Məhkəmə qərarları › İş №e-2-2(121)-1705/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1705/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1705/2023 14.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı – zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərin onun icarəsində olan Masallı şəhəri 20 yanvar küçəsində “Sərfəli Ticarət” Mərkəzində yerləşən 0,9 kvadrat metr qeyri-yaşayış obyektindən çıxarılmaları, ona vermədikləri icarə haqqı olan 1920 manat pulun, 110 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə Masallı rayonunda anadan olmuşdur. Hal-hazırda da Masallı rayonunda qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olaraq sahibkarlıq fəaliyyətini həyata keçirərək vergi ödəyicisidir. Masallı rayonu “Köhnə Bazar” adlanan yerdə Sərfəli Ticarət Mərkəzində icarəyə götürdüyü bir neçə qeyriyaşayış obyekti vardır. Həmin obyektlərdə ayaqqabı və başqa əşyaların pərakəndə satışı ilə məşğul olur. Mübahisəli obyektini əvvəllər bazardan tanıdığı Cavabdeh1 ondan icarəyə istəmiş və o da bazar rəhbərliyindən rəsmi qaydada razılıq ərizəsi alaraq ona aylıq 320 manata icarəyə vermişdir. Bir neçə ay aylıq ödənişləri etmişdir. 2023-cü ilin yanvar ayından hal-hazıradək cavabdehlər ona icarə haqqını ödəməmişlər. Cavabdehdən yerinin boşaldılmasını tələb etdikdə cavabdeh və onun iki oğlu digər cavabdehlər üzərinə hücum çəkmişlər və onu ölümlə hədələmişlər. Dəfələrlə şikayəti üzərinə Masallı rayon Polis Şöbəsində araşdırmalar aparılmışdır. Cavabdehlər polis şöbəsində verdiyi izahatlarında da onun dediklərini təsdiq etmişlər. Dəfələrlə cavabdehlərə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayarq onlar onun obyektini təhvil vermirlər və həmçinin ona olan 1920 manat borclarını qaytarmırlar. İddiaçı məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Masallı rayon İcra Hakimiyyəti, “Sərfəli” Ticarət Mərkəzi və X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 80 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən və “Sərfəli” Ticarət Mərkəzində fəaliyyət göstərən, ümumi sahəsi 5951 kv.m. olan qeyri-yaşayış sahəsinin 111 kv.m-i İddiaçı icarəyə verilmişdir. İcarə haqqı ayda 350 manat təşkil etmişdir. İş materiallarında olan “Sərfəli” Ticarət Mərkəzinin icraçı direktoru Afər Cahangirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, A-07/44 saylı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 80 saylı müqavilədə göstərilən 111 kv.m. ərazini digər (və yaxud 3-cü) şəxsə icarəyə verilməsinə etiraz edilməmişdir. İşə əlavə edilən “Sərfəli” Ticarət Mərkəzinin icraçı direktoru Afər Cahangirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A-25/44 saylı arayışın surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 80 saylı müqavilə tərəflərin razılığı ilə növbəti 3 ay müddətinə uzadılmışdır. İşdən görünür ki, iddiaçı cavabdehlərə əmlakın boşaldılması və borcun ödənilməsi ilə bağlı pretenziya məktubları göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-11710/2023 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1 adına ümumi birgə mülkiyyət hüququ ilə Masallı rayonu, Ərkivan kəndində yerləşən 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. “Sərfəli” Ticarət Mərkəzinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X2 ilə X3 arasında bağlanmış 80 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən hüquqlar qeydiyyata alınmamışdır. Beləliklə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X2 ilə İddiaçı arasında 80 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən və “Sərfəli” Ticarət Mərkəzində fəaliyyət göstərən, ümumi sahəsi 5951 kv.m. olan qeyri-yaşayış sahəsinin 111 kv.m-i İddiaçı icarəyə verilmişdir. İcarə haqqı ayda 350 manat təşkil etmişdir. Müqavilənin 3 ay ərzində qüvvədə olması göstərilmişdir. Lakin, qeyd edilən icarə müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə qeyd edilən müqavilənin müddəti müqavilə tərəflərin razılığı ilə növbəti 3 ay müddətinə uzadılmışdır. Göstərilən tarixdən sonra müqavilənin müddətinin uzadılmasına dair iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Bu da müqavilənin müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə dəlalət edir. Bundan başqa, göstərilən müqavilə əsasında qeyd edilən sahənin iddiaçı tərəfindən cavabdehlərdən hər hansı birinə subicarəyə verilməsi halı da müəyyən edilməmişdir. Araşdırılması zamanı həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin nə hazırki iş üzrə iddiaçının, nə cavabdehlərin, nə də üçüncü şəxslər “Sərfəli” Ticarət Mərkəzi və X1 mülkiyyətində (o cümlədən, üçüncü şəxslərin qanuni sahibliyində və istifadəsində) olması müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhərində “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın zamanı mübahisəli qeyri-yaşayış sahəsi də yanaraq məhv olmuşdur. Bu hal xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı iddiaçı və Cavabdeh2 tərəfindən də etiraf edilmişdir. Göründüyü kimi, üçüncü şəxs Afər Cahangirov ona məxsus olmayan əmlakla (yəni, əmlakın onun mülkiyyətində və ya qanuni sahibliyində istifadəsində olmasına dair hər hansı sənəd təqdim edilməmişdir) bağlı iddiaçı Namiq Kərimovla 80 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üçüncü şəxs Afər Cahangirova məxsus olmamış, həmçinin həmin əmlakla bağlı iddiaçı ilə üçüncü şəxs Afər Cahangirov arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 80 saylı icarə müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Bundan başqa, iddiaçı ilə cavabdehlərin arasında ümumiyyətlə hər hansı subicarə müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 144.1-ci maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır Qeyd edilən Məcəllənin 146.1 – 146.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göstərilən Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Yenə həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə hesab edir ki, qeyd edilən icarə müqaviləsi (həmin icarə müqaviləsi əsasında subicarə müqaviləsinin bağlanması isə müəyyən olunmur) 3 ay müddətinə (yəni, 11 aydan az müddətə bağlandığından) bağlandığından, həmin müqaviləyə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına zərurət olmasa da, mübahisəli əmlak daşınmaz əmlak olduğundan onunla bağlı bağlanmış icarə müqaviləsinin (və ya subicarə müqaviləsinin) notariat qaydasında təsdiq edilməli idi. Lakin, icarə müqaviləsi (və ya subicarə müqaviləsi) notariat qaydasında təsdiq edilmədiyindən və həmin müqavilə(lər) qeyd edilən əmlaka hər hansı bir hüquqları olmayan şəxslər arasında bağlandığından, tərəflərin heç birinin qeyd edilən qeyriyaşayış sahəsinə dair göstərilən icarə müqaviləsindən (və ya subicarə müqaviləsindən) irəli gələn hər hansı bir hüquqları olmamış və həmin icarə müqaviləsi (və ya subicarə müqaviləsi) qüvvəyə də minməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icarəsi müqaviləsinin (və onun əsasında bağlanmış subicarə müqaviləsinin) qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə araşdırılması zamanı qeyd edilən icarəsi müqaviləsinin (və onun əsasında bağlanmış subicarə müqaviləsinin) qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən, həmin müqavilə əhəmiyyətsiz əqddir. Buna görə də, həmin müqavilə(lər) mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Bundan əlavə, məhkəmə araşdırılması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixdə Masallı şəhərində “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın zamanı yanaraq məhv olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qeyd edilən qeyri-yaşayış sahəsi yanğın zamanı yanaraq tamamilə məhv olduğundan, iddiaçı sözügedən əmlaka hüququnu itirmişdir. Odur ki, iddiaçının qeyd edilən icarə müqaviləsinə əsaslanaraq mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı (həmçinin, üçüncü şəxs Afər Cahangirov) göstərilən qeyri-yaşayış sahəsinin qanunla müəyyən edilmiş qaydada icarədarı olmadığından, iddiaçının hər hansı bir hüquqları pozulmamış, ümumiyyətlə onun belə hüquqları olmamışdır. Buna görə də, iddia tələbi əsassızıdır və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının mübahisəli əmlaka hər hansı bir hüququ olmadığından onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Buna görə də iddia tələbi əsassızdır. Digər tərəfdən, 80 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinin icarədarı və ya hər hansı bir üsulla həmin qeyri-yaşayış sahəsindən qanunla müəyyən edilmiş qaydada istifadə etməsi, həmçinin icarəyə verməsi üçün hüququ olduğu öz təsdiqini tapmadı. Buna görə də onun hazırki iddia tələbi əsassızıdır və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın 110 manat dövlət rüsumunun (halbuki, 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir) cavabdeh(lər)dən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar