Məhkəmə qərarları › İş №e-2-2(121)-1694/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1694/2025

07.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1694/2025 07.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ödənilməmiş 59707 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 269 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Cavabdehə işlədiyi dövr ərzində ******* manat məbləğində mal göndərilmiş, onun tərəfindən 944135 manat məbləğində ödəniş olunmuşdur. Nəticədə 59707 manat məbləğində cavabdehin borcu qalmışdır. Qeyd olunan qalıq 59707 manat hissəsi bu günə qədər İddiaçı MMC-yə ödənilməmişdir. Həmin tarixdən bu günə qədər Cavabdeh yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən İddiaçı MMC-yə olan 59708 manat məbləğində borc ödənilməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər”. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.

Tərəflərin izahatları:

3. Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəf ötən iclasların birində iddiaçıdan təxmini 101000 manat məbləğində mal aldıqlarını, həmin malların, dəyəri 71000 manat təşkil edən hissəsini qaytardıqlarını, qalan hissəsini isə ödədiklərini bildirmişlər. Lakin bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdeh tərəf mal aldıalarını qəbul etsələr də, malın qaytarıladığını və ödədiklərini sübut edə bilmirlər. Cavabdeh tərəf borcun olmamasını təsdiq edən sübut kimi ilk öncə üzləşmə aktlarının surətini təqdim etmiş və bildirmişdir ki, həmin akt guya İddiaçı MMC-nin işçisi Qaçay Süleymanov tərəfindən imzalamışdır. Qaçay Süleymanov məhkəmə iclasında şahid qismində dindirilmiş və məhkəməyə təqdim edilən üzləşmə aktlarının onun tərəfindən imzalanmadığını bildirmiş, bundan sonra məhkəmə iş üzrə xətşünaslıq ekspertizası təyin etmiş, lakin cavabdeh tərəf təqdim etdikləri üzləşmə aktlarının əslini təqdim etmədiyindən, həmin aktlardakı imzaların Qaçay Süleymanov tərəfindən imzalanıb imzalanmadığını müəyyən etmək mümkün olmamışdır. Əsil həqiqətdə də belə üzləşmə aktları mövcud deyil. Bundan sonra, cavabdeh guya İddiaçı MMC-yə məxsus olan blank formasında sənədin surətini məhkəmə baxış iclasında elektron kabinetə yükləmədən məhkəməyə təqdim təqdim edərək, 71261,42 manat məbləğində malın iddiaçıya geri qaytarıldığını sübut etmək etmək istəsə də, daha sonra həmin sənədin surətinin geri qaytarılmasını xahiş etmişlər. Görünür cavabdeh tərəf də reallıqda belə bir sənədin olmaması ilə razılaşmışdır. Bütün bunlar cavabdehin iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasınnı məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi X6 iddianı əsassız hesab edərək məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktlarının əsilləri iddiaçıda olduğuna görə, onlar həmin aktların əslini məhkəməyə təqdim edə bilmirlər. Hesab edir ki, qeyd olunan aktlar cavabdehin borcunun olmadığını təsdiq edir. İddiaçı tərəf həmin aktları bilərəkdən məhkəməyə təqdim etmir. Bundan başqa, müqavilənin şərtlərinə əsasən malların verilməsinə dair iddiaçı tərəfindən ciddi hesabat blankı sayılan formada təhviltəslim aktı tərtib edilməli olduğu halda iddiaçı bunu etməmişdir. Bir sözlə iddiaçı malın verilməsini həmin ciddi hesabat blankı formasında tərtib edilmiş təhvil təslim aktı ilə təsdiq etməli idi. Lakin iddiaçı qanunsuzluğa yol verərək bunu etməmişdir. Göründüyü kimi, iddiaçı özü müqavilənin şərtlərini pozmuşdur. O, həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən alınmış mallar təxmini 101000 manat olmuş, həmin malların 71261,42 manat təşkil edən hissəsini qaytarmışlar, qalan hissəsi isə ödənilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. O, Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak etmiş nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh iddiaçı tıəşkilata heç bir borcu yoxdur. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020–ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə əsasında iddiaçı cavabdehə lazım olan məhsulları vermiş, onlar da, hər gün inkassator vasitəsi ilə satmış olduqları məhsulların pulunu iddiaçı təşkilata nəğd şəkildə ödəmişlər. Bu səbəbdən də iddiaçı təşkilat tərəfindən cavabdehə heç vaxt elektron qaimə-faktura verilməmiş, bunun əvəzində sürücülər vasitəsi ilə cavabdehə daxili qaimə verilirdi. Cavabdeh malı qəbul edəndən sonra həmin qaimələri qarşılıqlı surətdə imzalayaraq bir-birilərinə təqdim edirmişlər. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədən kənar heç bir təşkilatdan mal götürə bilməzdi. Çünki onlarla aralarında müvafiq müqavilə də yox idi. İddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında cavabdehə mal verildiyi üçün də cavabdeh də atasının adına olan evi də 80 min manata ipoteka qoymuşdur. Bu səbəbdən iddiaçı təşkilatın onlara vermiş olduğu məhsulların dəyəri 80 mindən yuxarı ola bilməzdi. Eyni zamanda satmış olduğu malların dəyərini də müqaviləyə əsasən bir gündən artıq gecikdirdikləri halda onlara verimiş malın dəyərinin 2 faizi məbləğində cərimə ödəməli idilər. Bu səbəbdən də cavabdehdə heç vaxt gecikmə halı olmamışdır. İldə hər rüb üzrə mağazada iddiaçı tərəfindən yoxlama (inventarizasiya) keçirilmiş, bunun nəticəsi olaraq da həmin sənədin surəti mütəmadi olaraq iddiaçı təşkilatda olmuşdur. Eyni zamanda onu da bildirir ki, onlara məxsus olan aktın surəti iddiaçı təşkilatın mühasibində olmuşdur. Çünki cavabdehin “Asan imza”sı da iddiaçılar tərəfindən təyin edilmiş mühasibdə olmuşdur. İddiaçı mühasibi vasitəsi ilə cavabdehin “Asan imza”sından istifadə edərək elektron-qaimələri təsdiq etmişdir. Halbuki onların arasında elektron qaimə olmamışdır. Həmin saxta elektron qaimələrin əksəriyyəti də mağaza bağlanandan sonrakı illərə aid edilmişdir. Mağaza xx.xx.2022-ci il tarixdə bağlanılmış və mağazada qalıq qalan mallar da iddiaçı tərəfin göndərmiş olduğu nəqliyyat vasitələri ilə daşınmışdır. Bu səbəbdən də iddiaçı ilə cavabdehin arasında tərtib edilmiş üzləşdirmə aktı da hər iki tərəfin adından imzalanmış və təsdiq edilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Üzləşdirmə Aktı həm cavabdeh, həm də iddiaçı tərəfin nümayəndəsi X4 tərəfindən imzalanmışdır. Həmin üzləşmə Aktının əsli iddiaçı tərəfdə olmuş olsa da, bu günədək məhkəməyə təqdim edilməmişdir və onlara bildirilir ki, akt onların tərəfindən təsdiq edilmişdir. Məhkəməyə təqdim etmiş olduqları üzləşdirmə aktı iddiaçı təşkilatda olur, sonra isə cavabdeh həmin üzləşdirmə aktının surətini də iddiaçıdan götürür. Bu səbəbdən də həmin üzləşdirmə aktının əsli iddiaçı tərəfdədir. Onlar üzləşdirmə aktının surətini məhkəməyə təqdim etmiş olsalar da, sənədin əsli təqdim olunmadığı üçün ekspert rəy verə bilməmişdir. Bundan başqa, malların qatarılması İddiaçıin ciddi hesabat blankı olan 219753 saylı malların geriyə qaytarılması Aktı ilə də təsdiq edilmişdir. Həmin sənədin də əsli onlarda yoxdur. Malların geriyə qaytarılması Aktının surətini əgər iş üzrə yekun məhkəmə aktından narazı qalacaqları təqdirdə apelyasiya məhkəməsinə təqdim edəcəklər. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

Şahid İfadələri:

6. Məhkəmə iclasında şahid qismində dindirlmiş X4 bildirdi ki, o, İddiaçı MMC-nin işçisidir xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktları ilə tanış olmuş və həmin aktlarda onun adından icra edilmiş imzaları görmüşdür. O, qeyd olunan aktları imzalamamış, aktların tərtibində iştirak etməmişdir. O, həmin imzaların həqiqiliyinin, yəni onun tərəfindən icra edilib edilməməsinin ekspert tərəfindən yoxlanması üçün imza və xətt nümunələri verməyə etiraz etmir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə xx.xx.2020-ci il tarixdə "biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə" notarial müqavilə bağlandığını, cavabdehin işlədiyi dövr ərzində ******* manat məbləğində mal göndərdiyini, onun tərəfindən 944135 manat məbləğində ödəniş olunmasını, nəticədə cavabdehin 59707 manat məbləğində borcu qalmasını və həmin borcun İddiaçı MMC-yə ödənilmədiyini göstərərək ödənilməmiş 59707 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 269 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tamamilə əsassız olduğundan təmin edilməməlidir: Belə ki, o, iddiaçının qeyd etdiyi kimi "xxxx" MMC ilə aralarında xx.xx.2020-ci il tarixli "biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə əsasında "xxxx" qismində, qeyd olunan MMC-yə məxsus İmişli şəhəri H.Əliyev prospekti ünvanında yerləşən **********-55001 kodu olan mağazanı xx.xx.2022-ci il tarixə kimi işlətmiş və hər ay "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə "qarşılıqlı üzləşmə aktı" tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə o, mağazanı "xxxx" MMCnin nümayəndəsinə təhvil vermişdir. Həmin qarşılıqlı üzləşmə aktlarından da görünür ki, onun heç bir borcu yaranmamışdır. Əgər onun hər hansı bir borcu yaranmış olsaydı bu mütləq üzləşmə aktlarında da əksini tapardı. Halbuki iddiaçı "Araz supermarket” MMC-nin adından mühasib X1 iştirakı ilə tərtib edilmiş, onun və sonuncunun imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktlarından görünür ki, iddiaçıya heç bir borcu olmamışdır. Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********0 saylı qeydiyyat vərəqəsindən görünür ki, xx.xx.2022-ci il saat 17:08 tarixindən sonra mağazanın kassa sistemi ilə əlaqəli heç bir əməliyyat aparılmamışdır. Bundan başqa qeyd edir ki, cavabdehə məxsus olan “Asan İmza"nı "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərən mühasibatlığa vermiş, həmin "Asan İmza"nı 2023-cü ilin dekabr ayında sənədlərini aparıb-gətirən taksi sürücüsü Babaşov Mürşüd Müşfiq oğlunun vasitəsilə 2023-cü ilin sentyabr ayında mühasibatlıqdan təhvil almışdır. Belə ki, aralarında olan razılığa əsasən mühasibatlıq işlərini “Araz supermarket" MMC-nin tərkibində fəaliyyət göstərən mühasibatlıq aparırdı, ona görə də ona məxsus "Asan İmza" onlarda olmuşdur. Ona məxsus olan "Asan İmza" "xxxx" MMC-nin mühasibində qaldığı müddətdə onlar, yəqin ki, onun əvəzindən maliyyə əməliyyatları aparmışdır. Əgər onun borcu yaranmış olsaydı 2022-ci ilin dekabr ayında fəaliyyətini dayandırarkən iddiaçı tərəfindən ona mütləq bildirilərdi. Odur ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. O, yuxarıda qeyd etdiyi "qarşılıqlı üzləşmə aktları"nın və İqtisadiyyat Nazirliyi yanında vərəqəsinin Dövlət Vergi Xidmətindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********0 saylı qeydiyyat surətlərini də etirazına əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan dəlillərinə bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı malikdirlər. barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna və azadlıqlarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik,icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanlara əsasən, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İş materiallarında olan İddiaçı MMC (Müqavilə üzrə “Sahib”) ilə Cavabdeh (Müqavilə üzrə “Satıcı”) arasında notarial qaydada bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” xx.xx.2020-ci il tarixli, 3M-1174 reyestr nömrəli müqavilənin: - 2.1-ci bəndinə əsasən, Sahib Satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyə, idarə etməyə, X3 satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verir və Satıcı mağazanın bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları Sahibdən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür; - 2.6-cı bəndinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, bu Müqavilə tərəflər arasında ortaqlıq, agentlik, təmsilçilik və sair kimi münasibətlər yaratmır və hər bir tərəf digər tərəfə münasibətdə müstəqil tərəfdir və bazar iştirakçısıdır və heç bir tərəf digər tərəfin adından çıxış edə və onun adından hər hansı öhdəlik götürə və ya məsuliyyət daşıya bilməz; - 4.1-ci bəndinə əsasən, mallar mərkəzi anbarda Satıcıya təhvil verilən hallar istisna olmaqla, mallar müvafiq təchizatçılardan mağazada Sahibin və Satıcının nümayəndələri qəbul edəcəklər. Satıcı Sahibin nümayəndələrinə malların mağazada qəbul etməsi üçün zəruri olan şəraiti yaratmalıdır, həmçinin Satıcının nümayəndəsinin malların bu 4.1-ci maddəyə əsasən təchizatçıdan qəbul edilməsində iştirakını təmin etməlidir; - 4.2-ci bəndinə əsasən, mallar 4.1-ci maddəyə müvafiq olaraq mağazada Satıcının (müvafiq nümayəndəsi vasitəsi ilə) qəbul edildikdən sonra mallar həmçinin Satıcının Sahibdən qəbul edilməsi də hesab olunur və bu müqaviləyə və Azərbaycanın qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir; - 4.4-cü bəndinə əsasən, mallar Satıcı tərəfindən Sahibdən bu müqavilənin 4-cü maddəsinə əsasən qəbul edildikdən sonra Sahib forması Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan və ciddi hesabat blankı sayılan formada təhvil-təslim aktı (“bundan sonra “X12”) tərtib edəcək və imzalanması üçün Satıcıya təqdim edəcəkdir. Satıcı ona X12nın təqdim olunmasından sonra 3 saatdan gec olmayaraq, (a) mallara dair hər hansı qeydləri olmadıqda, X12nı heç bir qeyd aparmadan imzalamalı və möhürü ilə təsdiq etməli və ya mallara dair hər hansı qeydləri olduqda bu qeydləri X12nın surətinin üzərində yazılı qeyd etməklə aktı və onun surətini imzalamalı və möhürü ilə təsdiq etməlidir.Satıcı heç bir halda X12nı korlaya, onların üzərində yazı və ya digər işarələr edə bilməz; - 5.1-ci bəndinə əsasən, Sahib malları Satıcıya topdansatış qiymətlərlə satır və Satıcı malları topdansatış qiymətlərlə Sahibdən alır; 5.4-cü bəndinə görə, Satıcı satış qiymətini yalnız Sahibin fikrini aldıqdan sonra müəyyən edə bilər, ancaq hər bir halda Satıcı satış qiyməti ilə bağlı Sahibin fikrinə zidd qərar verməməlidir; 5.5-ci bəndinə əsasən, Satıcı Sahibin əvvəlcədən yazılı razılığı olmadan hər hansı malı topdan, nisyə və ya hissə-hissə ödəniş əsasında sata bilməz; - 5.7-ci bəndinə əsasən, Satıcı 1 saylı Əlavədə göstərilən minimum satış hədəflərinə nail olmalıdır; - 6.6-cı bəndinə görə, Sahibə ödənilməli olan məbləğlərin cəmi ümumi gəlirdən çıxıldıqdan sonra yerdə qalan məbləğ Satıcının gəliri kimi müəyyən olunur; - 6.10-cu bəndinə əsasən, tərəflər hər təqvim ilinin sonunda dəqiqləşdirmə etmək məqsədi ilə hesablaşma apara bilərlər və bu hesablaşma nəticəsində yazılı şəkildə tərtib olunan və tərəflərin imzaladığı və möhürləri ilə təsdiq etdiyi üzləşmə aktı və ya digər oxşar sənəd əsasında bir tərəfin digər tərəfə ödəməli olduğu məbləğləri müəyyən edə bilərlər; - 6.11-ci bəndinə əsasən, Sahib müqavilənin qüvvədə olduğu istənilən vaxt lakin təqvim ili ərzində 2 dəfədən az olmayaraq mağazada və Satıcıya bu müqaviləyə müvafiq olaraq təhvil verilən malların yerləşdiyi yerlərdə inventarlaşdırma aparmaq hüququna malik olacaqdır... İnventarlaşdırma zamanı hər hansı malların əskiyi aşkar olunarsa Satıcı həmin malların dəyərini 3 gün ərzində Sahibə ödəməlidir; - 7.1-ci bəndinə əsasən, mağazalarda və kassalarda Satıcı yalnız proqram təminatından və onunla əlaqəli olan iddiaçı tərəfindən təqdim olunan avadanlıqlardan istifadə etməlidir. Cavabdeh digər proqram təminatlarından və avadanlıqlardan yalnız iddiaçının əvvəlcədən yazılı razılığı əsasında istifadə oluna bilər; - 14.1-ci bəndinə əsasən, bu müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və müqavilənin müddəalarına uyğun olaraq daha əvvəl ləğv olunmayınca, 10 (on) il müddətinə qüvvədə qalacaqdır.

9. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Seriya: EBBF, 071350 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 890.96 manat), Seriya: EBBF, 668742 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 9633.97), Seriya: EBBF, 668392 nömrəli, xx.xx.2021ci il tarixli (cəmi: 790.30 manat), Seriya: EBBF, 722434 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 25169.56 manat), Seriya: EBBF, 723748 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:1702.66 manat), Seriya: EBBG, 617122 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 19307.79 manat), Seriya: EBBG, 619358 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 722.23 manat), Seriya: EBBH, 308868 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 16516.13 manat), Seriya: EBBH, 306821 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 362.40 manat), Seriya: EBBJ, 622070 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 820.55 manat), Seriya: EBBC, 152708 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 18200.69 manat), Seriya: EBBC, 152436 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 108.94 manat), Seriya: EBBC, 537726 nömrəli, xx.xx.2021-ci il tarixli (7193.05 manat), Seriya: EBBC, 537791 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 116.88 manat), Seriya: EBBC, 537894 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 37.48 manat), Seriya: EBBD, 508773 nömrəli,xx.xx.2021-ci il tarixli (cəmi: 131.59 manat), Seriya: EBBD, 509280 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 10153.69 manat), Seriya: EBBD, 947172 nömrəli, 29.06.202-ci il tarixli (cəmi: 31259.79 manat), Seriya: EBBD, 945826 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 4354.88 manat), Seriya: EBBF, 071380 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 12936.75 manat), Seriya: EBAZ, 493158 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 2916.31 manat), Seriya: EBAZ, 494882 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 22199.59 manat), Seriya: EBBA,355644 nörmrəli, xx.xx.2021-ci il tarixli (cəm i: 149 manat), Seriya: EBBA, 355605 nömrəli, xx.xx.2021-ci il tarixli (17048.59 manat), Seriya: EBBA, 522623 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 346.77), Seriya: EBBA, 521911 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 7583.60 manat), Seriya: EBBA, 986906 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 429.29 manat), Seriya: EBBA, 986869 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:16471.87 manat), Seriya: EBBB, 993567 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 34388.12 manat), Seriya: EBBB, 993047 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 1345.66 manat), Seriya: EBAX, 867824 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 2959.30 manat), Seriya: EBAY, 031112 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:12099.68 manat), Seriya: EBAY, 031151 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 4.05 manat), Seriya: EBAX, 867066 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:92325.67 manat), Seriya: EBAY, 671597 saylı, xx.xx.2021-ci il tarixli (cəmi: 8856.28 manat), Seriya: EBAY, 671531 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:51.58 manat), Seriya: EBAZ, 193617 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:45.53 manat), Seriya: EBAZ: 193595 nömrəli, xx.xx.2021-ci il tarixli (8073.98 manat), Seriya: EBAZ: 334952 nömrəli, xx.xx.2021-ci il tarixli (63.56 manat), Seriya: EBAZ, 334927 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 10986.69 manat), Seriya: EBAZ, 476773 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 2946.58 manat), Seriya: EBAX, 497588 nğmrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 610.08 manat), Seriya: EBAX, 540180 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:15922.42manat), Seriya: EBAX, 718191 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi:6725.73 manat), Seriya: EBAW, 673500 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 13766.81 manat), Seriya: EBAW, 673974 nömrəli, xx.xx.2021-ci il tarixli (cəmi: 32.90 manat), Seriya: EBAT, 205258 nömrəli, xx.xx.2020-ci il tarixli (cəmi: 204.98 manat), Seriya: EBAV, 403386 nömrəli, xx.xx.2020-ci il tarixli (cəmi: 54,34 manat) malların, iş və xidmətlərin yerinə yetirilməsinə dair elektron qaimə-faktura təqdim olunmuşdur.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayış”ına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə 3M-1174,41 nömrəli müqavilə üzrə Cavabdeh 59707 manat borcu yaranmışdır.

11. İş materiallarında olan **********0 nömrəli “Nəzarət kassa aparatının Qeydiyyat Vərəqəsi”ndən görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi Cavabdeh VÖEN ********** AZ3000 İMİŞLİ RAYONU İMİŞLİ ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PROSPEKT ünvanda yerləşən **********-55001 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir.

12. İş materiallarında olan "Araz supermarket” MMC tərəfindən təsdiq edilmiş ********** VÖEN üzrə fərdi sahibkar Cavabdeh göndərilmiş “elektron qaimələr, ödənişlər və yaranmış borc barədə İnternet Vergi İdarəsindən çıxarış”dan görünür ki, ümumilikdə borc 1,003,842 manat, ödəniş 944,135 manat, fərq - 59708 manat təşkil edir.

13. İş materiallarına iş üzrə cavabdeh tərəfindən “Elektron Məhkəmə” sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş "Araz supermarket” MMC-nin adından mühasib X4 və Cavabdeh təsdiq edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “18 setyabr 2020-ci il tarixli “X5 və Gəlirlərin Bölüşdürülməsi barədə” Müqavilə üzrə Qarşılıqlı Üzləşmə aktlarından görünür ki, aktın tərtib edildiyi tarixlərə mağaza üzrə maddi məsul şəxs Cavabdeh "Araz supermarket” MMC-yə borcu yoxdur.

14. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2- 2(121)-1694/2025 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə 4/1391 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “ qarşılıqlı üzləşmə aktlarının kserosurətlərində “X4” qrafalarında əks olunan imzalar tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin imzaların X4 tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir.

15. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2- 2(121)-1694/2025 nömrəli məktubundan görünür ki, tərəflərə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli "Qarşılıqlı üzləşmə aktları"nın əsillərinin məhkəməyə təqdim edilməsi təkif olunmuş və izah edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Macəlləsinin 97.5-ci maddəsinə əsasən fərəf ekspertizanın keçirilməsində iștirak etməkdən imtina edirsə va ya onur keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər”.

16. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsi ilə cavabdeh tərəfindən təqdim edilmiş “üzləşmə aktları” ilə müqayisə üçün nümunə olaraq xx.xx.2021-ci il tarixli 2 səhifədən ibarət “Qarşılıqlı üzləşmə aktı” elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur.

17. İş materiallarından görünür ki, "Araz supermarket” MMC tərəfindən Cavabdeh borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir.

18. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “pul vəsaitinin inkassasiyası barədə” Aktların surətlərindən görünür ki, xx.xx.2022ci il tarixdə 1120 manat, xx.xx.2022-ci il tarixdə 890 manat, xx.xx.2022-ci il tarixdə 753 manat, xx.xx.2022-ci il tarixdə 924 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 925 manat, xx.xx.2022-ci il tarixdə 1145 manat, xx.xx.2022-ci il tarixdə 902 manat, xx.xx.2022-ci il tarixdə 1555 manat, xx.xx.2022-ci il tarixdə 810 manat,xx.xx.2022ci il tarixdə 1015 manat, xx.xx.2022-ci tarixdə 915 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1101 manat məbləğində pul vəsaitləri mağaza tərəfindən təhvil verilmiş və inkassator tərəfindən təhvil alınmışdır.

19. İş materiallarından görünür ki, cəmi dəyəri 360 manat, 1256,78 manat, 1696,60 manat olan malların verilməsinə dair qaimələrin surətləri cavabdehin nümayəndəsi tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Lakin həmin qaimələr təsdiq olunmamışdır.

20. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 269 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 723-cü maddəsinə əsasən, françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. - 724.1-ci maddəsinə əsasən, françayz verən françayz alana standart formalı qeyrimaddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. -725.1-ci maddəsinə əsasən, françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. -727-ci maddəsinə əsasən Françayzinq müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində tərəflər ikitərəfli öhdəlikləri, müqavilənin müddətini, ləğv edilməsi və ya müddətinin uzadılması şərtlərini və müqavilənin digər mühüm elementlərini dəqiq göstərməkdən əlavə, françayzinq sistemini tam təsvir etməlidirlər. - 731.3-ciümaddəsinə əsasən əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alğı-satqı, əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi) götürürlərsə, iştirakçıların hüquq münasibətlərinə bu Məcəllənin həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun:

20.3-cü maddəsinə əsasən, İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

26. Məhkəmə ilk növbədə iddiaçı ilə əsas cavabdeh arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında françayzinq müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan françayzinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir.

27. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş sübutlara, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, İddiaçı MMC ilə Cavabdeh öz aralarında razılığa gəlmişlər ki, cavabdeh istifadəsində olan mağazanı iddiaçıya məxsus olan əmtəə nişanı altında işlədir, bu zaman iddiaçı tərəfindən verilmiş malların satışını iddiaçı ilə razılaşdırılmış qiymətlərlə həyata keçirir, əldə edilmiş gündəlik satış məbləğini iddiaçıya təhvil verir, iddiaçının gəliri çıxıldıqdan sonra qalan məbləğ cavabdehin gəliri kimi ona qaytarılır. Tərəflər münasibətlərini “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi” adlandırdıqları müqavilə əsasında qurmuşlar. İddiaçı əsas öhdəliyə dair müqavilə üzrə münasibətlərə son qoyulduğu zaman cavabdehin (əsas borclunun) iddiaçı qarşısında 59707 manat borc öhdəliyinin qaldığını iddia edərək, həmin borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək tələb edilən borcun mövcud olmadığını iddia edir.

28. Məhkəmə, həmçinin tərəflər arasındakı müqavilənin etibarlılığı ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Tərəflər arasında müqavilə şərtləri, müqavilə üzrə tərəflərin öhdəlikləri barədə mübahisə olmasa da, həmin müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar mübahisənin mövcud olduğu müəyyən edilir. Belə ki, iddiaçı cavabdehə verilmiş malların dəyərinin 59707 manat məbləğində hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir, bununla bağlı sübut kimi müqavilə, elektron qaimə-faktura, maliyyə arayışını sübut kimi məhkəməyə təqdim etmişdir.

29. Cavabdeh isə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş edir və etirazını onunla əsaslandırır ki, o, iddiaçının qeyd etdiyi kimi "xxxx" MMC ilə aralarında xx.xx.2020-ci il tarixli "biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə əsasında İmişli şəhəri H.Əliyev prospekti ünvanında yerləşən **********-55001 kodu olan mağazanı xx.xx.2022-ci il tarixə kimi işlətmiş və hər ay "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə "qarşılıqlı üzləşmə aktı" tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə o, mağazanı "xxxx" MMC-nin nümayəndəsinə təhvil vermişdir. Əgər onun hər hansı bir borcu yaranmış olsaydı bu mütləq üzləşmə aktlarında da əksini tapardı. İddiaçı "Araz supermarket” MMC-nin adından mühasib X1 iştirakı ilə tərtib edilmiş, onun və sonuncunun imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktlarından görünür ki, onun iddiaçıya heç bir borcu olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 izahatında cavabdehin iddiaçıdan təxmini 101000 manat məbləğində mal alındığını, həmin malların 71261,42 manat məbləğində hissəsinin qaytarıldığını, qalan hissəsini isə ödənildiyini, Qaçay Süleymanov və cavabdehin imzaladıqları üzləşmə aktlarının cavabdehin iddiaçıya borcunun olmadığını təsdiq etdiyini bildirmişdir.

30. Göründüyü kimi mübahisənin predmetini iddiaçı tərəfindən cavabdehə verilən malların qalıq dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir.

31. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçıdan təxmini 101000 manat məbləğində mal alındığını, həmin malların 71261,42 manat məbləğində hissəsinin qaytarıldığını, qalan hissəsini isə ödənildiyini bildirdiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 59707 manat məbləğində pulun ödənildiyini və yaxud həmin öhdəliyin icrasından azad olduğunu sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür.

32. Məhkəmə, cavabdehin istinad etdiyi dəlilləri araşdırıb, onlara hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktları etirazın əsası kimi istinad etdiyi halları təsdiq edə bilən mötəbər sübut hesab oluna bilməz. Ona görə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, qeyd olunan aktları imzalamamış, aktların tərtibində iştirak etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1694/2025 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə iş materiallarına əlavə edilmiş 4/1391 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “qarşılıqlı üzləşmə aktları”nın kserosurətlərində “X4” qrafalarında əks olunan imzalar tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin imzaların X4 tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyil.

33. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2- 2(121)-1694/2025 nömrəli məktubundan göründüyü kimi, tərəflərə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli "Qarşılıqlı üzləşmə aktları"nın əsillərinin məhkəməyə təqdim edilməsi təkif olunmuş və izah edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Macəlləsinin 97.5-ci maddəsinə əsasən fərəf ekspertizanın keçirilməsində iștirak etməkdən imtina edirsə va ya onur keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər”. Lakin qeyd olunan aktların əsilləri məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi cavabdehin borcunun olmaması barədə iddiaçı tərəfin təsdiq etdiyi hər hansı bir üzləşmə aktının mövcud olmadığını, onun məhkəməyə nümunə olaraq təqdim etdiyi “üzləşmə aktı”ndan göründüyü kimi həmin aktla, cavabdehin tərəfin təqdim etdiyi “üzləşmə aktları”nın fərqləndiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçının tərtib etdiyi “üzləşmə aktları” 2 səhifədən ibarət olur və hər iki səhifəsi aktı tərtib edən şəxslər tərəfindən imzalanır. Cavabdehin təqdim aktlar isə bundan fərqlənir. Ona görə də, hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi üzləşmə aktları sübut kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi X6 məhkəmənin hazırlıq iclasında sənədlərin əslini növbəti iclasda təqdim edəcəyini bildirmiş, məhkəmə baxış iclasında isə “üzləşmə aktları”nın əslinin iddiaçıda olduğunu və iddiaçı tərəfin həmin aktları bilərəkdən məhkəməyə təqdim etmədiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar cavabdehin nümayəndəsi və vəkili X7 isə izahatında bildirmişdir ki, “Mağaza xx.xx.2022-ci il tarixdə bağlanılmış və mağazada qalıq qalan mallar da iddiaçı tərəfin göndərmiş olduğu nəqliyyat vasitələri ilə daşınmışdır. Bu səbəbdən də iddiaçı ilə cavabdehin arasında tərtib edilmiş üzləşdirmə aktı da hər iki təfəfin adından imzalanmış və təsdiq edilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Üzləşdirmə Aktı həm cavabdeh, həm də iddiaçı tərəfin nümayəndəsi X4 tərəfindən imzalanmışdır. Həmin üzləşmə Aktının əsli iddiaçı tərəfdə olmuş olsa da, bu günədək məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəməyə təqdim etmiş olduqları üzləşdirmə aktı iddiaçı təşkilatda olur, sonra isə cavabdeh həmin üzləşdirmə aktının surətini də iddiaçıdan götürür. Bu səbəbdən də həmin üzləşdirmə aktının əsli iddiaçı tərəfdədir. Onlar üzləşdirmə aktının surətini məhkəməyə təqdim etmiş olsalar da, sənədin əsli təqdim olunmadığı üçün ekspert rəy verə bilməmişdir.”

34. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli "Qarşılıqlı üzləşmə aktları" cavabdeh tərəfindən təqdim edildiyindən, həmin aktların mötəbərliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki iddiaçı tərəf həmin aktların mötəbərliyini qəbul etmir və qeyd olunan aktlarda adıçəkilən, iş üzrə şahid qismində dindirilmiş X4 imzaların ona məxsus olmadığını bildirmişdir.

35. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh tərəf xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli "Qarşılıqlı üzləşmə aktları"nın əsillərinin iddiaçıda, özlərində isə surətlərinin olduğunu bildirsə də, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş həmin aktların elektron “pdf” fayl formatından aydın görünür ki, onlar sənədlərin surətlərindən yox, əsillərindən kopyalanmışdır. Məhkəmə cavabdeh tərəfin bu davranışına tənqidi yanaşır və bunu, cavabdehin iddiaçı qarşısında mövcud öhdəliklərindən əsassız yayınmağa yönəlmiş hərəkətləri kimi qiymətləndirir.

36. Məhkəmə, həmçinin cavabdeh tərəfin irəli sürdüyü “iddiaçının malı verməsi müqavilənin şərtlərinə əsasən ciddi hesabat blankı sayılan formada təhvil-təslim aktı ilə təsdiq edilməli olması ilə əlaqədar dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, təhvil-təslim aktı sübut növüdür. Mübahisə halında müvafiq faktı təsdiq edir. Lakin, həmin aktın olmaması müvafiq faktın digər sübutlarla təsdiqinə mane deyil. AR MPM-nin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Məhkəmə, sonda cavabdeh tərəfin cavabdehə məxsus “Asan İmza”nın iddiaçıda olması ilə əlaqədar dəlilinə hüquqi qiymət verərək, qeyd edir ki, həmin imzanın saxlanması və istifadəsi üzrə məsuliyyət cavabdehin özünün üzərinə düşdüyündən, cavabdehin bu dəlili də əsassız hesab edilir.

38. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəf malların çox hissəsinin qaytarılması və bir hissəsinin isə dəyərini ödənilməsi ilə bağlı irəli sürdükləri dəlillərə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiklərindən, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir.

Məhkəmə xərcləri:

39. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 269 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. 40 İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh 59707 (əlli doqquz min yeddi yüz yeddi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 269 (iki yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar