Məhkəmə qərarları › İş №e-2-2(121)-1683/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1683/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1683/2025 28.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 19 iyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13682,66 (on üç min altı yüz səksən iki manat 66 qəpik) manat, faiz borcuna görə 1382,94 (bir min üç yüz səksən iki manat 94 qəpik) manat, dəbbə borcuna görə 216 (iki yüz on altı manat 00 qəpik) manat, cəmi 15281,6 (on beş min iki yüz səksən bir manat 60 qəpik) manat məbləğində pulun və 136 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə cavabdeh – Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsinə əsasən illik 18 % (on səkkiz) faiz dərəcəsi olmaqla 23 (iyirmi üç) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 19 iyul 2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 19 iyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 19 İyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 İyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 19dan gec olmayaraq hər ay 1034,62 (bir min otuz dörd manat, altmış iki qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 19 İyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 13682,66 (on üç min altı yüz səksən iki manat 66 qəpik) manat, faiz borcuna görə 1382,94 (bir min üç yüz səksən iki manat, doxsan dörd qəpik) manat, dəbbə borcuna görə 216 (iki yüz on altı) manat, cəmi 15281,6 (on beş min iki yüz səksən bir manat, altmış qəpik) manat təşkil edir.

Tərəflərin izahatları:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək onları iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli, RBYF- 7146 nömrəli krеdit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana əsas vəsaitlərin artırılması məqsədilə 20.000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən, kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 20000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. - 2.3-cü bəndinə əsasən, Kreditə görə illik 18 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19 faiz təşkil edir. - 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq olunur.

9. İddiaçı ASC (Kreditor) ilə Cavabdeh2 (zamin), Cavabdeh1 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7146 nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, zamin duran şəxslər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün onlar borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdürlər. 10 Köçürmə sənədindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 bank hesabına 20000 manat məbləğində pul köçürülmüşdür.

11. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 19 iyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2025-ci il tarixinə 13682,66 manat məbləğində əsas bоrcu, 2382,94 manat məbləğində faiz bоrcu və 216 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15281,6 manat borcu vardır.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/2798 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 iyul 2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixə, (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) İddiaçı ASC-nə olan borcu - əsas borc üzrə 13829,82 manat, faiz borcu üzrə 1168,62 manat, xx.xx.2025-ci il tarixə isə əsas borc üzrə 13829,82 manat, faiz borcu üzrə 1251,6 manat müəyyən edilir.

13. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

14. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

15. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Məhkəmə baxışının hədləri:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh (kredit alan) lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

24. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) İddiaçı ASC-nə olan borcunun - əsas borc üzrə 13829,82 manat, faiz borcu üzrə 1168,62 manat, xx.xx.2025-ci il tarixə isə əsas borc üzrə 13829,82 manat, faiz borcu üzrə 1251,6 manat olduğu müəyyən edilmişdir.

25. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2798 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

26. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehlərdən 13682,66 (on üç min altı yüz səksən iki manat 66 qəpik) manat əsas borc, 1382,94 (bir min üç yüz səksən iki manat 94 qəpik) manat faiz borcu tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2798 saylı rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır və bu cavabdehlərin mənafeyinə zidd deyil.

27. Məhkəmə faiz borcuna münasibətdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz, lakin nəzərə alınmalıdır ki, müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ona görə də, məhkəmə hesab edir ki, ekspert rəyi ilə xəbərdarlıq məktubunun göndərildiyi tarixə faiz borcu 1168,62 manat müəyyən edildiyindən, iddiaçı cavabdehlərdən göstərilən məbləğdə faiz borcunu tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməlidir.

28. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 216 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7146 saylı kredit müqaviləsinin 6.2. bəndinə əsasən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə borcalan gecikdirilən günə görə cərimə (dəbbə pulu) ödəməlidir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 100 manat müəyyən edilməlidir.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərlərinə götürdüklər öhdəliyi vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 13682,66 manat əsas borc, 1168,62 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 14951,28 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

30. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 134,86 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 1,14 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 97,83 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 2,17 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 13682,66 manat əsas borc, 1168,62 manat faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 14951,28 (on dörd min doqquz yüz əlli bir manat, iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 134,86 (bir yüz otuz dörd manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 1,14 (bir manat, on dörd qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 97,83 (doxsan yeddi manat, səksən üç qəpik) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 2,17 (iki manat on yeddi qəpik) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar