Məhkəmə qərarları › İş №e-2-2(121)-179/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-179/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-179/2024 09.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 358745-CNS-40213 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 1.189,89 manat məbləğində əsas borc, 107,85 manat məbləğində faiz borcu, 175 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.472,74 manat pul məbləğinin və 65 manat ödənilmiş mediasiya dair xərci Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 358745-CNS-40213 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 12 ay müddətinə 1.725 (bir min yeddi yüz iyirmi beş manat) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Eyni zamanda, Cavabdeh ilə 02 noyabr 2022-ci il tarixli, № İİD_YL 358745-01 saylı Korporativ Biznes kart hesabı müqaviləsi bağlanılmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və xx.xx.2023-cü il tarixinə Cavabdeh Banka 1.189,89 (bir min yüz səksən doqquz manat, 89) manat məbləğində əsas borc, 107.85 (bir yüz yeddi manat,85) manat məbləğində faiz borcu, 175 (bir yüz yetmiş beş) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.472,74 (bir min dörd yüz yetmiş iki manat 74 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehin rəsmi qeydiyyat ünvanına, habelə Astara rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli, 358745-CNS-40213 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə xx.xx.2023-cü il tarixədək 1.725 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 1.725 manat məbləğində pul vəsaiti Cavabdeh bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 02 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1.189,89 manat əsas borc, 107,85 manat faiz borcu, 175 manat cərimə borcu olmaqla, ümumilikdə 1.472,74 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, mediasiya prosesinin xərci olaraq 65 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kredit üzrə yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin 175 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 175 manat deyil, 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 65 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 noyabr 2022-ci il tarixli 358745-CNS-40213 saylı kredit müqaviləsi üzrə 1.189,89 manat əsas borc, 107,85 manat faiz borcu, 30 manat cərimə borcu və 65 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.392,74 (bir min üç yüz doxsan iki manat, yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar