Məhkəmə qərarları › İş №e-2-2(121)-1781/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1781/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1781/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 131940.23 (yüz otuz bir min doqquz yüz qırx manat 23 qəpik) manat borcun, 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, borc məbləğinə hesablanmış 31.95 (otuz bir manat 95 qəpik) manat faiz məbləğinin, cəmi 132362.18 (yüz otuz iki min üç yüz altmış iki manat 18 qəpik) manat məbləğində pulun alınlb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 193159 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ona məxsus ərzaq və qeyri ərzaq məhsullarını qaimə faktura əsasında satır, alıcı isə həmin malları alır. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasıtəsilə alıcıya çatdırsa da alıcı-cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı MMC xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək qaimə fakturalara əsasən cavabdehə ümumilikdə 1439101,78 (bir milyon dörd yüz otuz doqquz min yüz bir manat 78 qəpik) manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, həmin məbləğdən ümumilikdə 1307161,55 (bir milyon üç yüz yeddi min yüz altmış bir manat 55 qəpik) manat məbləgi ödənmişdir və nəticədə 131940.23 (yüz otuz bir min doqquz yüz qırx manat 23 qəpik) manat borc qalmışdır. Bir necə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh İddiaçı MMC-nin hesabına ödəniş etməmişdir. xx.xx.2019-cu il tarixli 193159 №-li alqı-satqı müqaviləsinin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 (on beş) gün ərzində ödənilməsi qeyd edilmişdir. Ona görə də hesab edilir ki, elektron qaimə üzrə 131940.23 (yüz otuz bir min doqquz yüz qırx manat 23 qəpik) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu və borc məbləğinə hesablanmış 31.95 (otuz bir manat 95 qəpik) manat faiz məbləği də cavabdehdən tutulmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, “25 il əvvəl bir yerdə işlədiyim Fərhad Mirzəyev məni işlədiyi şirkətə dəvət eldi. Mən bu təklifi qəbul etdim və onunla işləməyə getdim. X1 Fabrikasının konditer və Ukraynanın ərzaq məhsulları gətirilirdi. Mən də bu məhsulların satışı ilə məşğul olurdum. Az vaxtdan sonra Kiyev şəhərində yerləşən Roşen firmasından da məhsullar gətirilməyə başlandı. Satış zamanı mənə fərqli yanaşılırdı. O vaxt şirkətin öz maşınları yox idi. Mən ayda iki dəfə kamaz maşını ilə mal gətirirdim və hər dələ 250 manat pul xərcləyirdim. Ayda 40, 50, 60 min manat dövriyyəm olurdu. Akif Hacıyev tapşırmışdı ki, Ədalətə dövriyənin 1 faizini verin. Nəzarəti də ancaq özü aparırdı. Yəni ayda mənə 400, 500, 600 manat pul verilirdi. Ancaq başqa satıcılara satışdan 7,8 faiz pul verilirdi. Mənə isə 13 il 1%, 2 il 2%, sonradan 3% vermək istədi mən buna etiraz etdim. Mənə 7% xərc verildi. Hər il şirkətin 2 dəfə sıfırlaşması olurdu ona görə ki, sentyabr ayında fındıq tədarükü zamanı, o biri sıfırlaşma, ilin axrında olurdu. Sentyabr ayında ona görə ki, X2 fındıq zavodu tikmişdi. Türkiyədə Roşen şirkəti açan Akif Hacıyev heçnə ilə qane olmurdu. Təkcə Azroşendən ildə 5 milion gəlir əldə edirdi. İllərlə vicdanla Akif Hacıyevə xidmət etdiyimə baxmayaraq, məni məhkəməyə verib. Xahiş edirəm ekspertiza təyin edin malları yoxlasın. Mənim uzun illər zəhmət çəkdim pul qazandım. Akif Hacıycv isə bütün pulları mənimsədi. Hər ilin Avqust, Sentyabr aylarında xarab olmuş, qurd salmış malları hər yerdə olduğu kimi mənə də qaytarırdılar. Dəfələrlə müraciət etmişəm ki məndə xarab mallar var. Onlarıda məndən götürün. Hətta bir dəfə mal gətirən maşına xarab mallardan qaytardım, üstümə gəldi. Ancaq hər dəfə maşınlarda xarab malların qayıdışını görürdüm. Ən faciəvisi bu idi ki, gələn vaqonlarda Ajclli və Karovka Roşen külli miqdarda şirəli gəlirdi. Bununda satışı mümkün deyildi. Məndə olan xarab malların pulunu Akif Hacıyev mənimsəyirdi. Şəriklərindən gizli satışa yararlı olmayan mallar mənə göndərilirdi. Bu malları geri qaytarılması nə qədər desəm də qəbul olunmurdu. Hər il vergi orqanına 8-10 min manat qazanmadığım pulu köçürürdüm, ondan başqa işçilərin əmək haqqısı mənim üzərimdə idi. Onlar o vaxt rəsmi faktura ilə işləmirdilər. Ona görə ki, faizlər bilinməsin, mən isə aldadılırdım. Akif Hacıyev mənə etdiyi xəyanətə görə məni qarşısında görmək istəmirdi. Mənə Fəriddən xəbər göndərirdi ki, hər 10.000 min mala görə əlavə 3000 manat ödəməlisən, mən isə bundan imtina etdim, səbəbi budur ki, mən insanları aldatmalı idim. Qazandığım 2021-ci ildə 8 ay, 2022-ci ildə tam, 2023-cü ildə nə qədər işləmişdimsə dəfələrlə müraciət elməyimə baxmayaraq mənə ödənilməmişdir. 2021-ci ildə Fərid 3 dələ Lənkərana gəlib 1-ci dəfə 28000 manat, 2-ci dəfə 25000 manat, 3-cü dəfə 51000 manat pul vermişəm, bu pullar Bakıdan mənim adımdan köçürülməli idi. Mənim həyatımı məhv edən Akif Hacıyevdir. 25 il zəhmət çəkdim. Qışda, dumanda, buzlu yollarda, yayın 45 dərəcə istisində maşına oturub konfeti mağazalara, kəndlərə, şəhərə paylayırdım. Bütün bunların qazancınıda Akif Hacıyev mənimsəyirdi elə bil helə belədə olmalı idi. X3 mənə iddia qaldırıb 131943 manat 23 qəpik tələb edirsə nə üçün şirkətin mühasibatlığından bilmirdi ki, 2021-ci ildə dəfələrlə onlara mənim faizlərim olduğu barədə Akif Hacıyevə dəfələrlə çağırış elmişəm o isə qulaq ardına vurub, nəyə görə mənə göndərilən xarab mallar barədə dələlərlə çağırışıma cavab verməyib. Yalançının yaddaşı olmaz bir dəfə dedi ki, belə razılaşmışıq, ikinci dəfə dedi ki vaxtında deməmisən. Fərhad Mirzəyev nəyə görə bilmir ki, hansı pulları ödəmişəm. Onun bu işlərdən xəbəri olmayıb, ola da bilməz.” İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2004-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Lənkəran şəhəri, Qala-Xiyabani 13/23 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 193159 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürürlər. 1.2-ci bəndinə əsasən, malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti Tərəflər arasında razılaşdırılaraq müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab olunan Qiymət razılaşdırılması protokolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən, Satıcı malı müqaviləyə uyğun olaraq Alıcının müəyyən etdiyi yerdə Alıcıya təhvil verməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2016-cı ildən - xx.xx.2023-cü il muddətədək "xxxx" MMC-dən e-qaimə fakturalarla 1439101,78 (bir milyon dörd yüz otuz doqquz min yüz bir manat 78 qəpik) manat məbləğində mal göturmüş, həmin məbləgdən 1307161,55 (bir milyon üç yüz yeddi min yüz altmış bir manat 55 qepik) manat ödəmiş (ƏDV daxil), qalan ödənilməyən məbləğ 131940.23 (yüz otuz bir min doqquz yüz qırx manat 23 qəpik) manat təşkil edir. Cavabdeh "Azroşen' MMC-nə 131940.23 manat borcu var. İş materiallarında olan Malların təhvil-qəbul aktları və elektron qaimə-fakturaların surətlərindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 1439101,78 manat dəyərində olan mal təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 193159 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 131940,23 manat məbləğində borcun 15 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının rəhbər şəxsləri tərəfindən aldanıldığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi (təhviltəslim aktlarına əsasən), təhvil verilmiş malların ümumi dəyərinin 1439101,78 manat məbləğində olması (elektron qaimələrə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 131940.23 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə və müqaviləyə əlavə olan protokolun şərtlərinə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə göndərilmiş elektron qaimə-faktiralara, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etirazda iddiaçı tərəfindən aldadıldığı qeyd olunsa da, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının təxirə salınmasını, iddia üzrə təqdim olunmuş sübutları təkzib edən faktları məhkəməyə təqdim etmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti nəzərə alınaraq məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Lakin cavabdeh tərəfindən bu müddətdə də iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni və protokolu, malların təhvil verilməsinə dair aktları, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 131940,23 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 131940,23 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 131940,23 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini 31,95 manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyadakı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 131940,23 manat məbləğində əsas borc, 31,95 manat məbləğində faiz borcu və ödənilmiş 390 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 132362,18 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar