Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1791/2024 02.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2700 manat borcun və 47 manat dövlət rüsumunun, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Saatlı rayonu Mollavazlı kəndində yaşayır və ailəsini kənd təsərrüfatından gələn gəlir vasitəsilə dolandırır. Əkinçiliklə və heyvandarlıqla məşğul olur. Həyətində iri buynuzlu heyvanlar saxlayaraq gəlir əldə edir. Saatlı rayonu Bəylik kəndində yaşayan cavabdeh Bağırov Əlibaba Bağır oğlu iri buynuzlu heyvanların alveri ilə məşğul olur. İddiaçı 18 mart 2024-cü ildə cavabdeh Bağırov Əlibaba Bağır oğluna 2700 (iki min yeddi yüz) manat verərək, ondan balası ilə birlikdə 1 (bir) baş iri buynuzlu heyvan (inək) almışdır. Heyvanı həyətə gətirdikdən sonra ona məlum olmuşdur ki, heyvan xəstədir və süd vermir. O, cavabdeh Bağırov Əlibaba Bağır oğluna iradını bildirmişdir və cavabdeh 01 aprel 2024-cü il tarixdə iddiaçıya satdığı bir baş yanı balalı iri buynuzlu heyvanı həyətindən aparmışdır. Cavabdeh, iddiaçıdan aldığı 2700 manat pulu yaxın vaxtda qaytaracağını bildirmişdir. İddiaçının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytarmır. Cavabdeh Bağırov Əlibaba Bağır oğlundan pulunun alınması məqsədi ilə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Saatlı rayonu Polis Şöbəsində iddiaçıya şikayətinin mülki xarakterli olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, işin ümumi və ya kommersiya məhkəməsində baxılmasına dair aidiyyət məsələsinin tərəflərin iştirakı ilə araşdırılması zəruridir. Bu məqsədlə iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında cavabdehdən satın aldığı inəyi gəlir əldə etmək üçün deyil, ailə üzvlərinin istifadəsi (inəyin südündən və s.) və ailə təsərrüfatında istifadə etmək məqsədi ilə əldə etdiyini, cavabdehlə heç bir birgə sahibkarlıq fəaliyyətlərinin olmadığını, hazırki iddiası ilə şəxsi (ailə) tələbatı üçün aldığı inəyin xəstə olması ilə əlaqədar ödədiyi pulu cavabdehdən geri tələb etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, hazırlıq iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyətinə dair qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə hazırki iş üzrə mübahisəyə, tərəflərin birgə və (və ya) ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi kommersiya məhkəmələrində baxılması mümkün deyildir. Belə ki, İddiaçı izahatından məlum olmuşdur ki, tərəflər arasında ev heyvanının (inəyin) adi alğı-satqısına dair razılaşma olmuşdur və hazırki mübahisə həmin alğı-satqı münasibətlərinə əsasən yaranmışdır. İddiaçı ev heyvanını (inəyi) şəxsi (ailə) ehtiyaclarına görə əldə etdiyini, cavabdehlə hər hansı bir kommersiya xarakterli münasibətlərinin omadığını bildirmişdir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu qənaətə gəlir ki, işin hallarından alğı-satqı obyektinin şəxsi istifadə məqsədi ilə satın alındığı, buna görə də alğı-satqı müqaviləsi üzrə tərəflər arasında yaranmış münasibətin xarakterinin tərəflərin birgə və ya ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən olunur. Məhkəmə İddiaçı ilə Cavabdeh arasında mövcud olan hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, həmin münasibətləri tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər kimi xarakterizə etmək olmaz. Tərəflərin hər ikisinin sahibkarlıq subyekti olması faktını nəzərə alaraq, mübahisənin adi mülki və ya kommersiya xarakterli olmasını müəyyən edən mühüm və başlıca meyar olan tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsini məhkəmə vacib hesab edir. İşdən görünür ki, tərəflər arasında heyvanların alğı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və iddiaçı satın aldığı heyvanı ailə ehtiyacları üçün əldə etdiyini bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində bu amil əsas və başlıca rol oynayır. Bununla müəyyən edilir ki, İddiaçı alğı-satqı obyekti olan ev heyvanını (inəyi) sahibkarlıq məqsədi, biznes fəaliyyəti ilə bağlı deyil, şəxsi istehlak məqsədi ilə almışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, həmin alğı-satqı müqaviləsindən yaranan mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur. Məhkəmənin gəldiyi bu nəticə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında şərh olunan mövqeyinə də uyğundur. Belə ki, adı çəkilən Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” Məhkəmə vurğulayır ki, Plenumun qeyd olunan mövqeyindən də göründüyü kimi, hətta mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olması halında belə, kreditin (baxılan işdə alğı-satqı obyektinin) sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflərin subyekt tərkibi kommersiya mübahisələrinə müvafiq olsa belə, hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla hazırki işə kommersiya mübahisələrindən irəli gələn iş kimi baxıla bilməz. Yekun olaraq məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin onların birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə cavabdehin rəsmi qeydiyyat yeri üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Ərizəyə əlavə edilən sənədlərə və portaldan çıxarışa əsasən iş üzrə Cavabdeh ünvan 1i ünvanı üzrə qeydiyyatda olduğu müəyyən edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24-26, 31, 32, 263, 264, 267-269 və 403-1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1791/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1791/2024
02.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver