Məhkəmə qərarları › İş №e-2-2(121)-1502/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1502/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1502/2020 10.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Ulduz-C X4” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Ulduz-C X4” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı cavabdeh Ulduz-C X4” MMC-dən 45.833 manat əsas borcun, 800 manat faiz borcu olmaqla, ümumilikdə 46.633 manat kredit borcunun və ödənilnilmiş dövlət rüsumunun tutularaq “X3” MMC-yə ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılmasından əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1r. Hazırki iddia ərizəsi elektron qaydada Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 tərəfindən Nümayəndə verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə mövcud olsa da, Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin dairəsinə aid olduğuna dair müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından və əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi və həmin sənədlərin cavabdeh tərəfindən alınması, o cümlədən cavabdeh “Ulduz-C X4” MMC ilə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsinin cavabdeh “Ulduz-C X4” MMC tərəfindən alınmasına və iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarından olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Ulduz-C X4” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar