Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1510/2021 26.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (VÖEN: **********) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin fəaliyyəti ilə əlaqədar olaraq Cavabdeh yük tərəzilərinin alqı-satqısı, təmiri ilə məşğul olan şəxs kimi tanımışlar. Təxminən 2020-ci ilin noyabr ayında İlqara zəng vuraraq tərəzi sifariş etmək istədiyini bildirmiş, bundan sonra İlham (X3) və İlqar adlı şəxlər ona Abşeron rayonu, Saray qəsəbəsində tərəzilərin olduğunu və 10.000 manata satdıqlarını bildirmişlər. Həmin yerə onlarla birlikdə gedərək, tərəzini almaq istədiyini bildirmişdir. İlqar tərəzini nağd qiymətə satdığı barədə ona məlumat vermişdir. Lakin İlqarla bir az söhbət etdikdən sonra ona İlhamın yanında 5.000 manat pul vermişdir. İlqar ertəsi gün tərəzini götürə biləcəyini bildirmişdir. Bir müddət keçəndən sonra İlqar mənə ona vəd etdiyi tərəzini vermədiyi üçün aldadıldığını başa düşmüş və dərhal DİN-nin “102” xidmətinə zəng vuraraq şikayət etmişdir. Abşeron RPİ-nə ərizə ilə də müraciət edərək məlumat vermişdir. Lakin Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Maarif Abbasovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.03.2021-ci il tarixli Qərarına əsasən Nümayəndə1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nümayəndə1 Cavabdeh qarşı irəli sürdüyü tələblə mövcud mübahisənin həlli üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan əlavə, qeyd olunan iş üzrə istintaq orqanında araşdırma aparılan müddətdə Cavabdeh qaçıb gizləndiyi üçün yeri müəyyən edilməmiş və izahatı alınmamışdır. Cavabdeh etibardan sui-istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “iş birliyi” adı altında iddiaçının vəzifəli şəxslərini inandırmaq üçün yalandan uzun müddət bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib, ödəniləcək pulun müqabilində tərəzinin verilməsinə dair yalan vəd verməklə inamını və etibarını qazanmış, bu məqsədlə ümumilikdə 5.000 (beş min) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2020-ci il tarixli kassa məxaric orderlərinin surətindən görünür ki, Cavabdeh 4.000 manat məbləğində pul vəsaitini İddiaçı MMC-dən almışdır. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Maarif Abbasov tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Nümayəndə1 2020-ci ilin noyabr ayında tanışı Cavabdeh tərəzi sifariş etmək adı ilə 3 dəfəyə, ümumilikdə 5.000 manat pul verməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Lakin sonrada aralarında sonuncu ilə razılaşmaları alınmadığı üçün pulu geri tələb etməsi üstündə mübahisələri yaranmışdır. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehin şifahi alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-dən 5.000 manat məbləğində pul vəsaitini alması və malları iddiaçıya təhvil verməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında şifahi alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 5.000 manat pul vəsaitini cavabdehə təhvil verməyi, cavabdeh isə həmin məbləğ dəyərində tərəziləri iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 5.000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında şifahi alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malların dəyərinə uyğun pul vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malları iddiaçıya satmağa dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan müqavilə üzrə pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin həmin malları iddiacıya satmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 5.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması iş materialları, Abşeron RPİ-nin TŞ-də təhqiqat araşdırması zamanı X1 və X2 verdiyi izahatlar ilə də müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçının cavabdehə 5.000 manat məbləğində pulun verilməsini təkzib edən, o cümlədən şifahi müqavilədə nəzərdə tutulan malların iddiaçıya göndərilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi iddiaçı tərəfindən tələb edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1510/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1510/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver