Məhkəmə qərarları › İş №e-2-2(121)-1623/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1623/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1623/2022 04.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 055R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 055R********** saylı krеdit razılaşması üzrə 3254 manat məbləğində krеdit bоrcu, 371.21 manat məbləğində faiz bоrcu və 595.47 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4220,68 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2.21 manat məbləğində dövlət rüsumunun və 60 manat mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 055L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100.000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh2Adil oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 055R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 246 manat ödəmiş, onun 3254 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 183 gün üçün hesablanmış faiz borcu 371.21 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmək səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 055L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə, 100.000 manat məbləğində krеdit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 055L**********77 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli, 055R********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədindən görünür ki, 3.500 manat məbləğində kredit vəsaiti Cavabdeh2 müvafiq bank hesabına köçürülmüşdür. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 055S**********01 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışlar. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 3.254 manat məbləğində əsas borc, 371,21 manat məbləğində faiz borcu, 595,47 manat məbləğində cərimə borcu, cəmi 4.220,68 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 25 aprel 2022-ci il tarixli, 2022/17043 nömrəli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən 2.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi kredit razılaşmasının ləğv edilməsi və kredit borcunun qaytarılması, 2.21 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin tutulması olmaqla 4 (dörd) hissədən ibarətdir. Məhkəmə, ilk öncə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi tələbini cavabdehlərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 595,47 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 60 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, eyni zamanda cavabdeh (zamin) Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 digər cavabdehə kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Cavabdeh2 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “60 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək cavabdehlərdən müştərək qaydada 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 2,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən ödənilən dövlət rüsumu iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 2,21 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 055R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3.254 manat məbləğində əsas borc, 371,21 manat məbləğində faiz borcu, 60 manat məbləğində cərimə borcu, 2,21 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 3.747,42 (üç min yeddi yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində borc müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar