Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1686/2022 19.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 23.320,80 manat pulun, maddi ziyan kimi 200 manat mediasiyaya ödənilən pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəlilabad şəhəri, Ələt-Astara avtomobil yolu 135-ci km ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona borcludur. Belə ki, "xxxx" MMC 2022-ci il tarixdə ondan 46.163,80 manat dəyərində yonca satmış və tez bir zamanda qaytaracağını bildirmişdir. Cavabdeh ümumilikdə sonra götürdüyü yoncadan 22.843 manat ödəmişdir. Qalan 23.320,80 manat pulu ödəməmişdir. Tərəfindən pretenziya məktubu hüquqi ünvana göndərilmiş və poçt geri qaytararaq “ünvan düz deyil”, “ünvan tam deyil” qeyd olunmaqla geri qaytarılmışdır. Ünvan rəsmi olaraq düzgün göndərilmiş və cavabdeh bilərəkdən qəbul etmək istəməmişdir. Cavabdehin ünvanı Cəlilabad şəhəri, Ələt-Astara avtomobil yolu 135-ci km ünvanda yerləşir. Bu cür qeydlə poçtun geri qaytarması təmamilə əsassızdır və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada çatdırlmaması hesab edilə bilməz. Elektron pretenziya da tərəfindən göndərilmişdir. Cəlilabad şəhəri X1 apardığı ilkin mediasiya prosesində iştirak edilmiş və 200 manat mediasiya üçün rüsum ödənilmişdir. 200 manat mediasiya üçün rüsum ödənilmiş və iddia tələbi üzrə 159,96 manat dövlət rüsumu nəzərədə tutulduğundan Dövlət Rüsmumu haqqında Qanunun 9.1-1 maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi akt”ından görünür ki, "xxxx" MMC-nin X4 23.320,80 manat məbləğində borcu vardır. Aktın doğruluğu iddiaçı və "xxxx" MMC-nin direktoru Seymur Hüseynovun imzası və həmin MMC-nin möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 18 iyun 2022-ci il tarixli, MŞİH-18899 saylı arayışın surətindən görünür ki, ünvan 2i ünvanında qeydiyyatda olan X5 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, X5 ilə "xxxx" MMC arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 46.163,80 manat dəyərində yoncanı cavabdehə təhvil verməyi, cavabdeh isə yoncanın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 23.320,80 manat borcu qalmışdır. Bundan əlavə, satılmış malların çəkisinin və dəyərinin əks olunduğu, hər iki tərəfin imzası və cavabdehin möhürü ilə təsdiqlənən xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi aktı” tərtib edilmişdir. Cavabdeh tərəfindən 23.320,80 manat məbləğində borc pulun tam və ya qismən ödənilməsini təsdiq edən sübutlar, o cümlədən üzləşmə aktının mötəbərliyi ilə bağlı hər hansı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərtib olunmuş üzləşdirmə aktı və iddiaçının izahatı ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən şərtlərinə uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir. Həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunvericilik tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya 23.320,80 manat borcunu xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə etiraf etmişdir. Bununla da, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ cavabdehin imzası və möhürü ilə təsdiq edilən üzləşdirmə aktı ilə tam sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin borcu etiraf etdiyi məbləğdə, yəni 23.320,80 manat hissəsində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində "xxxx" MMC-nin möhürü olan üzləşdirmə aktı tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 23.320.80 manat borcunun yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərlə müqayisədə, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Məhkəmə iddianın “mediasiya prosesi üçün ödənilmiş 200 (iki yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23.320,80 manat borc və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 23.520,80 (iyirmi üç min beş yüz iyirmi manat, səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1686/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1686/2022
19.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver