Məhkəmə qərarları › İş №e-2-2(121)-1687/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1687/2024

22.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1687/2024 22.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21261 (iyirmi bir min iki yüz altmış bir) manat məbləğində pulun və ödənilmiş 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixdə Quba rayonu, Qəçreş kəndində yerləşən əvvəlki adı “Su Səsi” olan istirahət mərkəzində 3000 kv.m ərazidə asfalt çəkilməli idi. Bununla əlaqədar olaraq bir neçə şirkətlərlə danışıqlar olmuş və ən sonda Cavabdeh məxsus olan şirkətlə danışıqlar baş tutmuş və hər kvadrata 10 manat olmaqla, cəmi 30.000 manata razılaşılmışdır. Cavabdeh sonrakı gün öz işçilərini istirahət mərkəzinə gətirmiş və işə başlamışlar. Cavabdeh avans isdəmiş və buna görə də, ilkin olaraq cavabdehin kartına 1000 manat, sonra isə 9500 manat pul ödənilmişdir. Həmin vaxt istirahət mərkəzinin həyətyanı sahəsinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur. Lakin, Quba rayonunda havalar şaxtalı olmasını nəzərə alınmadığı və asfalt örtüyü standartlara uyğun olmadığı üçün asfalt örtüyü növbəti gün ovulub tökülmüşdür. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, işini düzgün və standartlara uyğun görməsi tələb edilmişdir. 21 noyabr 2022-ci il tarixdə Cavabdeh iddiaçının yanına gələrək vəziyyətinin pis olduğunu, işçilərin zəhmət haqqını verə bilmədiyini və zavoddan asfalt örtüyünü götürə bilmədiyini bildirmiş və buna görə də iddiaçıdan əlavə olaraq 10.000 manat da pul istəmişdir. İddiaçı işinin tam görülmədiyi üçün ondan yazılı formada pulun alması ilə bağlı iltizam almışdır. Cavabdeh pulu borc qismində iddiaçıdan götürmüş və 30 noyabr 2022-ci il tarixdə qaytaracağını qeyd etmişdir. Bundan əlavə olaraq istirahət mərkəzində aparılan təmir işlərinə nəzarət edən (prorab) şəxsdən 561 manat və əlavə olaraq yanacaq üçün 200 manat pul almışdır. Arada olan razılaşmaya əsasən 2023-cü ilin fevral ayının əvvəllərində istirahət mərkəzinin həyətyanı sahəsində 3000 kv.m asfalt örtüyü tam şəkildə təhvil verilməli və həmin ilin mart ayının ilk həftəsində istirahət mərkəzinin açılışı olmalı idi. Lakin, Cavabdeh nə asfalt örtüyünü tam icra etməmiş, nə də aldığı pulları geri qaytarmamışdır. Dəfərlərlə Cavabdeh ya asfalt örtüyünü tam şəkildə təhvil verməsi, ya da ona verilmiş ödənişləri geri qaytarması tələb edilsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində nağd pul almış, xx.xx.2022-ci il tarixdə isə cavabdehin bank kartına iddiaçının qayınatası X2 istifadəsində olan plastik kartdan 5000 manat, iddiaçının qaynı X1 istifadəsində olan plastik kartdan isə 4500 manat olmaqla, cəmi 9500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 2i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan borc alınması haqqında qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə borc aldığı 10000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını vəd etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 21261 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş anket məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh istifadəsində olan plastik karta X2 istifadəsində olan plastik kartdan 5000 manat, X1 istifadəsində olan plastik kartdan 4500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmənin, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, cavabdeh tərəfindən iddiaçıya məxsus olan istirahət mərkəzində asfalt örtüyünün çəkilməsindən ibarət olan işin görülməsi, iddiaçının isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair şifahi razılıq əldə olunmuşdur. İddiaçı qeyd edilən işlərin görülməsi üçün cavabdehə ümumilikdə 21261 manat məbləğində pul verdiyini, lakin cavabdehin öhdəsinə götürdüyü işi icra etməməklə yanaşı, həmin işlərin görülməsi üçün aldığı pulu da geri qaytarmadığını iddia edir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində pulun alınması barədə sənəddə, həmin pulun borc olaraq alındığı qeyd olunsa da, iddiaçının nümayəndəsinin izahatından, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, həmin pul vəsaiti cavabdehə tərəflər arasında razılaşdırılmış müvafiq işin görülməsinin müqabilində verilmişdir. Belə ki, işin mübahisəsiz hallarından (iddiaçının sifarişi ilə cavabdehin asfalt örtüyünü çəkməsi, iddiaçının isə görülən işlərin haqqının cavabdehə ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsi üzrə münasibətlərin qurulmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə, razəılaşmanın şərtlərinə, eləcə də razılaşmanın icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə bu qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlərin yaranması, iddiaçı və onun qohumları tərəfindən işin görülməsi üçün cavabdehə ümumilidə cəmi 19500 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində pulun verilməsi cavabdeh tərəfindən yazılaraq imzalanmış borc alınması haqqında qəbzin məzmunu ilə, iddiaçının qohumları tərəfindən 4500 və 5000 manat olmaqla, cəmi 9500 manat məbləğində pul vəsaitinin cavabdehə məxsus olan bank plastik kartına köçürülməsi bankın təqdim etdiyi anket məlumatla təsdiq olunur. Məhkəmə, yuxarıda sadalanan halları nəzərə alaraq qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında iddiaçıya 177 manat məbləğində borclu qalması və həmin borcu ödəməməsi tam sübut olunur. Belə ki, əvvəla cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında iddiaçıya 177 manat məbləğində borcunun olduğunu etiraf etmişdir, həmin borcun ödənilməsini isə sübut edə bilməmişdir. İddiaçı isə qeyd edilən əsaslarla və məbləğdə cavabdehin borclu olduğunu xx.xx.2019-cu il tarixli, GM11102 nömrəli “Təmir aktı”, həmin akta əsasən görülən işlərin “Təhvil-təslim aktı”, xx.xx.2019-cu il tarixli, 075\19 nömrəli “Hesab faktura” və xx.xx.2019-cu il tarixli, 749838 nömrəli elektron qaimə ilə sübut edə bilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlərlə sübut olunan faktiki halları belədir ki, iddiaçı tərəfindən iş görülməsi barədə razılaşmaya əsasən cavabdehə ümumilkdə cəmi 19500 manat məblıəğində pul verilmişdir, cavabdeh isə razılaşdırılmış işi başa çatdırmamış və həmin işin görülməsi üçün ona verilmiş pul vəsaitini iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi cavabdehdən iş görülməsi üçün ödənilmiş 19500 maant məbləğində pulun cavabdehdən alınmasına dair hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cavabdehin istirahət mərkəzində aparılan təmir işlərinə nəzarət edən (prorab) şəxsdən 561 manat və əlavə olaraq yanacaq üçün 200 manat pul almasına dair hissəsində təmin edilməməlidir. Belə ki, qeyd edilən halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 19500 manat məbləğində borc və ödənilmiş 155 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19655 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar