Məhkəmə qərarları › İş №e-2-2(121)-1705/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1705/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1705/2025 05.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 1237,08 AZN məbləğində əsas kredit borcu və 233,53 AZN məbləğində penya olmaqla,cəmi 1470,61 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 34,71 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 və Cavabdeh2 ilə 38FİZAM108503604 və 38FİZAM158562303 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1237,08 manat məbləğində əsas kredit borcu və 233.53 manat məbləğində penya olmaqla,cəmi 1470,61 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindəyik. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 38FİZAM108503604 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İş materiallarında olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2025-cü il tarixə 1237,08 əsas borc, 233,53 faiz borcu olmaqla, ümumilikdə 1470,61 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini birtərəfli qaydada ləğv ləğv etdiklərini bildirərək, kredit müqaviləsi üzrə yaranmış 1337,08 manat əsas, 0 manat faiz, 85,42 manat cərimə borcunun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh1 və X1 isə iddiaçı bankla bağladıqları zaminlik müqaviləsi ilə kredit müqaviləsi üzrə əsas borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərlərinə götürmüşlər. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh3 əsas və faiz borcundan ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqavilələri, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini Cavabdeh3 öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh3 tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, cavabdehlərin iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 233,53 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iş üzrə digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və X1 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliyini pozduğuna görə zaminlərin kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci tarixli kredit razılaşması üzrə 1237,08 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu və ödənilmiş 34,71 manat dövlət rüsumu olmaqla, cəmi 1291,79 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar