Məhkəmə qərarları › İş №e-2-2(121)-1463/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1463/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1463/2025 04.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Gümirzə qızına qarşı “kredit borcunun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Gümirzə qızına qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əsas borc 3128,16 manat, faiz borcu 1125,92 manat, cəmi borcu 4254,08 manat manat borcun və ödənilmiş 62,54 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “iddianın dəyişdirilməsinə dair”ərizə” ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əsas borc 3128,16 manat borcun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər-birgə boclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında bağlanmış 02 iyul 2013-cü il tarixli, 97 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə, illik 27 faizlə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1- ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 1371,84 manat, faiz borcundan isə 1028,16 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 3128,16 manat, faiz borcu 1125,92 manat, cəmi borcu 4254,08 manat təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “iddianın dəyişdirilməsinə dair ərizə”si onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Şəhid anası olduğuna görə, iddia ərizəsində dəqiqləşdirmə aparılması zəruri hesab edilmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Gümirzə qızı arasında bağlanmış 02 iyul 2013-cü il tarixli, 97 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla 4500 manat məbləğində kredit verilmişdir. Müqavilənin: -1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri əsasında Kredit verən Birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasının tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini. Birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz mzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən Birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər Birgə borcluların üzərinə keçir.

10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 02 iyul 2013-cü il tarixli, 97 saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə 3128,16 manat məbləğində əsas bоrcu, 1125,92 manat məbləğində faiz bоrcu borcu olmaqla, ümumilikdə 4254,08 manat borcu vardır.

11. Ödəniş cədvəlindən görünür ki, 02 iyul 2013-cü il tarixli, 97 kredit müqaviləsi üzrə kreditin sonuncu ödəniş tarixi xx.xx.2015-ci il kimi qeyd olunmuşdur.

12. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə cavabdehlər (birgə borclular) arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

13. ********** ödəniş qəbzindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 62,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. Məhkəmə baxışının hədləri:

-218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC BOKT ilə cavabdehlər (birgə borclular) arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 borc (kredit) verməyi, cavabdehlər isə aldığı borcu (krediti) bağlanmış kredit müqaviləsinin şərtlərinə görə təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

20. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və onlar müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdırlar.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 3128,16 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

22. Məhəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 62,54 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3128,16 (üç min bir yüz iyirmi səkkiz manat, on altı qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 62,54 (altmış iki manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar