Məhkəmə qərarları › İş №e-2-2(121)-1761/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1761/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1761/2025 07.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7920.42 manat əsas borc və 1595.07 manat faiz borcu olmaqla, cəmi 9515.49 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və 115.15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə (kv.m): 118.73 ) yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 07 dekabr 2021-ci il tarixli GA.311757.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şosesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 )) 07 dekabr 2021-ci il tariхli GA.311757.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Bundan başqa, həmin Baş Sazişə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 20% dərəcəsi ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq,cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli Bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclular Cavabdeh1 və Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli GA.311757.1 nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 150000 manat olan krediti illik faiz dərəcəsi 24% olmaqla 84 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli kredit müqaviləsinə əsasən, Bank məbləği 25000 manat olan krediti illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli krеdit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 7935 manat pul (kredit) verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 7920,42 manat, faiz borcu 1290,36 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 ) İddiaçı ASC-də yenidən yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə (kv.m): 118.73 ) İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 9515,49 manat məbləğində borcun xəbərdarlıq alındığı gündən 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e- 2-2(121)-1761/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3171 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2025-ci il tarixə əsas borcu üzrə 7837,40 manat, faiz borcu üzrə 1876,91 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e- 2-2(121)-1761/2025 nömrəli qərardadı ilə ipoteka predmeti daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə hesabatı ilə Cavabdeh2 məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 43930 manat və likvid dəyəri 39537 manat məbləğində olması müəyyən olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli krеdit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2025-ci il tarixə əsas borcu üzrə 7837,40 manat, faiz borcu üzrə 1876,91 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borc məbləği məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən həddə, faiz borc məbləği isə iddia ərizəsində və maliyyə arayışında göstərilən həddə müəyyən edilməlidir. Məhkəmə, iddianın “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qiymətləndirmə rəyi əsasında məhkəmə tərəfindən 39537 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə 100 manat məbləğində ekspertiza xərci və 600 manat məbləğində qiymətləndirmə xərci Cavabdeh1 tutularaq aidiyyəti üzrə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 07 dekabr 2021 il tariхli, 600875-311757/1 nömrəli kredit müqaviləsi üzrə 7837,40 manat məbləğində əsas borc, 1595,07 manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat rüsum, 36 manat xidmət haqqı və 115,15 manat dövlət rüsumu olmaqla, cəmi 9598,62 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 39537 manat məbləğində müəyyən edilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 600 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Müxbir hesab AZ10NABZ**********000005644, Hesab nömrəsi AZ85ACAB********************, bankın kodu 505000) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar