Məhkəmə qərarları › İş №e-2-2(121)-1688/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1688/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1688/2025 06.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4637,64 manat, faiz üzrə 56,99 manat, cəmi 4694,63 manat və dövlət rüsumu olaraq ödənilmiş 67,00 manat məbləğində vəsaitin tutularaq "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" Kredit İttifaqı MMC- ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1839-01 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5820.00 manat məbləğində kredit limiti ayrılmışdır və "xxxx" Kredit İttifaqı MMC-i həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə borclu Cavabdeh2 kredit xətti daxilində xx.xx.2021-ci il tarixli, 677№-li məxaric orderi ilə 5820.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 xx.xx.2021-ci il tarixli 02441-1839-01/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1839-01№-li kredit müqaviləsinin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə Cavabdeh2 və zamini Cavabdeh1 ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borclu Cavabdeh2 və zamini Cavabdeh1 ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir nəticə olmamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 01№-li bildirişlə Cavabdeh2 və xx.xx.2025-ci tarixli 02№-li bildirişlə zamin Cavabdeh1 rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 9 gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 4.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə qeyd olunanlara əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları və sübutların tədqiqi:

8. İş materiallarından görünür ki, "xxxx" Kredit İttifaqı MMC-i ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1839-01 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərt ilə 5820.00 manat məbləğində kredit limiti ayrılmışdır.

9. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 (“Zamin”) arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli, 02441-1839-01 saylı zaminlik müqaviləsi ilə “Zamin”, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 02441-1839-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımaq barədə öz üzərinə öhdəlik götürmüşdür.

10. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 hesabına 5820 manat məbləğində pul köçürülmüşdür.

11. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 02441-1839-01 saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə əsas borcu 4637,64 manat, faiz borcu 56,99 manat olmaqla, cəmi borc məbləği 4694,63 manat təşkil edir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3231 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx.xx.2023-cü il tarixə "xxxx" MMC -yə olan borcu - əsas borc üzrə 4364,10 manat, faiz borcu üzrə 1802,89 manat, xx.xx.2025-cü il tarixə "xxxx" MMC -yə olan borcu - əsas borc üzrə 3794,10 manat, faiz borcu üzrə 1802,89 manat, xx.xx.2025-ci il tarixə "xxxx" MMC -yə olan borcu - əsas borc üzrə 3794,10 manat, faiz borcu üzrə 1802,89 manat müəyyən edilir.

14. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

15. İş materiallarından görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 63 manat dövlət rüsumu ödənilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1839-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 biznes məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 36% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5820.00 manat məbləğində məbləğində kredit verilməsi və həmin kreditin Cavabdeh2 tərəfindən qəbul edilməsi, iddiaçı tərəflə digər cavabdeh arasında zaminlik müqaviləsinin bağlanması və qeyd olunan kredit və zaminlik müqavilələrin etibarlı olması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə iddiaçı "xxxx" MMC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin (borcalan) üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3231 saylı ekspert rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə "xxxx" MMC -yə olan borcu - əsas borc üzrə 4364,10 manat, faiz borcu üzrə 1802,89 manat, xx.xx.2025-cü il tarixə "xxxx" MMC -yə olan borcu - əsas borc üzrə 3794,10 manat, faiz borcu üzrə 1802,89 manat, xx.xx.2025-ci il tarixə "xxxx" MMC-yə olan borcu - əsas borc üzrə 3794,10 manat, faiz borcu üzrə 1802,89 manat müəyyən edilmişdir.

24. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3231 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ona görə də, həmin rəy mötəbər sübut kimi nəzərə alınmalıdır.

25. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, o, kredit müqaviləsi üzrə yaranmış borclara görə iddiaçı qarşısında məsuliyyət daşımalıdır.

26. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 4637,64 manat, əsas borca aid hissədə qismən əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə əsas borcun xx.xx.2025-ci il tarixə (ekspert rəyinin verildiyi tarix) 3794,10 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsas borca münasibətdə 3794,10 manat hissədə əsaslı hesab edir.

27. Məhkəmə iş materiallarına və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə tam əsaslıdır. Belə ki, ekspert rəyi ilə faiz borcunun 1802,89 manat olduğu müəyyən edilir. İddiaçı isə faiz borcu olaraq 56,99 manat tələb edir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Məhkəmə, həmçinin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 məsuliyyəti ilə bağlı qeyd edir ki, o, imzaladığı zaminlik müqaviləsi ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, 02441-1839-01 saylı kredit müqaviləsi üzrə üzrə əsas öhdəliyin icrası vaxtı 24 ay müəyyən edilmiş və bu müddət xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Lakin, iddiaçı xx.xx.2025-ci il tarixdə zamin Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin (borcalan) kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3794,10 manat əsas borc, 56,99 manat məbləğində faiz borcu olmaqla, cəmi 3851,09 manat borcu tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

30. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 58,52 manat pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, qalan 4,48 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 82,03 manatı Cavabdeh2, 17,97 manatı isə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 3794,10 manat əsas borc və 56,99 manat məbləğində faiz borcu olmaqla, cəmi 3851,09 (üç min səkkiz yüz əlli bir manat, doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 58,52 (əlli səkkiz manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4,48 manat məbləğində dövlət rüsumu iddaçı "xxxx" MMC-nin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 82,03 manatı Cavabdeh2, 17,97 manatı isə iddiaçı "xxxx" MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar