Məhkəmə qərarları › İş №e-2-2(121)-1736/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1736/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1736/2025 05.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış İcarə Müqaviləsinə əsasən, 550,97 manat məbləğində icarə haqqı borcu, habelə 40 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan icarə müqaviləsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 12 m hissəsini icarəyə verməyi, “İcarəçi” isə aylıq 160 (ƏDV daxil) manat məbləğində icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5-ci maddəsinə əsasən, “İcarə” haqqı 1 təqvim ayı üçün 160 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. Müqavilənin 6-cı maddəsinə əsasən, “İcarəçi” icarə haqqını “İcarə verənin” hesabına və ya qanunla müəyyən olunan şərtləri riayyət etməklə nağd ödəyir. Ödəmə müddəti hər ay üçün həmin ayın 5-i. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib sahəni icarəyə verməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixli İC-0104/21 saylı müqavilə üzrə 550,97 manat ödənilməmiş borcu yaranmışdır. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən İddiaçı MMC-yə “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞC/1/000802 nömrəli arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən 40 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16087,3 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə (İcarəyə verən) Cavabdeh MMC (İcarəçi) arasında Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək İC-0104/21 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin: 1-ci bəndinə əsasən “İcarəyə verən” aşağıda göstərilən Soyuducu Anbarın (Abşeron r-nu, Xırdalan şəhəri, Həsən Əliyev pr.(Xırdalan) ev 38) 12 m² hissasini (bundan sonra Sahə) “İcarəçiyə” icarəyə verməyi, “İcarəçi” isə həmin Sahəni İcarəyə qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını “İcarəyə verənə” ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən, Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 31 mart 2022-ci il tarixinədək qüvvədədir. Müqavilə müddətinin bitməsinə 1 ay qalanadək Tərəflər müqavilənin xitamı barədə yazılı bildiriş vermədikdə Müqavilə daha bir 1 (bir) il müddətinə uzadılır və Tərəflər ona xitam verənədək qüvvədə qalır. 3-cü bəndinə əsasən, İcarə müddəti tərəflər arasında imzalayan Sahənin verilməsinə dair akta göstərilən tarixdən başlanır. İcarə müddəti bitməsinin tarixi tərəflər arasında imzalayan Sahənin qaytarılmasına dair aktla müəyyən edilir. 4-cü bəndinə əsasən, İcarəyə verilən Sahənin normal vəziyyətdə olması İcarəçinin iştirakı ilə yoxlanılır və bu, Sahənin verilməsi aktda öz əksini tapmalıdır. 5-ci bəndinə əsasən, İcarə haqqı 1 (bir) təqvim ayı üçün 160 (bir yüz altmış manat) manat (ƏDV daxil) məbləğində müəyyən edilir. 6-cı bəndinə əsasən “İcarəçi” icarə haqqını İcarə verənin hesablaşma hesabına və ya qanunla müəyyən olunan şərtləri riayət etməklə nəğd ödəyir. Ödəmə müddəti - hər ay üçün həmin ayın 5-i. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 550,97 manat məbləğində icarə haqqı borcunun ödənilməsi tələb edilmiş, əks halda məsələnin hüquqi müstəvidə həlli ilə bağlı zəruri tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan elektron-qaimə fakturalardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə cəmi 1281,7 manat məbləğində icarə haqqı borcu barədə qaimə təqdim etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 40 manat ödəniş edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən hər ay 160 (ƏDV daxil) manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, İddiaçı tərəfindən Cavabdeh MMCyə cəmi 1281,7 manat məbləğində icarə haqqı borcu barədə qaimə göndərildiyi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halını isə cavabdehin icarə haqqı borcunun 550,97 manat məbləğində olması barədə iddiaçının tələbi təşkil edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, cavabdeh tərəfindən məzmunu mübahisələndirilməyən pretenziya məktubuna istinad edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı iddiaçının gətirdiyi dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında icarə haqqı məbləği aylıq 160 (ƏDV daxil) manat olaraq razılaşdırılmışdır. Həmçinin, icarə haqqı borcu ilə bağlı cavabdehə ümumilkdə cəmi 1281,7 manat məbləğində qaimə-faktura təqdim edildiyi də işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi ödənilməmiş icarə haqqı tələbinə münasibətdə tam təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 40 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh “X1”MMC-nin nümayəndəsi imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcinin ödənilməsi ilə iddiaçıya əlavə zərər vurulmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 550,97 manat məbləğində borc və 40 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 590,97 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar