Məhkəmə qərarları › İş №e-2-2(121)-174/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-174/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-174/2023 16.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borcun tutulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 347,84 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən (bundan sonra – Xidmət) həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN8: 1********) arasında xx.xx.2014-ci il tarixdən xx.xx.2064-ci ilə qədər bağlanmış xx.xx.2014-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”nə əsasən bir illik icarə haqqı 48,0 (qırx səkkiz) manat təşkil etməklə 4,0 (dörd) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2022-ci il tarixə torpaq icarə haqqı üzrə 347,84 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 170,84 manat məbləğində torpaq icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cl maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 39 nömrəli “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, 4 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 50 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 48 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 347,84 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh icarə haqqı üzrə borcu 347,84 manat təşkil edir. Göründüyü kimi, cavabdehin icarə haqqı üzrə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 12 may tarixli 1017 №-li fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”-nin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, qanunda nəzərdə tutmuş hallar istisna olmaqla dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq rayon (şəhər) icra hakimiyyəti orqanlarının deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, cavabdeh torpaq icarəsi müqaviləsi əsasında torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməli olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, 170,84 manat məbləğində icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 170,84 manat məbləğində icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 170,84 (bir yüz yetmiş manat, səksən dörd qəpik) manat məbləğində icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar