Məhkəmə qərarları › İş №e-2-2(121)-1789/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1789/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1789/2025 25.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada əsas borc üzrə 2548,29 manat, cərimə üzrə 566,19 manat olmaqla, cəmi 3114,48 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 51,15 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 6220***-*******01L saylı əsas kredit limit razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik 30%-dən çox olmamaq şərti ilə 400.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli, 6220***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində bağlanmış xx-xx-2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 illik 17% ödəmək şərti ilə 24 ay müddətinə 50.000 manat kredit verilmişdir. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx-xx-2022ci il tarixli, 6FİZAM135114301 saylı zaminlik müqaviləsi bağlanmış və o kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2025–ci il tarixə Banka olan borcunun məbləği əsas borc üzrə 2548,29 manat, faizlər üzrə 0 manat, cərimə üzrə 566,19 manat olmaqla,cəmi 3114,48 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. İddia ərizəsi tərtib edilərkən əsas kredit limit müqaviləsindən, onun tərkib hissəsi olan kredit razılaşmasından, ödəniş cədvəlindən, zaminlik müqaviləsindən, borc haqqında arayışdan, bank hesabından çıxarışdan və sairə sənədlərdən istifadə edilmişdir. Tərəflərin izahatları:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6220***- *******01L əsas “Kredit Limiti Razılaşması”na əsasən İddiaçı ASC 400.000 manat məbləğində 120 ay müddətinə kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu kredit razılaşmasının tərkib hissəsi olan kredit razılaşmaları imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6220***- *******01L əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasının surətindən görünür ki, həmin razılaşmanın 2-ci və 4-cü bəndlərinə əsasən, bu razılaşmanın imzalanması ilə “Kreditverən” xx.xx.2022-ci il tarixli 6220***-*******01L əsas “kredit limiti razılaşması” çərçivəsində illik 17 faiz dərəcəsi ilə xx.xx.2027-ci il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 50.000 manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18%-dir.

10. xx.xx.2022-ci il tarixli 6220***-*******01L əsas “Kredit Limiti Razılaşması”nın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixədək 50000 manat əsas, 9350,48 manat faiz borcu olmaqla, cəmi 59350,48 manat məbləğində ödəniş edilməlidir.

11. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx-xx-2022-ci il, tarixli 6FİZAM135114301 saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr əsasən, Borclunun Kreditor qarşısında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminlərin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir və zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar.

12. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 2548,29 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 0 manat, cərimə borcu 566,19 manat təşkil edir.

13. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən yaranmış 2548,29 manat əsas borc, 0 manat kreditdən istifadəyə görə faiz borcu, cərimə üzrə 566,19 manat olmaqla, cəmi 3114,48 manat məbləğində borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir.

14. **********58 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 51,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

a) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Məhkəmə baxışının hədləri:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsinin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddianın əsassızlığına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

22. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə üzrə iddiaçı qarşısında Cavabdeh1 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünəə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

23. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc tam olaraq əsaslıdır. Belə ki, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərkən artıq müqavilələrdən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. İş materiallarından göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə 2548,29 manat krеdit bоrcu məbləğində əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borc müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə, həmçinin iddiaçı tərəfindən hesablanmış və tələb olunan 566,19 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 100 manat müəyyən edilməlidir.

25. Beləliklə, məhkəmə işin hallarını və sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2548,29 manat əsas borc, 100 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 46,48 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 4,67 manat isə iddiaçının özünə aid edilməlidir. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2548,29 manat məbləğində əsas borc və 100 manat məbləğində cərimə olmaqla, cəmi 2648,29 (iki min altı yüz qırx səkkiz manat, iyirmi doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 46,48 (qırx altı manat, qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4,67 (dörd manat, altmış yeddi qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar