nın mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı – kredit razılaşmalarının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiası əsasında iş üzrə icraata “kredit razılaşmalarının ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 008L**********61 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 3.000.000 manat məbləğində kredit xətti açılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 50.000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, 10000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixdə bağlanmış 008L**********61 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m. ümumi sahəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə bağlanmış 008L**********61 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Şərəfa kəndində 0.2 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 240.9 kv.m. olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndi, 0,2 ha torpaq sahəsi üzərində yerləşən 240.9 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 50.589 manat, likvid dəyəri 48.060 manat məbləğində olması müəyyən olunmuşdur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3235 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R**********4 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37.159,37 manat, faiz borcu üzrə 4.151,21 manat müəyyən edilir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 9.654 manat, faiz borcu üzrə 1.205,09 manat müəyyən edilir. İşə əlavə olunan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 37.159,37 manat məbləğində əsas, 3.969,30 manat məbləğində faiz, 7.119,56 manat məbləğində cərimə olmaqla, cəmi 48.248,23 manat məbləğində kredit borcu vardır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 9.654 manat məbləğində əsas, 1.151,86 manat məbləğində faiz, 1.695,23 manat məbləğində cərimə olmaqla, cəmi 12.501,09 manat məbləğində kredit borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Buna görə də, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iddia əsasında iş üzrə icraata “kredit razılaşmalarının ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Belə ki, işə əlavə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 37.159,37 manat məbləğində əsas, 3.969,3 manat məbləğində faiz, 7.119,56 manat məbləğində cərimə olmaqla, cəmi 48.248,23 manat məbləğində kredit borcu vardır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 9.654 manat məbləğində əsas, 1.151,86 manat məbləğində faiz, 1.695,23 manat məbləğində cərimə olmaqla, cəmi 12.501,09 manat məbləğində kredit borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən göstərilən 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 3.969,3 manat məbləğində; 008R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 1.151,86 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 008R********** saylı kredit razılaşması üzrə 7.260,76 manat məbləğində deyil, 720 manat məbləğində, 008R********** saylı kredit razılaşması üzrə 1.731,91 manat məbləğində deyil, 170 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə həmçinin iddianın 405 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, iddiaçı 405 manat məbləğində mediasiya xərcinin deyil, dövlət rüsumunun ona ödənilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcinin tutulmasına dair tələb irəli sürmədiyindən və ya iddia tələbinin bu hissəsini dəqiqləşdirmədiyindən, iddia tələbinin qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılmaqla cavabdehlərin çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehlərin istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlərin istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərin istifadə hüququnun itirilməsi və əmlakın alıcıya təhvil verilməsi” hissələri rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehlərə, 5 manatı iddiaçıya, xidmət haqqının 20 manatı cavabdehlərə, 10 manatı iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 10 manatı və xidmət haqqının 20 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı QSCyə, 40 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 273,49 manat dövlət rüsumunun 270 manatı cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** nömrəli kredit razılaşması üzrə 37159,37 manat məbləğində əsas borc, 3969,3 manat məbləğində faiz borcu, 720 manat məbləğində cərimə, cəmi 41848,67 manat məbləğində kredit borcu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 008R********** nömrəli kredit razılaşması üzrə 9654 manat məbləğində əsas borc, 1151,86 manat məbləğində faiz borcu, 170 manat məbləğində cərimə, cəmi 10975,86 manat məbləğində kredit borcu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinə yönəldilsin. Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinin ilkin satış qiyməti 48060 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 008R********** nömrəli kredit razılaşması üzrə 41848,67 manat məbləğində kredit borcu, 008R********** nömrəli kredit razılaşması üzrə 10975,86 manat məbləğində kredit borcu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Masallı rayonu, Şərəfə kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 240.9 kv.m ümumi sahəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaqla qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı QSC-dən, 40 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. 270 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar