Məhkəmə qərarları › İş №e-2-2(121)-16/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-16/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-16/2023 15.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı – cavabdehlərdən DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 61,000 (altmış bir min) manat əsas borc, 8,676.97 (səkkiz min altı yüz yetmiş altı manat doxsan yeddi qəpik) manat faiz borcu, 1,378.25 (bir min üç yüz yütmiş səkkiz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 71,055.21 (yetmiş bir min əlli beş manat iyirmi bir qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra Bank) ilə Cavabdeh2 MMC (bundan sonra Borcalan) arasında xx.xx.2020-ci il tarixli DCS00022854- 01 nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “30” sentyabr 2020-ci il tarixli ZM-185/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 61,000 (altmış bir min) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DCS00022854-01 saylı kedit müqavilə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, DGS**********03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, nəticədə DCS00022854-01 saylı müqavilə üzrə 302 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalanlara xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası’’nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq Bank tərəfindən AR X2 müraciət edilmiş, və SİF tərəfindən Fondun adından və onun xeyrinə tələb hüquqları “PAŞA Bank" ASC-yə həvalə edilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 61,000 (altmış bir min) manat əsas borc, 8,676.97 (səkkiz min altı yüz yetmiş altı manat doxsan yeddi qəpik) manat faiz borcu, 1,378.25 (bir min üç yüz yütmiş səkkiz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 71,055.21 (yetmiş bir min əlli beş manat iyirmi bir qəpik) manat təşkil edir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 61.000 manat əsas borc, 3.159,78 manat faiz borcu, 27,45 manat cərimə borcu olmaqla, cəmi 64.187,23 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya dair yazılı etiraz verərək cavabdeh tərəfindən 10.000 manat ödəniş edildiyini və buna müvafiq olaraq da İddiaçı ASC-nin iddiasının 51.000 manat hissədə qəbul etdiyini bildirərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iddiaya şifahi qaydada etiraz edərək iddiaçı tərəfindən hesablanmış 6.036,75 manat subsidiya ödənişinin Cavabdeh2 tərəfindən ödənildiyini qeyd edərək həmin ödənişin əsas borcdan silinməli olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 MMC-yə illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 61.000 (altmış bir min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, DGS**********03 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bankla borcalan arasında oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMCnin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 61.000 manat əsas borc, 3.159,78 manat faiz borcu, 27 manat cərimə borcu olmaqla, cəmi 64.187,23 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 400 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2023-cü il tarixli, 9/5827 saylı ekspert rəyində qeyd olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 61.000 manat, faiz borcu üzrə 3.159,78 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2023-cü il tarixli, 9/5827 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 22 oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı müqavilədə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 61.000 manat əsas, 3.159,78 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcun tutulması hissəsində iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsindən görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin kredit və zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tələb etməkdə haqlıdır. Buna görə də iddianın 22 oktyabr 2020-ci il tarixli, DCS00022854- 01 saylı kredit müqaviləsi üzrə 61.000 manat əsas, 3.159,78 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın “22 oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 27,45 manat cərimənin ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 22 oktyabr 2020-ci il tarixli, DCS00022854-01 saylı kredit müqaviləsi üzrə 5 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, cavabdehlərin nümayəndəsi və vəkilinin yazılı etirazına münasibət bildirərək qeyd edir ki, həm iş materialları, həm də Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2023-cü il tarixli, 9/5827 saylı saylı ekspert rəyi ilə də müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixədək 11.693,21 manat məbləğində ödəniş aparılmış və həmin məbləğ faiz borcuna silinmişdir. Bundan əlavə, cavabdehlərin nümayəndəsi və vəkilinin iddiaçı tərəfindən hesablanmış 6.036,75 manat subsidiya ödənişinin Cavabdeh2 tərəfindən ödənildiyi və həmin ödənişin əsas borcdan silinməli olması ilə bağlı məhkəmə iclasında verdiyi şifahi etirazına münasibət bildirərək qeyd edir ki, etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən verilmiş şifahi etiraz qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə təqdim edilmədiyindən həmin etiraza münasibət bildirilə bilməz. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərcinin əvəzi olaraq 200 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 61.000 manat məbləğində əsas borc, 3.159,78 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 64.364,78 (altmış dörd min üç yüz altmış dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar