Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1557/2024 17.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçılar İddiaçı MMC-nin və X2 Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı MMC və və X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə və X3 vurulmuş maddi ziyana görə 15.050 manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat manatın və iddianın verilməsi üçün ödənilmiş 145 manat dövlət rüsumunun cəmi 15.545 (on beş min beş yüz qırx beş manat) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti tərəfindən Xırdalan şəhərində 08 mərtəbəli “İQDİR RESİDENCE” yaşayış kompleksi inşa edilmişdir. Yaşayış kompleksinə qaz xəttinin çəkilməsi və sayğacların quraşdırılmasının təşkili üçün Cavabdeh şirkət xəzinəsindən 43605 Manat pul verilmişdir. Belə ki, Cavabdeh həmin məbləğdən əksik məbləğdə avadanlıq almış və şirkətin direktoruna təhvil vermiş və gördüyü iş qüsurlu olmuşdur. Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmiş və aparılan araşdırmalar nəticəsində qaz xəttinin çəkilməsi üçün avadanlıqları əksik alması müəyyən olunmuşdur. Bu zaman Cavabdeh tərəfindən “KAPİTAL BANK”ın saxta ödəniş qəbzlərini təqdim etmişdir. Məsələ ilə bağlı İddiaçı Okuklu Yılmaz tərəfindən 2022-ci ilin iyul ayında Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir. Bu zaman Cavabdeh verdiyi izahatda yalnız İddiaçı MMC-NİN təsisçisi olan Yılmaz Okuklu tərəfindən həmin binaya qaz xəttinin çəkilməsi üçün Cavabdeh müraciət edilməsi, onlar arasında şifahi podrat müqaviləsi bağlanılması və bu razılaşmaya əsasən, Yılmaz Okuklu tərəfindən Cavabdeh 15050 manat məbləğində pul ödənildiyini onun isə işi qüsurlu yerinə yetirdiyini etiraf etmişdir. O, həmçinin, 17 mənzilə sayğacların quraşdırılmasının qaldığını və həmin sayğacları da quraşdırıb başa çatdıracağını da qeyd etmişdir. Lakin, bugünə qədər cavabdeh tərəfindən qaz xətlərinin çəkilməsi və mənzillərə sayğacların quraşdırılması üçün heç bir hərəkət icra edilməmiş, iddiaçıdan alınmış pulməbləği də geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasınını iştirakları olmadan baxılıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X5 30 may 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, X1 olduğu İddiaçı MMC-nin əmlakının talanması faktı üzrə aparılmış araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi müəyyən olunmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. - Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması, 3 gün müddətinə ödənilməsi və əks halda məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı şirkəti tərəfindən Xırdalan şəhərində 08 mərtəbəli “İQDİR RESİDENCE” yaşayış kompleksi inşa edilmişdir. Yaşayış kompleksinə qaz xəttinin çəkilməsi və sayğacların quraşdırılmasının təşkili üçün Cavabdeh şirkət xəzinəsindən 43.605 manat pul verilmişdir. Nəticədə cavabdeh həmin məbləğdən əksik məbləğdə avadanlıq alaraq şirkətin direktoruna təhvil vermiş və gördüyü iş qüsurlu olmuşdur. Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmiş və aparılan araşdırmalar nəticəsində qaz xəttinin çəkilməsi üçün avadanlıqların əksik olması və Cavabdeh İddiaçı MMC-yə və X3 15.050 manat borcunun müəyyən olunmuşdur. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin İstintaq şöbəsinin araşdırması zamanı cavabdehin verdiyi izahatı ilə də öz təsdiqini tapır. Göründüyü kimi iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməmiş və nəticədə 15.050 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından şikayətin verildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbi ondan ibarətdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin sözügedən qərarı cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Göründüyü kimi, cavabdehin 15.050 manat borcunun olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə əsaslıdır. Buna görə də, iddia 15.050 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Bundan başqa, cavabdeh tərəfindən borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin vəkilə ödənilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.1-ci maddəsinə görə məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.050 manat məbləğində əsas borc və 142,16 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 15.192,16 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçınə və X3 müştərək qaydada ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.050 manat məbləğində əsas borc və 142,16 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 15.192,16 (bir on beş min yüz doxsan iki manat, on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçınə və X3 müştərək qaydada ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1557/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1557/2024
17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver