Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1476/2025 02.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 9.661 manat məbləğində borcun və ödənilmiş 117 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid olan dərman və digər avadanlıqların satışı mağazası vardır. Cavabdehi tanıyır, onunla münasibəti həmişə yaxșı olub və cavabdeh soğan əkib becərməklə məşğul olur. 2023-cü ilin fevral ayının əvvəllərindən başlayaraq 2023-cü ilin iyul ayının axırlarınadək cavabdeh onun mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq, 22.485 manat məbləğində toxum, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2023-cü ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra o, dəfələrlə cavabdehdən götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Lakin hər dəfə bir bəhanə gətirərək məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Tanışlığı nəzərə alıb, bir müddət cavabdehi gözləmişdir. Lakin hazıradək cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan əvvəlcə nisyə mal istədikdə o, razı olmamış, ancaq bundan bir neçə gün sonra həmkəndlisi Fərman Bayramov cavabdehlə birlikdə onun yanına gəlmişlər. Fərman Bayramov şifahi olaraq zamin durduğu üçün o, cavabdehə toxum və digər avadanlıqlar vermişdir. Lakin həmin məhsul yığımından sonra cavabdeh hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə telefon vastəsi ilə cavabdehdən borcunu ödəməyi xahiş və tələb etmiş, lakin cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabdehin dostu Nazim Bayramov 2024-cü ilin mart ayında Nazimlə Elmidarı hədələdiyi ilə bağlı onun barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən cavabdeh iddiada göstərildiyi məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Ancaq yenə də borcunu ödəməmişdir. Ona görə də cavabdehdən borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Həmçinin cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X8, X3 və sonradan yaranmış mübahisənin şahidi olmuş çox saylı şahidlər təsdiq edə bilərlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, onun iddiaçıya olan 9.661 manat borcdan 7.500 manatını Ağcabədi rayonu Ş.Təzəkənd kəndində yerləşən və iddiaçıya məxsus olan mağazada satıcı işləyən X5 vermişdir. Qalan 2.161 manat məbləğində borcu isə, onun şəriki X4 ödəməlidir. Belə ki, X2 ona borcu olduğundan, həmin məbləği İddiaçı özü ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə olunan “whats app” vasitəsi ilə yazılan yazışmalar həqiqətən də onunla iddiaçı arasında aparılmışdır. Lakin, qeyd edilən yazışmalar 2023-cü ilin sentyabr ayında olmuş, həmin yazışmalardan sonra, təxminən qış aylarında 9.661 manat borcdan 7.500 manatını mağazada satıcı işləyən X5 ödəmişdir. Belə ki, onun iddiaçıya hər hansı bir borcu qalmamışdır. Odur ki, iddia əsassızdır. Buna görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X4 və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, X4 onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə Nazim ondan 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətiərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini Cavabdeh tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020-2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini X4 ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1.000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9.000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heçnə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb, satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olan 9.000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq, Elmidara zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9.000 manatdan çox borcu vardır və Nazimin isə 22.000 manat borcu vardır. Göstərilən qərardan eyni zamanda görünür ki, X4 araşdırma zamanı izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə soğan əkən zaman ondan təxminən 22.000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023cü tarixində Cavabdeh ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023-cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır. Qeyd edilən qərardan həmçinin görünür ki, X8 araşdırma zamanı izahatında göstərmişdir ki, xeyli müdətdir, İddiaçı Ağcabədi rayonu Ş.Təzəkənd kənd ərazisində yerləşən təsərrüfat və bitkiçiliyə aid mallar satılan mağazasında işçi işləyir. Cavabdeh adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9.661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Həmin qərardan eyni zamanda görünür ki, X6 araşdırma zamanı izahatında göstərmişdir ki, 2023-cü ildə X7 Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heçnə deməmişdirlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir. İş materiallarına əlavə edilən “nisyə dəftəri”ndən çıxarışdan görünür ki, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktub(ları)u göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı həm yeznəsidir, həm də o, iddiaçının Ağcabədi rayonu, Ş.Təzəkənd kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləmişdir. xx.xx.2016-ci il tarixdən uzun müddət onunla birlikdə işləmişdir. Hazırda “Omar atçılıq”da işləyir. Cavabdeh 2023-cü ildə müxtəlif vaxtlarda mağazadan 9.661 manat dəyərində nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Halbuki sezon sonunda pulu tam şəkildə ödəməli idi. Həmçinin, cavabdeh həmin borcdan ona 7.500 manat məbləğində ödəniş etməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya tam şəkildə ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün isə ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə 9.661 manat dəyərində malların (toxum, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, yuxarıda qeyd edildiyi kimi, bu xüsusatlar həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Belə olan halda, cavabdeh 9.661 manat dəyərində malların ona nisyə satılmasını etiraf etdiyindən iddiaçı iddia tələbinin bu halı sübut etmək yükündən azad olmuş, həmin borcun ödənilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə 9.661 manat borcun ödənilməməsi iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, cavabdeh tərəfindən 9.661 manat borcun iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlər isə ona dəlalət edir ki, cavabdeh nisyə götürdüyü malın dəyəri olan 9.661 manatı iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan nisyə mal (malın dəyəri olan qalıq borc 9.661 manat məbləğində) almış və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıya nisyə götürdüyü malın dəyəri olan 9.661 manatı ödəməmişdir. Belə olan halda iddiaçı qeyd edilən məbləğin cavabdehdən öz xeyirlərinə tutulmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 117 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 9.661 manat məbləğində pul vəsaiti və 117 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1476/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1476/2025
02.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver