Məhkəmə qərarları › İş №e-2-2(121)-1563/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1563/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1563/2023 16.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – 683,76 manat əsas, 660,32 manat faiz, 1780,94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94,14 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış 249/14 (Hesab nömrəsi: 13145) nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Təsərrüfatın genişləndirilməsi” məqsədi ilə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3800 USD məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-249/14 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında, borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə 02 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Həmin əlavə sazişlər üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 1986,74 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 36 ay olmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizə ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, borcunun güzəştlə bağlanılmasına köməklik edilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının 254 saylı, xx.xx.2023-cü il tarixli protokolu ilə LPO İddiaçı ASC-nin müştərisi Cavabdeh2 xx.xx.2017-ci il tarixində bağlanmış biznes kredit müqaviləsi (İD70012237-4) üzrə 1600 manat məbləğinin 30 iş günü müddətində ödənilməsinin təmin edilməsi (2.1-ci bənd), bu məsələ üzrə 2.1-ci bəndin icrası təmin olunduqdan sonra BƏS-də olan qalıq borc məbləğinə güzəşt tətbiq edilərək balansdan və BƏS-dən silinməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödəniş etmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “kredit borcu” tələbinə dair mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞC/1/00695 nömrəli, xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3219,16 manat təşkil edir. Bundan 683,76 manat əsas, 660,32 manat faiz, 1780,94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 94,14 manat faiz borcu təşkil edir. Cavabdeh(lər)in Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etiraz(lar)ı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 249/14Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 32 faiz ödəmək şərti ilə 18 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Dəmirbank” ASC ilə Cavabdeh2 arasında 249/14Bank saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 13145 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 13145 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə edilmiş 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 KM040T04170009S01 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 683,76 manat məbləğində əsas, 660,32 manat məbləğində faiz, 1780,94 manat məbləğində cərimə olmaqla, 94,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, cəmi 3219,16 manat məbləğində kredit borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 1780,94 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1780,94 manat məbləğində deyil, 178 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə iddianın “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2020-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti borcalanla Bank arasında bağlanmış kredit müqaviləsində dəqiq şəkildə göstərilmişdir. Bankın öhdəliyin icrası müddətinin sonradan uzadıldığı barədə dəlilləri də iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas vermir. Əlavə sazişlə də kredit müqaviləsi üzrə öhdəliyin son müddəti xx.xx.2020-ci il tarixədək uzadıldığı halda da Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş zaminin öhdəliyinə xitam verilməsi müddətləri keçmiş olur. Beləliklə, bank zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün Cavabdeh1 zaminliyinə qanuna əsasən xitam verilmişdir. Bu baxımdan sonuncu hazırkı tələb üzrə bank qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 55 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 52,19 manat dövlət rüsumunun 36,16 manatı (yəni, 1616,22 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 683,76 manat məbləğində əsas borc, 660,32 manat məbləğində faiz, 178 manat məbləğində cərimə, 94,14 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 1616,22 manat məbləğində kredit borcu və 55 manat məbləğində mediasiya xərci Cavabdeh2 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh1 münasibətdə təmin edilməsin. 36,16 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar