Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1645/2024 23.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36.790 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində icarə əsasında 1-ci zona, 5-ci sırada yerləşən 242-244 nömrəli mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Həmçinin, ticarət mərkəzində 2ci zona, 5-ci sırada yerləşən 138 nömrəli anbarı da icarǝyǝ götürmüş və orada tekstil mallarını saxlayır. Cavabdeh 2012-ci ildən tanıyır. 2018-ci ildə Cavabdeh onun işlətdiyi dükana gələrək parça alveri etməyə başladığını və ondan nisyə olaraq parça verməyini xahiş etmişdir. O da Ratifi tanıdığına görə ona müxtəlif vaxtlarda nisyə parça vermişdir. Ratif ondan aldığı malları satdıqdan sonra ona malın pulundan verərək yenidən nisyə mallar götürmüşdür. O Ratifə inandığından və ondan nisyə götürdüyü malların pullarını vaxtı-vaxtında verdiyinə görə əvvəlcə 20.000 manat dəyərində nisyə mal sonuncu dəfə isə 2023-cü ilin fevral ayında 16.790 manat dəyərində nisyə parça vermişdir. Dəfərlərlə Ratifdən ona olan 36.790 manat borcunu tələb etməsinə baxmayaraq Rafit müxtəlif bəhanələr edərək ona olan borcu ödəməkdən yayınmışdır. Ratif qalan malların pulunu ona ödəmədiyi üçün və onu aldadaraq pulları ələ keçirdiyini başa düşdüyünə görə məcbur olub 23 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Cəlilabad rayon Polis şöbəsində araşdıraraq Ratif ona olan 36790 manat borclu olduğunu etiraf etmişdir və Cəlilabad rayon Polis Şöbəsində işin mülki xarakter olduğunu ona izah edilmişdir. Bundan sonra o, məcbur qalaraq pul tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad RPİ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Şahin Abbasov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 2012-cı il tarixdən tanıdığını, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, həmişə normal münasibətlərinin olduğunu, 2012-cı ıl tarixdə Bakı şəhər Qaradağ rayonunda olan "Sədərək" bazarında araba sürərək ailəsini dolandırdığını, həmin vaxtı İddiaçı mərhum atasının "Sədərək" bazarında dükanın olduğunu, Emili də həmin dükanda görüb tanıdığını, sonradan parça alveri ilə məşğul olmağa başladığını, Emil də "Sədərək" bazarında olan dükanında parça alveri ilə məşğul olduğunu, 2018-ci ildən Emilin işlədiyi parça dükanından alver etməyə başladığını, həmin parçaları Emildən nisyə götürərək həmin parçaları satdıqdan sonra gətirib Emilin pulunu verdiyini, təxminən 1 il Emil ilə alver etdikdən sonra ziyana düşdüyünü və Emilə təxminən 20.000 manat borcunun yarandığının, həmin 20.000 manatı ödənilməsi ilə bağlı Emil ilə öz aralarında pulu olduqca Emilə geri ödəyəcəyinə razılaşdıqlarını, 2023-cü ilin fevral ayında isə iki dəfəyə yenidən 16.790 manat dəyərində Emildən parça götürdüyünü, həmin parçanı isə pərdə ilə dəyişdiyini, pərdəni isə sata bilmədiyi üçün Emilin borcunu ödəyə bilmədəyini, buna görə isə Emili hədələmədiyini, pulu olduqca Emilin pulunu geri ödəyəcəyini bildirmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 201 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında parça satışına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının özünə məxsus dükanı olmuş və cavabdeh həmin dükana gələrək iddiaçıdan nisyə parça almışdır. İddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürsə də həmin şifahi razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə iddiaçıya 36.790 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, cavabdehin iddiaçıya 36.790 manat məbləğində borcunun olması Cəlilabad RPİ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı ilə də təsdiq olunur. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən cavabdehin Cəlilabad RPİ-nin TB-də aparılan araşdırma zamanı qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayətin verildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbi ondan ibarətdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Polis İdarəsinin sözügedən qərarı cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan parça materialları alsa da, həmin malların dəyərini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 36.790 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 201 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 36.790 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 201 manat olmaqla, ümumilikdə 36.991 (otuz altı min doqquz yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1645/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1645/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver