Məhkəmə qərarları › İş №e-2-2(121)-167/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-167/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-167/2021 11.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında, xx xxxxx 2017-ci il tarixli “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilələrin ləğv edilməsi və cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxxx 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 544,06 manat, xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 749,24 manat və xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə əsas borca görə 37.150,05 manat, faiz borcuna görə 16,85 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 42.166,90 manat pulun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə hesab edir ki, mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair qanunvericiliklə müəyyən olunmuş tələblər yerinə yetirilmədiyindən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin ləğv edilməsi tələbi ilə bağlı cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya qaydasında (müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin təklif edilməsi ilə bağlı) müraciətin edildiyinə dair iş materiallarında hər-hansı sübut mövcud deyildir. İddia ərizəsinə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 22/xx/xx-2255 saylı xəbərdarlıq (pretenziya məktubu) olsa da, həmin məktubda cavabdehə müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsinə dair təklif mövcud deyildir. Digər tərəfdən iddiaçı tərəfindən elektron kabinet məhkəməyə cavabdehə ünvanlanmış nömrəsiz və tarixsiz pretenziya məktubu göndərilmişdir ki, həmin pretenziya məktubunda cavabdehə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi təklif olunmuşdur. Həmin pretenziya məktubu cavabdehə xx.xx.2021-ci il tarixdə (poçt qəbzinə əsasən) göndərilmişdir. Halbuki, iddia ərizəsində tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə də daxil olmaqla, 3 müqavilənin ləğv edilməsi xahiş edilmişdir. Qeyd olunan iddia ərizəsi isə məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması tələbi formal olaraq deyil, real olaraq həyata keçirilməlidir. Məsələn, iddiaçı cavabdehə müvafiq tələblə (təkliflə) müraciət edə, cavabdehə müəyyən işlərin görülməsi və ya müraciətə cavab verilməsi və s. üçün müəyyən vaxt verə, yalnız bundan sonra (cavabdeh tərəfindən verilmiş cavab iddiaçını qane etmədikdə, cavabdeh hərəkətsizlik göstərərək, pretenziyaya cavab vermədikdə və s.) məkəməyə müraciət edə bilər. Lakin iddiaçı pretenziyanı (cəmi 1 müqavilənin ləğvi ilə əlaqədar) iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdehə göndərməklə, pretenziya qaydasını formal və əhəmiyyətsiz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar