Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1501/2025 03.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 59202 manat pul, 300 manat vəkil xərci tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 57700 manat pul, 300 manat vəkil xərci tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə yazılı iltizam yazaraq qarşlıqlı razılaşma əsasında avabdeh X3 xx.xx.2025-ci il tarixdə iddiaçıdan 64742 manat borc aldığını bildirməklə qaytaracağınıza söz vermişdir. Amma buna baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmişdir. Həmin 64742 manatı pretenziya qaydasında 3 gün müddətində qaytarılması cavabdeh X2 məxsus ********** saylı VÖEN-ə internet vergi portalından mənə məxsus ********** saylı VÖENdən təklif olunmuşdur. Borc qaytarılmadığı halda Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılacağı bildirilmişdir. Yenə də nəticəsi olmamışdır. 59202 manat tələbinə dair İddia ərizəsi və ona əlavə edilmiş sənədlər eyni qaydada cavabdeh X2 məxsus ********** saylı VÖEN-ə internet vergi portalından mənə məxsus ********** saylı VÖEN-dən göndərilmişdir. 300 manat vəkilə ödənilən də cavabdehdən tutularaq mənə ödənilməlidir. İddianın əsası xx.xx.2025-ci il tarixdə birgə imzaladığımız yazılı iltizam, 300 manat rüsum qəbzi, VÖEN-lər, Elektron qaydada göndərilmiş pretenziya və iddia ərizəsi və əlavə edilmiş sənədlərdir.
4. İddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə yazılı iltizam yazaraq qarşlıqlı razılaşma əsasında cavabdeh X3 xx.xx.2025-ci il tarixdə iddiaçıdan 64742 manat borc aldığını bildirməklə qaytaracağınıza söz vermişdir. Həmin 64742 manat puldan 5540 manat ilkin olaraq qaytarmışdır. Ona görə də, 59202 manat pul tələbinə dair iddia ərizəsi qaldırılmışdır. Bu müddət ərzində isə 1502 manat pul iddiaçıya qaytarılmışdır. Buna görə də tam olaraq bu günə cavabdeh X3 iddiaçıya 57700 manat borcludur
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O, məhkəmənin suallarına cavabında bildirdi ki, o və cavabdeh şərik iş görmək qərarına gəlmişlər. Cavabdeh gübrə və drəman satışı ilə məşğul olurdu. Cavabdeh ilə razılaşmışlar ki, pul qoyaraq gübrə və bitki dərmanların satışını həyata keçirsinlər. Həmin razılaşmaya görə malın alışı və satışını cavabdeh təşkil etməli və ona qoyduğu puldan əlavə qazancdan pay verməli idi. O, cavabdehə hissə-hissə olmaqla ümumilikdə 64742 manat pul vermişdir. Görüləcək işin nəticəsindən asılı olmayaraq, cavabdeh ondan aldığı pulu qaytarmalı idi. Cavabdeh borcun bir hissəsini qaytarmış, qalıq borc 57700 manat təşkil edir. İddia ərizəsinə əlavə etdikləri əlyazma 2025-ci ilin yanvar ayında yazılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri həmin əlyazmadan öncəki tarixlərə aiddir. Bundan başqa, onun cavabdehə verdiyi pullardan başqa yoldaşına məxsus bank kartından pullar çəkilmiş, daha sonra həmin pullar təkrar həmin kart hesabına köçürülmüşdür. Cavabdeh ona olan borcunu xx.xx.2025-ci il tarixədək qaytaracağını bildirsə də, bu günə kimi borcu qaytarmamışdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə və iddinın dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verdi. O, həmçinin bildirdi ki, tərəflər haqq-hesab etdikdən sonra borcun etirafı barədə hər iki tərəfin imzaladığı əlyazmanı tərtib etmişlər. Cavabdehin təqdim etdiyi qəbzlər cavabdehin borcun etirafına dair əlyazmanın tərtibindən öncəki tarixlərə təsadüf edir. Tərəflər bütün alacaq və verəcəkləri nəzərə alaraq qeyd olunan əlyazmanı tərtib etmişlər. İş materiallarına əlavə edilmiş cavabdehin Neftçala rayon prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatndan görünür ki, cavabdeh iddiaçıya 63 000 manat borcu olduğunu, bununla bağlı təxminən 2025-ci ilin yanvar ayının 27-28-də borc müqaviləsi bağladıqlarını bildirir. Göründüyü kimi cavabdeh ödəniş qəbzlərinin əlyazmanı imzaladığı tarixdən sonraki dövrə aid olduğunu bildirsə də, cavabdeh qəbzdə tarix qoyulmamasından sui-istifadə etmək niyyətindədir. Qeyd etdiklərini nəzərə alaraq, o, cavabdeh X1 57700 manat pul, 300 manat vəkil xərci tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən iştirak edə bilmədiyi üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
10. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
11. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, şəxsi biznesi olmuş, iddiaçı ilə birlikdə gübrə və dərman alıb satmaq qərarına gəlmişlər. Həmin işi o, idarə edəcəkdi və əldən edilmiş qazancdan iddiaçıya da pay verəcəkdi, eyni zamanda iddiaçıdan aldığı pulu da qaytarmalı idi. O, iddiaçıdan ayrı-ayrı vaxtlarda hissə hissə olmaqla, ümumilikdə 64742 manat məbləğində pul almış, lakin həmin məbləği tam olaraq qaytarmışdır. Qalıq 1502 amanatı məhkəmə icraatı dövründə ödəmişdir. İş materiallarında olan borcun etirafı barədə əlyazma onun etdiyi ödənişlərdən öncə yazılmışdır. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
12. “Elektron məhkəmə” informasiya sistemində olan İddiaçı barəsində məlumatlardan görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2020-ci il tarixdə VÖEN: ********** verilmişdir.
13. “Elektron məhkəmə” informasiya sistemində olan Cavabdeh barəsində məlumatlardan görünür ki, onun Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2021-ci il tarixdə VÖEN: ********** verilmişdir.
14. İş materiallarında olan Cavabdeh və İddiaçı tərəfindən imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı 64742 manat məbləğində borc aldığını və xx.xx.2025-ci il tarixinədək borcu qaytaracağını öz imzası ilə təsdiq etmişdir.
15. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Neftçala rayon Prokurorluğunun 28 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından və Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən qardaşı Əli Ələkbərovun fərdi sahibkarlıq etdiyi kiçik biznesdə satıcı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə həmkəndlisi İddiaçı ilə birlikdə gübrə və dərman bitkiləri alıb-satmaqla məşğul olmaq üçün iş qurmuşlar, şərik olmuşlar. Başlanğıcda Natiq və o, adam başına 6-7 min manat olmaqla pul qoymuşlar. Təxminən 2024-cü ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində haqq hesab etmişlər. Cüzi məbləğdə təxminən 1493 manat alıcılarda olan nisyə pulu qalmışdır. Biraz işlədikdən sonra Natiq nağd olaraq 2025-ci ilin yanvar ayında ona biznes üçün hissə-hissə 45 min manat vermişdir. O isə öz üzərinə düşən 45 min manat məbləğində pulu gübrə və dərman vasitələrini nisyə olaraq öz adına götürmüşdür. Birgə qazanclarından hərəsinin 20000 manat gəliri olmuşdur. Gübrə və bitki dərmanlarını "xxxx" MMC-dən almışlar. 20 yanvar 2025-ci ildən Natiq qazancla birlikdə ona çatacaq 63000 manat məbləğində olan pulu istəmişdir. Natiq bildirmişdir ki, pulu da götütüb şəriklikdən çıxacaq. O isə ona bildirmişdir ki, hal-hazırda həmin məbləğdə pul yoxdur. Satışın çoxu niysə borc olaraq edilmişdir. 63000 manat məbləğində Natiqə çatacaq pulu 05 fevral 2025-ci il tarixdə verəcək. Bununla bağlı təxminən yanvar ayının 27-28-i aralarında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə görə xx.xx.2025-cü il tarixdə onun tərəfindən 63000 manat məbləğində pul İddiaçı qaytarılacaq. 30 yanvar 2025-ci il tarixdə Natiq Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən dükanına gələrək 63000 manat məblğində olan borcu istəmişdir. Əsəbi halda onunla danışmışdır. Onu öldürməklə hədələmişdir. Həmin vaxt dükanda o və Natiqdən başqa heç kim olmamışdır. 31 yanvar 2025-ci il tarixdə tarixində o, dükanı açmamışdır. ancaq evdə olmuşdur.
16. İş materiallarına əlavə edimiş cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərin surətlərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3050 manat və 3150 manat, xx.xx.2025-ci tarixdə 3100 manat, xx.xx.2015-ci il tarixdə 440 manat+2000 manat, xx.xx.2024-cü il tarixdə 2450 manat, xx.xx.2025-ci il tarixdə 5050 manat, xx.xx.2025-ci il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 688 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 5000 manat + 5000 manat, xx.xx.2024-cü il tarixdə 5500 manat, xx.xx.2025-ci il tarixdə 3750 manat, 01.2025-ci il tarixdə (00562 nömrəli qəbz) 4000 manat, xx.xx.2025-ci il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 780 manat və xx.xx.2024-cü il tarixdə 1000 manat, olmaqla ümumilikdə 42258 manat pul köçürülmüşdür.
17. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
18. İş materiallarında olan 087248 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə Veteranı statusuna malikdir.
19. İş materiallarında olan hüquqi xidmət müqaviləsi və qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 300 manat ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. -6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 4.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -13-cü maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. -74.1-ci maddəsinə əsasən Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. -324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. -390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. -17.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:
9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Məhkəmə baxışının hədləri: - AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
25. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırkı kommersiya mübahisəsi, tərəflərin şərikli ticarət fəaliyyəti həyata keçirmək məqsədilə şifahi formada bağladıqları şəriklik müqaviləsindən irəli gələn hüquq münasibətlərindən yaranmışdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər gübrə və bitki dərmanların satışını həyata keçirmək üzrə şərikli ticarət fəaliyyəti barədə şifahi razılaşmışlar. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 64742 manat pul verilməsi və cavabdehin iddiaçıya 7042 manat qaytarması işin mübahisəsiz halını təşkil edir.
26. Məhkəmə işin müəyyən edilən hallarına əsasən qeyd edir ki, işin mübahisəli halını isə cavabdehin borcunu tam olaraq ödəməsi təşkil edir.
27. Məhkəmə hazırki mübahisəyə tətbiq edilməli maddi hüquq norması ilə əlaqədar qeyd edir ki, bu mübahisə tərəflərinin həqiqi mülki hüquq münasibətinin ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi yuxarıda sadalanan qanunvericilik aktı normalarının məzmunu ilə ziddiyyət təşkil etmir.
28. Göstərilən normaların tələblərindən irəli gəlməklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə qanunun analogiyası kimi MM-in təsərrüfat ortaqlıqları ilə bağlı qaydaları tənzimləyən normaları tətbiq olunmalıdır. MM-in 64.2-ci maddəsinə görə təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. O da nəzərə alınmalıdır ki, təsərrüfat ortaqlığını kommersiya təşkilatı kimi təsərrüfat cəmiyyətindən fərqləndirən əsas amillərdən biri də ortaqlıqlarda nizamnamə kapitalının deyil, məhz şərikli kapitalın formalaşdırılması mütləq şərtlərdən biridir (MM-in 70 və 73.2-ci maddələri).
29. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. MM-in 11.5-ci maddəsinə görə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Digər tərəfdən həmin Məcəllənin 11.1-ci maddəsində göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu onların mahiyyətinə zidd deyilsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bundan başqa MPM-in mülki işlərin həllində məhkəmələrin tətbiq etdiyi normativ hüquqi aktlara dair qaydaları əks etdirən 13-cü maddəsində birbaşa göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (MPM-in 13.4-cü maddəsi). Bir çox xarici yurisdiksiyalarda birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar.
30. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçıya olan borcunun ilkin olaraq 64742 manat təşkil etməsi tərəflərin iradə ifadəsi ilə müəyyən edildiyinə və bu, iddiaçı və cavabdeh tərəfindən mübahisə edilmədiyinə görə, məhkəmə hesab edir ki, həmin məbləğin iddiaçıya ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyidir. Belə olan halda, həmin məbləğin iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
31. İşin araşdırılan hallarından görünür ki, cavabdeh iddiaçıya olan borcun ödənildiyini bildirsə də, buna dair mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin borcun ödənilməsini təsdiq edən dəlillər olaraq məhkəməyə təqdim etdiyi ödəniş (köçürmə) qəbzlərinin, tərəflərin imzası ilə təsdiq edilmiş borcun etirafı barədə əlyazmadan öncəki tarixə aid olduğu, cavabdehin iddiaçıya ödəməli olduğu ödənişdən yayınmaq məqsədilə məhkəməyə işin hallarına tam olaraq uyğun olmayan izahat verdiyi müəyyən edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında borcun etirafına dair əlyazmada tərtib edildiyi tarix barədə qeyd olmamasından istifadə edərək, həmin əlyazmanın məhkəməyə təqdim etdiyi qəbzlərdəki tarixlərdən öncə tərtib edildiyini bildirmiş, lakin cavabdehin Neftçala rayon prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, iddiaçıya 63 000 manat borcu olduğunu, bununla bağlı təxminən 2025-ci ilin yanvar ayının 27-28-də borc müqaviləsi bağladıqlarını, həmin borc müqaviləsinə görə xx.xx.2025-cü il tarixdə onun tərəfindən 63000 manat məbləğində pulun İddiaçı qaytarılacağını bildirmişdir. İddiaçı də öz növbəsində cavabdehin göstərilən dəlilinə şifahi etiraz edərək, həmin qəbzlərin əlyazmadan öncəki tarixə aid olduğunu, cavabdehin 64742 manat puldan 5540 manat ilkin olaraq qaytardığını, ona görə də, məhkəmədə 59202 manat pul tələbinə dair iddia qaldırdıqlarını, məhkəmə icraatı dövründə isə iddiaçıya əlavə olaraq 1502 manat pulun qaytarıldığını, hazırda borcun 57700 manat təşkil etdiyini bildirmişdir.
32. Qeyd olunanları və AR MPM-nin 77.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmiş, lakin cavabdeh etirazının əsaslarını təşkil edən halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 57700 manat məbləğində pulu tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri:
34. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iş üzrə iddiaçı müharibə veteranı olduğuna görə məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, 263,1 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. Məhkəmə vəkilə hüquqi xidmətə görə çəkilmiş 300 manat xərci ağlabatan hesab edir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində pul və 300 (üç yüz) manat vəkilə hüquqi yardıma görə çəkilən xərc tutularaq İddiaçı ödənilsin. Cavabdeh 263,1 (iki yüz altmış üç manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev