Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1492/2024 03.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə əlavə hesablanmış 2120,16 manat məbləğində borcun iddiaçının abonent hesabından (abonent kodu **********8) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və 35.2-ci maddəsinin birinci cümləsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatlardan görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1mə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilmədiyinə görə, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan iddiaçının seçməsinə görə aidiyyət halları aşkar edilmir. Belə ki, iddiaçı ilə cavabdeh təbii inhisar subyekti arasında elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış hazırki mübahisə üzrə münasibətlər istehlak münasibətləri hesab edilmədiyinə görə, həmin mübahisəyə dair iddianın Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsi mümkün deyildir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır.” Məhkəmə, onu da qeyd edir ki, iddia ərizəsinə elektrik enerjisindən istifadəyə dair müqavilə əlavə edilmədiyinə və bununla da müqavilənin icra yeri barədə məlumat əldə edilə bilinmədiyinə görə Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində nəzərdə tutulan əsasla iddiaçının iddia ərizəsini müqavilənin icra yerinə görə verməsi imkanı da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmçinin, yuxarıda ad çəkilən Plenum qərarının 24-cü bəndində qeyd olunmuşdur ki, “Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.” Beləliklə, məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, hazırki işin ərazi aidiyyətinin iddiaçının seçiminə görə müəyyən edilməsinə, eləcə də digər hallara (tərəflərin razılığı və ya müstəsna aidiyyət və s.) görə əsaslar olmadığına görə iş ərazi aidiyyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş ümumi qaydaya uyğun olaraq hüquqi şəxsin ünvanının olduğu yerə görə verilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın qiyməti 2120,16 manat təşkil etdiyinə görə, ödənilməsi tələb olunan rüsumun məbləği 41,2 manatdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu (iş üzrə iddia ərizəsinin verilməsi üçün 41,2 manat dövlət rüsumu) tutulur. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddia irəli sürdüyünü əsas tutaraq rüsum ödəməkdən azad olunduğunu qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırki tələbin predmeti iddiaçının şəxsi istehlak münasibətlərindən deyil, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ərizəsində ona məxsus olan sahibkarlıq obyektində elektrik enerjisindən istifadəyə görə əsassız olaraq əlavə borc hesablandığını qeyd edir. Buna görə də məhkəmə hesab edir ki, yaranmış mübahisə istehlakçı-istehsalçı münasibətlərindən yaranmış mübahisə kimi yox, iki sahibkarlıq subyekti arasında onların ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gələn mübahisə kimi qəbul edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilən anlayışa görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməmişdir. Bu hal isə iddia ərizəsinin geri qaytarılması üçün əsaslardan biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə əlavə olaraq digər bir pozuntuya hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənəd, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmaqla aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1492/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1492/2024
03.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver