Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1536/2024 05.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və cavabdeh X2 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X2 İdarəsinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02 saylı müqavilə üzrə 24426 manat məbləğində pulun və 164 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus AZ 10L193 dövlət nömrə nişanlı, Buldozer T-170 markalı texnikanı cavabdehə icarəyə vermişdir. İddiaçıya məxsus texnika 2023-cü ilin iyun, iyul, avqust aylarında cavabdehin icarəsində olmuşdur. İddiaçıya ümumilikdə 24426 manat icarə haqqı ödənilməli idi. Lakin qeyd edilən məbləğ bu günə qədər ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı olaraq müraciət edilsə də, müraciətlər cavabsız qalmışdır. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdehndən 20226 manat məbləğində borcun və 164 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilən iclasında iş üzrə Cavabdeh onun hüquqi varisi X2 İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh X2 İdarəsinin rəisi X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli iddia ərizəsinə qarşı etirazda Cavabdeh, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə X2 İdarəsinə birləşdirildiyi, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında texnikanın icarəyə verilməsi barədə müqavilə bağlandığı, müqaviləyə əsasən iddiaçıya ƏDV ilə birlikdə 24426 manat məbləğində pul ödənilməli olduğunu, lakin iddiaçı tərəfindən işin görülməsini təsdiq edən Forma-2, hesab faktura və elektron qaimə təqdim edilmədiyinə görə vəsaitin ödənilməsinin mümkün olmadığı, buna baxmayaraq Cavabdeh rəisi X1 öz əmək haqqından və şəxsi təsərrüfatından əldə etdiyi vəsaitdən iddiaçının atası Əmirov Damədin kart hesabına ödəniş terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat olmaqla, ümumilikdə 4200 manat pul vəsaiti köçürüldüyü bildirilmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh X2 İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X2 İdarəsi xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02 nömrəli “Texnikanın icarə müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, İcarəyəverən qanuni əsaslarla özünə məxsus olan, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən texnikanı icarəyə verir, İcarəçi isə həmin əsas vəsaiti xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. 3.1-ci bəndinə əsasən, İcarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış texnikalara görə əlavədə qeyd olunmuş cədvələ əsasən, aylıq tərtib olunmuş akt əsasında icarə haqqını ödəyir. 3.3-cü bəndinə əsasən, tərəflər arasında bütün hesablaşmalar müəyyən olunmuş bank ödəmələri qaydası əsasında həyata keçirilir. 4.1-ci bəndinə əsasən, bu müqavilə 1 il müddətinə bağlanır. Tərəflərdən heç biri müqaviləyə xitam verilməsi haqqında yazılı bildiriş təqdim etmədiyi halda müqavilə növbəti 1 il üçün uzadılmış hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, icarəyə verilən Buldozer T-170 markalı texnikanın aylıq icarə haqqı məbləği ƏDV ilə birlikdə 8142 manat olaraq razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Aslanovun xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur vahidləri üzrə idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması tədbirləri barədə” xx.xx.2024-cü il tarixli əmri ilə Cavabdeh X2 İdarəsinə (Neftçala SSİ hüquqi varis elan olunmaqla) birləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında ləğv edilmiş Cavabdeh rəisi vəzifəsində işlədiyini, İddiaçı ilə rəhbərlik etdiyi İdarənin xx.xx.2023-cü il tarixdə texnikanın icarəsinə dair müqavilə bağladıqlarını, həmin tarixdən texnikanı təhvil aldıqlarını, iddiaçı ilə razılaşmalarına əsasən texnikanın istifadəsinə görə gündəlik 230 manat olmaqla aylıq 6900 manat məbləğində icarə haqqı ödəmələrinə dair öhdəlik götürdüklərini, texnikadan 3 ay müddətində istifadə etdiklərini, tərəflərindən cəmi 4200 manat ödəniş edildiyini, İdarənin vergi borcu olduğuna görə bank hesabına sərəncam qoyulduğu üçün qalan məbləği ödəyə bilmədiklərini bildirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara, şahid ifadəsinə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən onun istifadəsində olan texnikanın cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü texnikadan istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2023-cü il tarixli, 02 nömrəli “Texnikanın icarə müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən işin görülməsini təsdiq edən sənədlər (Forma-2, hesab faktura və elektron qaimə) təqdim edilmədiyinə görə vəsaitin ödənilməsinin mümkün olmadığı bildirirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında texnikanın icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən aylıq ƏDV daxil 8142 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, texnikanın 3 ay müddətində cavabdehin sahibliyində və istifadəsində olduğu, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə iddiaçıya cəmi 4200 manat məbləğində icarə haqqı məbləği ödənildiyi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki. Cavabdeh hüquqi varisi X2 İdarəsinin nümayəndəsi iddianı qəbul etməyərək iddiaçı tərəfindən işin görülməsini təsdiq edən sənədlərin təqdim edilmədiyini, bununla yanaşı təhvil-təslim sənədlərində Cavabdeh sözügedən icarə müqaviləsi üzrə borcunun olduğunun müəyyən edilmədiyini bildirir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı tərəflərin gətirdikləri dəlillərə qiymət verərək hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, cavabdeh tərəfindən icarə obyekti olan texnikanı müqavilə bağlandıqdan sonra Cavabdehnə təhvil verilməsi işin mübahisəsiz halıdır və bu xüsusat müqavilə tərəfi olan ləğv edilmiş İdarənin rəisi vəzifəsində işləmiş X1 şahid ifadəsi ilə tam təsdiq olunduğu kimi, İdarənin hüquqi varisi olan hazırki cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna görə də cavabdehin birinci dəlili tamamilə əsassızdır və ümumiyyətlə iddiaçı tərəfindən hansı sənədlərin təqdim edilməsinin zəruri olduğu aydın deyildir. Cavabdehin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, ləğv edilmiş İdarənin təhviltəslim sənədlərində icarə müqaviləsi üzrə borcun qeyd edilməməsi, iddiaçının yarandığı mübahisə predmeti olmayan icarə münasibətləri üzrə cavabdehə qarşı tələbinin mövcud olmamasına səbəb ola bilməz. İşdə olan sənədlər ləğv edilmiş İdarə ilə iddiaçı arasında icarə hüquq münasibətlərinin mövcud olmasını tam təsdiq edir. Buna görə də, ləğv edilmiş İdarə ilə hüquqi varis arasında aparılan təhvil-təslim işlərinə dair sənədlərdə icarə haqqı borcunun qeyd edilməməsi faktı iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun yaranıb-yaranmamasına heç bir hüquqi təsiri ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh X2 İdarəsi icarə münasibətlərinin tərəfi olmuş ləğv edilmiş Cavabdeh hüquqi varisi olduğuna görə, universal hüquq varisliyi qaydasında onun bütün öhdəliklərinə görə, o cümlədən baxılan iş üzrə iddiaçı ilə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərə görə cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 57.1-ci maddəsinə əsasən, təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 58.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 58.2-ci maddəsinə sasən, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan texnikanı cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh texnikanı təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi ödənilməmiş icarə haqqı tələbinə münasibətdə tam təmin edilməlidir. Məhkəmə, ödənilməli olan icarə haqqının məbləği ilə bağlı qeyd edir ki, tərəflərin razılaşmasına əsasən aylıq icarə haqqının ƏDV daxil 8142 manat təşkil etməsi, icarə obyekti olan texnikanın 3 ay cavabdehin sahibliyində və istifadəsində olması, cavabdeh tərəfindən cəmi 4200 manat məbləğində icarə haqqı borcundan ödənilməsi mötəbər dəlillərlə tam sübut olunmuşdur. Belə olan halda sadə riyazi hesablama ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ödəniləcək icarə haqqı borcunun məbləği 20226 manat təşkil edir (8142 manat X 3 ay – 4200 manat = 20226 manat). Məhkəmə həmçinin hesab edir ki, iddia təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 164 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 İdarəsinə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh X2 İdarəsindən 20226 manat məbləğində borc və ödənilmiş 164 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20390 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1536/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1536/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver