Məhkəmə qərarları › İş №e-2-2(121)-163/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-163/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-163/2023 26.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - 768.65 (yeddi yüz altmış səkkiz dollar, 65 sent) ABŞ dolları əsas, 275.12 (iki yüz yetmiş beş dollar, 12 sent) ABŞ dolları faiz, 383.36 (üç yüz səksən üç dollar, 36 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 113.74 (yüz on üç dollar, 74 sent) ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə dövriyyə vəsaitinin artırılması və cari xərclərin ödənilməsi məqsədi ilə Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 21.5% dərəcəsi ilə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3367.72 (üç min üç yüz altmış yeddi dollar, 72 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2357.21 (iki min üç yüz əlli yeddi dollar, 21 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 03 saylı Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 1862.74 (bir min səkkiz yüz altmış iki dollar, 74 sent) ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞL-01033 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********123 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 100 (yüz) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1540.87 (bir min beş yüz qırx dollar, 87 sent) ABŞ dolları təşkil edir. Bundan 768.65 (yeddi yüz altmış səkkiz dollar, 65 sent) ABŞ dolları əsas, 275.12 (iki yüz yetmiş beş dollar, 12 sent) ABŞ dolları faiz, 383.36 (üç yüz səksən üç dollar, 36 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113.74 (yüz on üç dollar, 74 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh1 rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 dövriyyə vəsaitinin artırılması və cari xərclərin ödənilməsi məqsədilə 24 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 400007509/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və X1 ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdürlər. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 3367,72 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə” xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 2357,21 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2016-cı il tarixli 70048502-7 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 2357,21 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə” xx.xx.2016-cı il tarixli 70048502-7 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 3367,72 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 1862,74 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan “03 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 03 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığı 1862,74 ABŞ dolları təşkil edmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********345 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka 768,65 ABŞ dollarıəsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 275,12 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 383,36 ABŞ dolları, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 113,74 ABŞ dolları, ümumi borc 1.540,87 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞL-01033 nömrəli arayışın surətindən görünür ki, mediasiya prosesinin xərci olaraq 170 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kredit üzrə yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixdə başa çatmış, lakin iddiaçı yalnız xx.xx.2022-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə, iddia tələbinin 383,36 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 40 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunvericliyin yuxarıda qeyd olunan normasına əsasən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 768,65 ABŞ dolları əsas borc, 275,12 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 113,74 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.197,51 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar