Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-163/2025 06.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Sadiq X6” MMC-nə oğluna qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair sadələşmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1257.65 (bir min iki yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Sadiq” X6 arasında bağlanılmış xx.xx.2022ci il tarixli, 2481 nömrəli icarə müqaviləsinə əsasən Şirvan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 1969 kv.m. torpaq sahəsi “Sadiq” X2 icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2942/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixdə elektron ərizə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 2481 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 1845.07 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Sadiq X6” MMC-nin sədri Daməd Şəbiyev xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Sadiq X6” MMC-nə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia tələbinə dair 2-2(121)-2943/2024 saylı iş üzrə iddia ərizəsinə etiraz göndərilmişdir. Əsasları “Sadiq X6” MMC-nin iddiaçı ilə icarə müqaviləsi bağlamaması, icarə ilə bağlı öhdəliklərin əvvəlki hüquqi şəxsdən qəbul edilməsinə dair hər hansı sənədin olmaması, bununla bağlı iddiaçının hansısa sübüt təqdim edə bilməməsi, Cəmiyyətin fəaliyyətinin dayandırılması və sair olmaqla xx.xx.2024cü il tarixli etirazda bu barədə ətraflı qeyd edilmişdir. Əlavə olaraq qeyd edilir ki. icarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin 1969 kv.metr olması qeyd edilsə də, bununla bağlı xx.xx.2023-cü il tarixli. **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışda torpaq sahəsi 392 kv.metr, xx.xx.2023-cü il tarixli. **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışda isə torpaq sahəsi 662 kv.metr göstərilməklə, cəmi 1054 kv.metr torpaqla bağlı hüquqların yüklü edilməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar. habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin tələbinə əsasən cəmi 1054 kv.metr torpaqla bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından icarəçinin yalnız həmin torpaqdan istifadə hüququ olmuşdur. İcarə müqaviləsində göstərilmiş və qeydə alınmamış 915 kv.metr torpaq sahəsi isə ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası və kanal ərazisi olduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq və həmin ərazi icarəyə verilə bilmədiyi halda, müqavilədə artıq yazılmış ərazi ilə bağlı düzgün olmayaraq icarə haqqı hesablanmışdır. Bundan başqa tərəflər arasında icarə müqaviləsi bağlansa da. nəinki müqavilədə nəzərdə tutulmuş 1969 kv.metr ərazi, heç daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış cəmi 1054 kv.metr ərazi də icarəçiyə təhvil verilməmiş, bununla bağlı hansısa akt tərtib edilməmişdir. Həm əvvəlki, həm də hazırkı etirazda qeyd edildiyi kimi icarə müqaviləsinin Cəmiyyətlə bağlanmamasına və X2 icarə öhdəliklərinin Cəmiyyətə ötürülməsinə dair hər hansı sənədin olmamasına baxmayaraq icarədarın tələbi ilə fəaliyyəti dayandırılmış Cəmiyyətin adından onun təsisçisi kimi 1000 manatdan artıq vəsait ödəmişdir. Bu iddia tələbindən də görünür. iki illik icarə haqqı 2360 manat təşkil etdiyi halda, 1257 manat tələb edilir. Bu isə 1103 manatın ödənilməsini göstərir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən isə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (İştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qanunvericiliyin tələbinə əsasən təsisçi kimi Cəmiyyətin öhdəliyi üçün məsuliyyət daşımadığı halda fəaliyyəti dayanmış Cəmiyyətin adından icarədarın tələbi ilə icarə haqqını şəxsi vəsaitindən ödəməli olmuşdur. İcarə müqaviləsində qeydə alınmış ərazidən 2 dəfə artıq sahənin yazılmasını, elektrik xəttinin mühafizə zonası və kanalın ərazisi olduğuna görə qeydə alınmayan həmin ərazini çıxanda, ödədiyi icarə haqqının icarə müqaviləsinin qeydə alınmış ərazisinə mütənasib olması nəzərə alınsa icarədara hər hansı borc qalmamışdır. Bu isə bir daha iddia tələbinin əsassız olmasını göstərir. Qeyd olunanları və xx.xx.2024-cü il tarixli etirazda göstərilmiş əsasları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Sadiq X6” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş X4 məxsus “Sadiq” fermer təsərrüfatının Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən torpaq sahəsinin “Planı”ndan görünür ki, sözügedən torpaq sahəsinin üzərindən 35 kV-luq yüksək gərginlikli elektrik xətti keçir və torpaq sahəsinin 915 m2 hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Sadiq” X6 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2481 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, İcarəyəverən tərəfindən icarəyə verilən Şirvan şəhəri, Heydər Əliyev prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1969 kv.m. torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 1180,08 manat, aylıq icarə 98,34 manatdır. 4.1 və 4.2-ci bəndlərinə əsasən, bu müqavilə üzrə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********45 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Heydər Əliyev prospekti 3A ünvanında yerləşən 0,0392 ha torpaq sahəsi üzərində icarə hüququ üzrə yüklülük xx.xx.2022 – xx.xx.2024-cü illər üzrə 2 il müddətinə “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********44 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Heydər Əliyev prospekti 3A ünvanında yerləşən 0,0662 ha torpaq sahəsi üzərində icarə hüququ üzrə yüklülük xx.xx.2022 – xx.xx.2024-cü illər üzrə 2 il müddətinə “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməli icarə haqqı borcu 1257,65 manat təşkil edir. İş materiallarında olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 1062,23 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində müəyyən edilir ki, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə götürülməsi nəticəsində yaranmış icarə haqqı borcunun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi haqqındadır və iddiaçının hazırki tələblə çıxış etməsi ilə bağlı subyektiv hüququ onun mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-706.3-cü maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 710-cu maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci, 9 və 10-cu abzaslarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olduğunu qeyd etməklə yanaşı hesab edir ki, iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında dövlət mülkiyyətində olan torpaq sahəsinin sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü torpaq sahəsinin əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları əmlak kirayəsi müqaviləsinə (icarəyə götürülən torpaq sahəsindən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu, bunun müqabilində icarə haqqı ödəmək vəzifəsini ehtiva edən) aid normalar olmaqla sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və müqaviləyə əsasən torpaqdan istifadəyə görə icarə haqqının aylıq 98,34 manat, illik 1180,08 manat olaraq razılaşdırılması, mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsi və torpaq sahəsinin 915 m2 hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşməsi, mübahisəli torpaq sahəsinin 1054 kv.metr hissəsinə dair cavabdehin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmənin müəyyən etdiyi işin mübahisəli halları belədir ki, iddiaçı icarə müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiyi üçün cavabdehin icarəyə götürdüyü torpaq sahəsinə görə ödənilməmiş 1845,07 manat borcunun qaldığını iddia edir. Cavabdeh isə “Sadiq X6” MMC-nin iddiaçı ilə icarə müqaviləsi bağlamadığını, icarə ilə bağlı öhdəliklərin əvvəlki hüquqi şəxsdən qəbul edilməsinə dair hər hansı sənədin olmadığını, qanunvericiliyin tələbinə əsasən cəmi 1054 kv.metr torpaqla bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından icarəçinin yalnız həmin torpaqdan istifadə hüququ olmasına baxmayaraq bütün ərazi üzrə icarə haqqı hesablandığını bildirir. Məhkəmə, işin mübahisəli hallarını tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri məqamları nəzərə almaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı icarə müqaviləsində 1969 kv.m. torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinin qeyd olunduğunu əsas tutaraq həmin sahəyə uyğun icarə haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehin icarə hüququ ilə müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin 915 m2 hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və bu səbəbə görə cavabdehin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində icarə müqaviləsində göstərilən ölçüdə deyil, 1054 kv.metr hissədə qeydə alınmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin: 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 708.1-ci maddəsinə əsasən, icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.3-cü maddəsinə əsasən, icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1, 3 və 4-cü hissələrinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Məhkəmə, sadalanan maddi hüquq normalarının təfsiri nəticəsində bu nəticəyə gəlir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və həmin müqavilənin əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Öz hüquqi təbiətinə görə icarə müqaviləsi konsensual, ikitərəfli və qarşılıqlı (sinallaqmatik) öhdəlik yaradan xarakterə malikdir. Belə ki, müqavilənin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtlərinə dair razılığa gəlinməsi kifayət edir. İcarə müqaviləsi onun iştirakçıları tərəfindən imzalandığı andan onlar üçün hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələrin həyata keçirilməsi isə müqavilənin icrası mərhələsini təşkil edir. İcarə müqaviləsinin qarşılıqlı xarakter daşımasının əsas nəticəsi odur ki, müqavilə üzrə tərəflərin bir-birlərinə qarşı həm hüquqları, həm də öhdəlikləri mövcud olur və bu öhdəliklərin icra edilməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilir. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi (öhdəliyi) icarə obyektini yararlı vəziyyətdə və tam şəkildə icarəçinin istifadəsinə verməkdən ibarətdir. İcarəyə verənin bu əsas vəzifəsini yerinə yetirməməsi Mülki Məcəllənin 677-ci maddəsində sadalanan nəticələrə səbəb olduğu kimi, icarəyə verəni icarəçidən icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan məhrum edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsinin əsas xarakterik xüsusiyyəti, bu hüququn müvafiq reyestrdə qeydiyyata alınmasının məcburiliyi və yalnız bu cür qeydiyyata alınmış hüquqların qorunmasının təminat altına alınmasından ibarətdir. Bu cür qeydiyyatın aparılmaması isə həmin torpaq sahələri üzərində hüquqların yaranmamasına səbəb olur. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi tərəflər arasında bağlanmış icarə müqaviləsində göstərilən ölçüdə cavabdehin faktiki istifadəsində olmadığı və həmin istifadədən kənar qalmış torpaq sahəsi üzərində icarə hüququ tamamilə qanuni və əsaslı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə, sözügedən torpaq sahəsinə dair icarə haqqının hesablanması və tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ölçüdə torpaq sahəsi üzərində icarə hüququna mütənasib məbləğdə təmin edilməlidir. Bu cür hesablama aparıldıqda isə cavabdehdən tutulacaq icarə haqqı məbləğinin 987,66 manat təşkil etməsi müəyyən olunur. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi cavabdehdən faktiki və hüquqi istifadəsində olan torpaq sahəsinin ölçüsünə uyğun icarə haqqının tutulmasına aid hissədə təmin edilməlidir. Məhkəmə, cavabdehin iddia tələbinin tamamilə rədd edilməsinə dair öz etirazının əsası kimi gətirdiyi dəlilə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi “Sadiq X6” Məhdud Məsuliyyətli Cəmiyyəti icarə müqaviləsinin tərəfi (iştirakçısı) olan “Sadiq” X2 hüquqi varisidir və buna görə də universal hüquq varisliyi prinsipinə əsasən, həmin hüquqi şəxsin bütün hüquq və vəzifələrinin də davamçısı kimi çıxış edir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, cavabdeh torpaq icarəsi müqaviləsi əsasında sahibkarlıq məqsədi ilə torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtında və tam şəkildə ödəməli olmasına dair öhdəliyin daşıyıcısı olduğundan, lakin öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün dövlət büdcəsinə borcu yarandığından, yığılmış icarə haqqının ödənilməsinə dair iddiaçının tələbi qanuni və əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla hazırki iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “Sadiq X6” MMC-dən 987,66 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdeh “Sadiq X6” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-163/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-163/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver