Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-179/2025 15.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaqdan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaqdan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X5 Təsərrüfatı” MMC-nin icarəsində olan Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 20 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 20 hektar torpaq sahəsinin “X5 Təsərrüfatı” MMC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 20 iyun 1995-ci ildə rayon icra hakimiyyətinə müraciət edilərək kənd təsərrüfatı məhsulları istehsal etmək üçün yaradılmış fermer təsərrüfatına torpaq sahəsi ayrılmasına köməklik göstərilməsi xahiş edilmiş, Saatlı rayon X1 rəyasət heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 saylı qərarına əsasən 50 kektar və 20 noyabr 1997-ci il tarixli müraciətə əsasən isə Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 saylı sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatına 40 hektar torpaq sahəsi, ümumilikdə isə 90 hektar torpaq sahəsi ayrılmışdır. 11 oktyabr 2004cü ildə Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri arasında 90 hektar torpaq sahəsinin icarəyə götürülməsi barədə 137 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə də bağlanmışdır. Hazırda Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 saylı sərəncamı və 11 oktyabr 2004cü il tarixli 137 saylı torpaq sahəsinin icarəyə veilməsi haqqında müqavilə qüvvədədir və ləğv edilməmişdir. 2017-ci il tarixdən yuxarıda qeyd edilmiş 90 hektar torpaq sahəsinin 20 hektar hissəsini Cavabdeh qanunsuz olaraq zəbt edərək istifadə edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində "xxxx" kəndli fermer təsərrüfatı icarəsində olan torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəsini dayandıraraq, torpaq sahəsindən çıxması xahiş edilsə də, cababdeh torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmamışdır. Beləliklə mübahisənin məhkəmə qaydasında həll olunması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edilir ki, cavabdehin "xxxx" kəndli fermer təsərrüfatının icarəsində olan torpaq sahəsindən qanunsuz istifadəsinə qadağa qoyulmalı, onun torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin "xxxx" kəndli fermer təsərrüfatına təhvil verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. O da qeyd edilməlidir ki, “X5 Təsərrüfatı” MMC "xxxx" kəndli fermer təsərrüfatının hüquqi varisidir. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, “iddiaçı “Bərəkət MMC-nin Cavabdeh (yəni mənə) qarşı «Torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair» iddia ərizəsi ilə müraciət edərək Cavabdeh "xxxx" MMC-nin icarəsində olan Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 20 hektar torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq, həmin torpaq sahəsindən çıxarılması və 20 hektar torpaq sahəsinin “Bərəkət MMC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, mən 2019-cu il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdim ki, mənə kənd təsərrüfatlı torpaq sahəsi verilsin. Sonra ərizəm Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icraata götürüldü və xx.xx.2020-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinə Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən məktub ünvanlamış və məktubda göstərilmişdir ki, həmin torpaq sahəsi örüş sahəsi olmaqla dövlət ehtiyat fond torpaq sahəsidir və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi mümkün deyildir. Həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmayan torpaq sahəsidir və hal-hazırda həmin 30 hektar torpaq sahəsi Cavabdeh qzının istifadəsindədir. Sonra akt tərtib olunmuş və 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən GPS aləti ilə həmin yerin koordinatları müəyyən edilmiş və 3 nəfər şəxs – Elçin Kərimov, Elvin Axundov və Saatlı rayon inzibati ərazi dairəsinin nümayəndəsi Rəşad Qəhrəmanov olmuşlar. Sonra Şirvan MMC-yə müraciət edilərək bildirilmişdir ki, mənim istifadəmdə olan torpağa dair xəritə hazırlanması üçün 547 manat dövlət rüsumu hesablanmışdır. Həmin rüsum mən tərəfdən tam ödənilmişdir. Rüsum ödənildikdən sonra mənə yerquruluşu xəritəsi təqdim edildi. Xəritə mütəxəssislər tərəfindən tərtib olunmuş və qanuni şəkildə təsdiq edilmişdir. Mən də, 2019-cu ildən bu günə kimi 2024-cü ilədək istifadə edirəm və həmin yararsız torpaq sahələrinin yararlı olması üçün öz vəsait hesabıma abadlaşdırmışam və əvvəllər də arpa, buğda, pambıq əkmişdim. Həmin yerdən heç bir xərc bu günə kimi götürə bilməmişəm. Səbəbi odur ki, torpaq çox yararsız hala qaldığı üçün onun inkişaf etdirilməsi mümkün olmamışdır. İddiaçının isə məndən tələbi əsassız və qanuna ziddir. Onun qaldırdığı iddia ilk dəfə olaraq 1-ci instansiya məhkəməsində baxılmamış saxlanılmışdır. Belə ki, iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasını 9 aydan sonra istəmişdir. Mənim isə haqlı olmam 1-ci instansiya məhkəməsində keçirilən proseslərdən məlum olmuşdur. Ona görə də hazırki iddia tələbinin təmin olunması absuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Saatlı Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********25 saylı məktubdan görünür ki, Saatlı şəhər sakini Cavabdeh ayrılması nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı şəxsin adına dövlət qeydiyyatına alınıbalınmaması barədə müvafiq arayışın hazırlanması ilə əlaqədar mütəxəssisin ezam olunmasına dair 29 iyul 2020-ci il tarixli 32/1708 nömrəli məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə vətəndaş Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə etdiyi 30.0 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, qeyd olunan torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazası ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 30.0 ha torpaq sahəsi X7 torpaqlarına aid olmaqla üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. Göründüyü kimi əvvəlki ekspertiza üzrə suallar obyektiv araşdırılmamışdır. 11 oktyabr 2004-cü il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilədə göstərilən nömrə üzərində dəyişiklik olmuş və 30 dekabr 1998-ci il tarixli göstərilən sərəncamın nömrəsində belə qaralama edilərək dəyişiklik edilmişdir. Çünki həmin istifadəmdə olan 30 hektar torpaq sahəsi dövlət ehtiyat fond torpaqlarına daxil olmaqla iddiaçı Nümayəndə hər hansı formada aidiyyəti belə yoxdur. Belə görünür ki, burada vəzifə saxtakarlığı baş vermişdir. Qarşı tərəfin məqsədi odur ki, Cavabdeh, yəni mənim 30 hektar torpaq sahəmin 20 hektar torpaq sahəsi Duru Həsənovaya məxsus olmuşdur. Onun varisi oğlu Arif Həsənov hətta 1ci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə teleqram vasitəsi ilə müraciət edərək bildirmişdir ki, mərhum anası X4 rayon inzibati ərazi dairəsində 20 hektar kənd təsərrüfat təyinatlı Xəyal kəndli fermer təsərrüfatı olmayıb və iddia onun torpaq sahəsinin mərhum anası ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxs Arif Həsənov sübut kimi öz şəxsiyyət vəsiqəsinin surəti, mərhum anasının ölüm haqqında şəhadətnaməsinin surətini və öz ərizəsini 1-ci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmədə işə yekun vurulmadığı üçün həmin sübutlara hüquqi qiymət verilməmişdir. Hansı ki, bu Xəyal fermer kənd təsərrüfatı sərəncamda Sarı su ehtiyyat fond torpağında fəaliyyət göstərmişdir. Sarı su ilə bizim ərazimiz arasında böyük uzaq bir məsafə vardır. Bu torpağın var olması öz əksini tapmamışdır. "xxxx" MMC saxta kağızlarla həmin torpağı öz ərazisi kimi qanunsuz olaraq göstərmişdir. Göründüyü kimi həmin sərəncamda da 1,20 hektar torpaq sahəsi Saatlı rayon ərazisində yerləşir və mənim 20 hektar torpaq sahəm isə Saatlı rayon ərazi inzibati dairəsində yerləşir. Sonra həmin qarşı tərəflə Saatlı rayon İcra Hakimiyyəti ilə aralarında xx.xx.2004-cü il tarixdə bağlanmış icarə müqaviləsində rəqəmlərə qərəzli olaraq müdaxilə olunmuş və həmin icarə müqaviləsinin arxivdə belə əsli yoxdur. Həmin icarə müqaviləsində Saatlı rayon İcra Başçısının imzası, həmin imza deyil, əmək kitabçasında olan Gülhüseyn Əhmədovun imzasını sübut kimi məhkəməyə təqdim edəcəm. 40 hektar torpaq sahəsinin dövlət aktın əslin məhkəməyə təqdim edilsin. İddiaçının irəli sürdüyü tələbə dair bütün sənədlərin əsli olaraq məhkəməyə təqdim etməsi zəruridir. Əgər bu hal öz əksini taparsa, mənim barəmdə ədalətli qərar qəbul ediləcəkdir. Ona görə də hazırki iddianın rədd olunması zəruridir.” İddiaçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında yazılı etirazına uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə prosesinə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi və Saatlı Rayon İcra Hakimiyyəti lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin yazılı və şifahi izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatdan və 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Uçota dair arayış”dan görünür ki, “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci i tarixdə kommersiya hüquqi şəxsi qismində ********** qeydiyyat nömrəsi ilə (VÖEN) qeydiyyata alınmışdır və “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayon XDS-nin xx.xx.1995-ci il tarixli 6/54 nömrəsi ilə qeydə alınan "xxxx" kəndli (fermer) təsərrüfatının bazasında yaradılmışdır və onun hüquqi varisidir. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışlar. İş materiallarında olan Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarının 3 və 4-cü bəndlərinə əsasən, "xxxx" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə rayonun X7 torpağının hal-hazırda kənd təsərrüfatı məhsulları istehsal olunmayan sahəsinin 50 hektarının kolxozun razılılğı əsasında kəndli (fermer) təsərrüfatına ayrılması məqsədə müvafiq hesab edilmiş, qeyd olunan torpaq sahəsinin tərtib edilmiş yer quruluşu sənədlərinə uyğun olaraq Şimaldan “Araz” kiçik müəssisəsinin torpağı ilə, Şərqdən ehtiyat fondu torpağı ilə, Cənub-Şərqdən ehtiyat fondu torpağı ilə, Cənub Qərbdən “Araz” kolxozunun torpağı ilə və Şimal Qərbdən isə ehtiyat fondu torpağı ilə həmsərhəd olaraq ayrılması qərara alınmışdır. İş materiallarında olan “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, həmin aktla Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarına əsasən "xxxx" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsi üzərində hüquqlar xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamının 2 və 3-cü bəndlərinə əsasən, dövlət torpaq fondundan “Nəva” yoldaşılıq birliyinə verilmiş 20 hektar torpaq sahəsinin və və B №000302 saylı Dövlət aktınin, Sarı-su Dövlət ehtiyat torpaq fondundan “Xəyal” kəndli fermer təsərrüfatına verilmiş 20 hektar torpaq sahəsinin və B №000408 saylı Dövlət aktının geri alınması, həmin torpaq sahələrinin "xxxx" kəndli (fermer) təsərrüfatına verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, "xxxx" KFT-nin istifadəsinə ayrılmış 50 hektar torpaq sahəsinə dair Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarının və 40 hektar torpaq sahəsinə dair Saatlı Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamının qüvvədən düşməsi ilə əlaqədar rayon İcra hakimiyyətində hər hansı bir sənəd mövcud deyildir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 1998-ci il tarixli, 241 nömrəli sərəncamı əsasında Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri arasında bağlanmış 11 oktyabr 2004-cü il tarixli 137 nömrəli “Torpaq icarəsi müqaviləsi”nə əsasən, 90 hektar torpaq sahəsi 90 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə "xxxx" kəndli fermer təsərrüfatının icarəsinə verilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov tərəfindən Saatlı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə vətəndaş Cavabdeh istifadə etdiyi 30 hektar torpaq sahəsinə yerində baxış keçirilmiş, qeyd olunan torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazası ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, X3 faktiki istifadəsində olan 30 ha torpaq sahəsi X7 torpaqlarına aid olmaqla üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. İş materiallarında olan “plan”ın surətindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/2805 saylı və xx.xx.2021-ci il tarixli 03/503 saylı məktublarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Saatlı rayonu inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ehtiyat fond torpaqlarından heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilməsi nəzərdə tutulan 30 ha örüş sahəsinin situasiya planı hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən Saatlı rayon İcra Hakimiyyətinə ünvanlanmış “Torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi barədə” xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, Saatlı rayonunun inzibati ərazisində yerləşən 30 ha torpaq sahəsinin heyvandarlıq məqsədilə Cavabdeh icarəyə verilməsinə razılıq bildirilməsi barədə Saatlı rayon İcra Hakimiyyətinin müraciətinə baxılmışdır. Bildirilir ki, yerquruluşu planı hazırlanarkən məlum olmuşdur ki, döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh ayrılması nəzərdə tutulan 30 hektar torpaq sahəsinin 20 hektarı Saatlı Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş, X7na aid 90 hektar torpaq sahəsi ilə üst-üstə düşür, digər 10 hektar sahəsi isə X7 torpağıdır. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" kəndli fermer təsərrüfatının rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin məktubla "xxxx" kəndli fermer təsərrüfatının icarəsində olan 90 hektar torpaq sahəsinin subicarəyə verilməsinə etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1073 nömrəli rəyinə əsasən, aparılmış ekspertizanın nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19,20 hektarı Cavabdeh istifadəsindədir. "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19,20 hektarı Cavabdeh istifadəsində olan 30 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər materiallara əsasən müəyyən edilmiş işin faktiki halları belədir ki, iddiaçı icarə hüququ ilə ona məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini iddia edir, cavabdeh isə istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini, əlavə olaraq iddiaçıya verilmiş torpaq ayırma sənədlərin saxta olduğunu bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan mübahisə onların istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə öz hüquqi həllini tapa bilər. Qeyd edilən xüsusatlar isə ilk növbədə xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutların qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli hallarının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapacaqdır. Məhkəmə qeyd edir ki, işdə olan məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1073 nömrəli rəyi ilə, "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19,20 hektarının Cavabdeh istifadəsində olması, "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19,20 hektarının Cavabdeh istifadəsində olan 30 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin xüsusi bilik tələb edən xüsusatı ilə bağlı ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatlarına əsasən tərtib edilmiş mübahisəli torpaq sahələrinin “Yerquruluşu planı”ndan istifadə edilmişdir. Məhkəmə, ekspert rəyini (mütəxəssi rəyi ilə birlikdə) işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab edir ki, rəy mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəyinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, cavabdeh tərəfindən də ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, təqdim olunmuş ekspert rəyi mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququnun olması işdə olan digər sənədlərlə də təsdiq olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən Saatlı rayon İcra Hakimiyyətinə ünvanlanmış “Torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi barədə” xx.xx.2021-ci il tarixli məktubda, döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh ayrılması nəzərdə tutulan 30 hektar torpaq sahəsinin 20 hektarının Saatlı Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş, X7na aid 90 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Məhkəmə, iddiaçıya verilmiş torpaq ayrılmasına dair sənədlərin saxta olması ilə bağlı cavabdehin iddiasına münasibətdə qeyd edir ki, işdə olan Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sənədlərdə iddiaçının icarəsinə torpaq sahəsinin verilməsinə dair rayon icra hakimiyyəti tərəfindən verilmiş sənədlərin qüvvədə olduğu bildirilmişdir, eləcə də həmin torpaq sahəsinin bir hissəsi üzərində hüquqlar müvafiq dövlət aktı ilə qeydiyyata alınmışdır. Bu sadalananlar cavabdehin həmin arqumentinin əsassız olduğunu təsdiq etməklə yanaşı, cavabdeh tərəfindən də öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddia tələbi həm təyin edilmiş ekspertizanın nəticələrinə dair rəylə, həm də işdə olan digər sənədlərlə öz təsdiqini tapdığına görə əsaslı hesab edilməlidir və iddiaçının hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olması təsbit edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin icarəçisi statusundan irəli gələn qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini digər şəxslərin qanunsuz müdaxilələrindən qorumaq və bununla əlaqədar hüquq müdafiə vasitələrindən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 3-cü hissəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaqdan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh 30 hektar torpaq sahəsinin onun qanuni istifadəsində olduğunu iddia etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, işdə olan “Situasiya planı”na hüquqi qiymət verərək qeyd edir ki, həmin plan Saatlı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/2805 saylı və xx.xx.2021-ci il tarixli 03/503 saylı məktublarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Saatlı rayonu inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ehtiyat fond torpaqlarından heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilməsi nəzərdə tutulan 30 ha örüş sahəsinin situasiya vəziyyətinin müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır. Situasiya planı mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi planlaşdırılan torpaq sahələrinə dair tərtib olunan texniki mahiyyət daşıyan sənəd olması etibarı ilə, heç bir halda torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd hesab edilə bilməz. Belə ki, qüvvədə olan qanunvericilik aktlarının tələblərinə görə torpaq sahəsinin hər hansı bir hüquqla ayrılması (verilməsi), onun mülkiyyət növünə, kateqoriyasına və digər göstəricilərinə uyğun olaraq yalnız onun mülkiyyətçisi tərəfindən qəbul edilmiş müvafiq akt və (və ya) tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilə bilər. Məhkəmə, iddia tələbini qismən təmin edərək nəzərə alır ki, işdə olan ekspert rəyinə əsasən zəbt edilmiş torpaq sahəsinin ölçüsü 19,20 hektar təşkil edir. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “X5 Təsərrüfatı” MMC-nin icarəsində olan Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 19,20 hektar torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi “X5 Təsərrüfatı” MMC-nə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-179/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-179/2025
15.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver