Məhkəmə qərarları › İş №e-2-2(121)-17/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-17/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-17/2025 17.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 25 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 35159,66 manat əsas, 2848,08 manat faiz, 186,96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 38194,70 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 204.58 manat dövlət rüsumunun (mediasiya ödənişinin) ödənilməsi, Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 38194,70 manat borcun və 204.58 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-EK-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, «Mercedes Benz» markalı (ban: WDB9061331N432536) avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, 01 noyabr 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 20%-lə 24 ay müddətinə 47000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 mülkiyyətindəki **-EK-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, «Mercedes Benz» markalı (ban: WDB9061331N432536) avtomobilə 25 iyul 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21 iyul 2023-cü il tarixədək Cavabdeh3 25 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 35159.66 manat əsas, 2848.08 manat faiz, 747.82 manat cərimə borcu vardır. Cavabdeh3 25 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 747.82 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 186.96 manat məbləğində tələb olunur. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraqCavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırki iş üzrə icraat zamanı ipoteka predmeti olan əmlakın bazar və likvid qiymətinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə tərəfindən 23 noyabr 2023-cü il tarixli məhkəmə - əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 12 dekabr 2023-cü il tarixli rəyinə əsasən iş üzrə ipoteka predmeti olan avtomobilin bazar dəyəri 23000 manat, likvid dəyəri isə 21000 manat müəyyən olunmuşdur. Cavabdeh tərəf həmin rəyə etiraz edərək, təkrar müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Müvafiq vəsatətə əsasən məhkəmənin 18 mart 2024-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli, 9/3431 saylı ekspert rəyinə əsasən iş üzrə ipoteka predmeti olan avtomobilin bazar dəyəri 44000 manat, likvid dəyəri 39500 manat müəyyən olunmuşdur. İddiaçı kimi həmin rəylə razılaşmadıqları üçün tərəflərindən verilmiş vəsatətə əsasən məhkəmə tərəfindən 19 sentyabr 2024-cü il tarixli qərardada əsasən iş üzrə təkrar məhkəmə- əmtəəşünaslıq ekspertizanın təyin edilməsinə dair qərardad qəbul edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 9/8833 saylı ekspert rəyinə əsasən iş üzrə ipoteka predmeti olan avtomobilin bazar dəyəri 44000 manat, likvid dəyəri 39500 manat müəyyən olunmuşdur. Göründüyü kim, iş üzrə "xxxx" MMC-nin rəyi ilə Ekspertiza Mərkəzinin hər iki ekspert rəyi arasında kəskin fərq vardır. Qeyd edirik ki, ilk rəylə sonrakı rəylər arasında müəyyən vaxt keçmiş, ipoteka predmeti olan avtomobil bu dövr ərzində müəyyən istismara və aşınmaya məruz qalmış,bu halda avtomobilin dəyəri daha da aşağı düşməli idi. Lakin buna baxmayaraq, ekspertiza mərkəzinin hər iki ekspert rəyində avtomobilin həm bazar, həm də likvid dəyəri kəskin artmışdır. Ekspertiza mərkəzinin hər iki rəyində avtomobilin həm bazar,həm də likvid qiymətləri tam eyni göstərilmişdir. Bu hal isə onu göstərir ki, Ekspertiza Mərkəzin sonuncu rəyi formal tərtib edilmiş, həmin rəy Ekspertiza Mərkəzinin əvvəlki rəyinə istinad edilərək, formal verilmişdir. Bununla bağlı qeyd edirik ki, "xxxx" MMC-nin rəyində qiymətləndirilən avtomobilin qiymətinin müqayisəsi üçün avtomobil satışı üzrə ixtisaslaşmış müvafiq internet saytında analoji avtomobillər üzrə bir neçə nümunə göstərilib,onlara istinad olunsa da, Məhkəmə-Ekspertiza Mərkəzinin həm əvvəlki həm də 18 dekabr 2024-cü il tarixli, 9/8833 saylı rəyində belə internet məlumatlarına istinad olduğu qeyd edilsə də,həmin mənbədən analoji avtomobillər üzrə heç bir nümunə göstərilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəyində avtomobilin xarakteristikası qeyd edilmiş, avtomobilin işlək mexanizmlərinin (mühərrik, surətlər qutusu, daxili-xarici konstruksiyası, katalizator, akkumlyatoru və s.) vəziyyəti tədqiq edilib, qiymətləndirilsə də, Məhkəmə-Ekspertiza Mərkəzinin həm əvvəlki, həm də 1.8 dekabr 2024-cü il tarixli, 9/8833 saylı rəyində bu məsələlərə toxunulmamış, avtomobilin tədqiqi səthi aparılmışdır. Tərəfimizdən avtomobil satışı üzrə ixtisaslaşmış turbo.az internet saytında hazırki iş üzrə ipoteka predmeti olan avtomobillə analoji olan avtomobillərin qiymətləri üzrə araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan saytda texniki göstəriciləri və istismar vəziyyəti yaxın olan həmin avtomobillərin orta qiyməti təxminən 30,000 manat qeyd edilmişdir. Həmin avtomobillərə dair məlumatlar aşağıdakılardır: Mersedes Sprinter 515.mühərrik gücü 2.7 L, yuruş-150,000 km,2009-cü il buraxılışı, qiyməti-32500 manat; Mersedes Sprinter 311 .mühərrik gücü 2.2 L, yuruş-328,000 km,2011-ci il buraxılışı,qiyməti-32000 manat; Mersedes Sprinter 515.mühərrik gücü 2.2 L. yuruş- 244,113 km, 2009-cü il buraxılışı, qiyməti-29,800 manat; Mersedes Sprinter 515.mühərrik gücü 2.2 L, yuruş-290,000 km, 2009-cü il buraxılışı, qiyməti-29800 manat. Göründüyü kimi, məhkəmə ekspertiza mərkəzinin hər iki rəyi həqiqəti əks etdirmir, həmin rəylərdə qeyd olunan avtomobilin bazar və likvid qiyməti onun faktiki bazar və likvid dəyərindən kəskin yüksək qiymətləndirilmişdir. Ona görə də "xxxx" MMC-nin rəyi aydın, əsaslı və tamdır. Hesab edir ki, qeyd olunan əsaslara görə məhkəmə "xxxx" MMC-nin rəyini sübut kimi qiymətləndirib nəzərə almaqla iddia tələbi tam təmin etməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair e-2- 2(121)-17/2025 saylı kommersiya işi üzrə "xxxx" MMC-tərəfindən təqdim edilmiş 12 dekabr 2023-cü il tarixli rəyinin sübut növü kimi əsas götürüb, nəzərə almaqla iddia tələbinin tam təmin edilməsi məhkəmədən olunur.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafə edərək iddia ərizəsinə və təqdim edilən mülahizəyə uyğun izahat verdi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin Cavabdeh3 nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsində təyin edilmiş məhkəmə iclasında iştirak edəcəyi üçün hazırki iş üzrə məhkəmə baxış iclasında iştirakı mümkün deyil, ona görə də, o, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın qismən təmin edilməsi, yəni əsas və faiz borcunun azaldılaraq təmin edilməsi və cərimənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, digər cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İş materiallarından görünür ki, Cavabdeh3 sahibkarlıq subyekti kimi xx.xx.2017ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanı üzrə qeydiyyatdadır.

11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MCR-1- 1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, Cavabdeh3 120 ay müddətinə, 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.

12. İddiaçı ASC-ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MCR-1- 1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə olaraq bağlanılmış xx.xx.2022-ci il tarixli, 22-MCR-1-1122-21/3 nömrəli kredit razılaşmasının surətindən görünür ki, X3 24 ay müddətinə, kredit üzrə illik cərimə 20% olmaqla, 47000 manat məbləğində kredit verilmişdir.

13. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/11105/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 28-MCR-1-1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/11796/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 28-MCR-1-1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

15. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 28-MCR-1-1122-21/3 nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2024cü il kimi qeyd olunmuşdur.

16. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli A/00352/22 nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh1 məxsus MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, 28-MCR-1-1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərin icrasının təminatı mqəsədilə ipoteka ilə yüklü edilmişdir.

17. xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixədək ümumilikdə əsas borc üzrə 11840 manat, faiz üzrə 4906,11 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 35159,66 manat, faiz borcu 2848,08 manat, cərimə borcu 747,82 manat olmaqla, cəmi borc məbləği 38755,56 manat təşkil edir.

18. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22-MCR-1-1122-21/3 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il vəziyyətinə bazar dəyəri 23.000 (iyirmi üç min) manat, likvid dəyəri 21.000 (iyirmi bir min) manat məbləğində müəyyən edilmişdir.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/128 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 28-MCR-1122- 21/3 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 20 noyabr 2023-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 30830,42 manat, faiz borcu üzrə 4213,49 manat müəyyən edilir.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/3323 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 28-MCR-1122- 21/3 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 07 iyul 2023-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) əsas borc üzrə 35120,72 manat, faiz borcu üzrə 2536,50 manat, 20 noyabr 2023-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 35120,72 manat, faiz borcu üzrə 5131,53 manat müəyyən edilir.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/3431 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 44000 manat, likvid qiyməti 39500 manat müəyyən edilir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/8833 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 44000 manat, likvid qiyməti 39500 manat müəyyən edilir.

24. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-01745 nömrəli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC tərəfindən ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

27. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

30. Mediasiya haqqında qanun

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

31. Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

32. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

33. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

34. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

35. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

36. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

37. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

38. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun 20 noyabr 2023-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) İddiaçı ASC-yə olan borcu, əsas borc üzrə 35120,72 manat, 07 iyul 2023-cü il tarixə (xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə) faiz borcu üzrə 2536,50 manat təşkil edir.

39. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3323 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli, 28-MCR-1122-21/3 kredit razılaşmasında əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

40. Məhkəmə faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək qeyd edir ki, 07 iyul 2024-cü il tarixdə müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz.

41. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 35120,72 manat əsas borcun və ona hesablanmış 2536,5 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. 42.Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 186,96 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

43. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanmış 186,96 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.

44. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

45. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 28-MCR-1-1122-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı qarşısında xx.xx.2022-ci il tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

46. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3431 saylı və xx.xx.2024-cü il tarixli, 9/8833 saylı ekspert rəylərində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 44000 manat, likvid qiyməti 39500 manat müəyyən edilmişdir.

47. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8.12.2024-cü il tarixli, 9/8833 saylı ekspert rəyi əsas götürülməlidir. Ona görə ki, həmin ekspert rəyi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə əldə olunaraq iş materiallarına əlavə olunmuş, bundan sonra iddiaçının nümayəndəsi eyni əsaslarla yenidən vəsatət vermiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun vəsatəti təmin edilməmişdir. İddiaçı tərəf hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirərkən "xxxx" MMC-tərəfindən təqdim edilmiş 12 dekabr 2023-cü il tarixli rəyi n əsas götürülməlidir. Lakin məhkəmə iddiaçının mövqeyi və irəli sürdüyü dəlillərlə razılaşmır. Ona görə ki, iddiaçı mülahizəsində göstərdiyi xüsusatları təkrar ekspertizanın təyin edilməsi haqqında vəsatətində də göstərmiş və məhkəmənin müvafiq qərardadı ilə təkrar məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin verdiyi müvafiq ekspert rəylərində ipoteka predmetinin orta bazar qiyməti və likvid qiymətinin eynilik təşkil etməsi, həmin rəylərin qanunsuzluğuna dəlalət etmir, əksinə bir rəyin digəri ilə üst-üstə düşməsi onların məzmunun reallığa daha yaxın olduğunu göstərir.

48. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 35120,72 manat əsas borc, 2536,5 manat faiz borcu, 186,96 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına xx.xx.2022-ci il tarixli, 28-MCR-1122-21/3 kredit razılaşması üzrə yaranmış göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

49. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan “2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 39500 (otuz doqquz min beş yüz) manat məbləğində müəyyən edilməlidir.

50. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 35120,72 manat məbləğində əsas borc, 2536,5 manat məbləğində faiz borcu, 186,96 manat məbləğində cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 38044,18 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Tələb Cavabdeh1 mülkiyyətində olan 2009cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 39500 manat məbləğində müəyyən edilməli, həmin nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 38044,18 manat məbləğində borc ödənilməli və əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

52. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməli, həmçinin iş üzrə nəqliyyat vasitəsinin-daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir.

Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 35120,72 manat məbləğində əsas borc, 2536,5 manat məbləğində faiz borcu, 186,96 manat məbləğində cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 38044,18 (otuz səkkiz min qırx dörd manat, on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsin. Cavabdeh1 məxsus 2009-cu il buraxılışlı MERCEDES BENZ Markalı, SPRİNTER 906 OK 35 YÜK Modeli, FURQON Tipi, AÇİQ BOZ METALLİK rəngli, ban Ns: WDB9061331N432536 .mühərrik N°: **********0416, 77EK209 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 39500 manat məbləğində müəyyən edilsin, həmin nəqliyyat vasitəsi açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 38044,18(otuz səkkiz min qırx dörd manat, on səkkiz qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəşünaslıq ekspertizalarıının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 (dörd yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə nəqliyyat vasitəsinin-daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar