Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1737/2025 10.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – borc tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – xx.xx.2023-cü il tarixli KM-İM-49/23 saylı icarə müqaviləsinə əsasən, 794,84 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 399,16 manat olmaqla, cəmi 1.194 manat məbləğində borcu, habelə 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçı və cavabdeh arasında bağlanan KM-İM-49/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən icarəyə verən, icarəçiyə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının müəyyən hissəsini malın yerləşdirilməsi məqsədi ilə icarəyə verməyi, icarəçi isə müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, icarə haqqının hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçirilir: icarəçi 20 kvadrat metr sahədə 20 tona qədər mal saxlaya bilər və müqavilə qiyməti 560 manat təşkil edəcək. Sahə 20 kv.m-dən artıq olduğu halda icarəçi artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. Sahədə saxlanılan malın çəkisi 20 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 manat hesablanacaq. Müqavilənin 4.2-ci maddəsinə əsasən, icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 4.3-cü maddəsinə əsasən, icarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək icarəçinin vəzifəsidir. İddiaçı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli KM-İM-49/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq icarəçinin hələ də müqavilə üzrə 794,84 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 399,16 manat olmaqla, cəmi 1.194 manat borcu qalmışdır. İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə cavabdehə elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC (icarəçi) ilə İddiaçı (icarəyə verən) MMC arasında bağlanmış 49/23 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-nin əmlakına aid soyuducu ünvan 2 ünvanında yerləşən anbarında malın yerləşdirilməsi üçün kifayət edən hissəsini cavabdehə 6 ay müddətinə icarə verməyi, icarəçi isə 20 kvadrat metr sahənin icarə haqqının 560 manat təşkil edəcəyi, sahə 20 kv.m-dən artıq olduğu halda icarəçi artan hər kv.m görə hər ay əlavə 28 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalardan görünür ki, Cavabdeh MMC-nin cəmi ödənilməli icarə haqqı borcu 794,84 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdehin icarə haqqı üzrə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında soyuducu anbarının bir sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 399,16 manat məbləğində deyil, 40 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 32 manat məbləğində dövlət rüsumunun 30 manatı (yəni, 834,84 manat münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, KM-İM-49/23 saylı icarə müqaviləsi üzrə 794,84 manat əsas borc, 40 manat dəbbə pulu, cəmi 834,84 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1737/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1737/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver