Məhkəmə qərarları › İş №e-2-2(121)-1793/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1793/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1793/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Hacıqabul rayon Qubalıbaloğlan kənd sakini 1984-cü il təvəllüdlü Cavabdeh 2023-ci ilin iyun ayından həmin ilin avqust ayının sonuna kimi ticarət məqsədilə (yumurta satışı, toyuq-cücə, meyvə-tərəvəz və.s satışı) 2500 manat (iki min beş yüz) pul vermişdir. Qeyd edilir ki, bu pulu iddiaçı Cavabdeh borc məqsədilə yox iş birliyi üzrə ticarət məqsədilə vermişdir. Əvvəllər Cavabdeh ilə səmimi münasibətləri olmuş, öncəki ticarət münasibətlərində iddiaçıya qarşı dələduzluq etməmişdir. Qeyd edilir ki, razılaşmaya əsasən Cavabdeh ticarətdən əldə olunan gəliri iki hissəyə böləcəkdi və qoyulan sərmayəni (pulu) qısa zamanda geri ödəyəcəkdi. Sonralar iddiaçı pulun ödənməsini ondan dəfələrlə tələb etsə də, iddiaçıya söyüş-təhqir ifadələri ilə cavab verirdi. İddiaçı bununla bağlı Cavabdeh DİN-nin 102 qaynar xəttinə şikayət edərək, Şirvan ŞPŞ-nin Təhqiqat bölməsində ifadə vermişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı daha sonradan araşdırma edərək öyrənmişdir ki, Cavabdeh Hacıqabul rayonunda (kənd sakinləridə daxil olmaqla) bir neçə şəxsin etibarından suistifadə edərək onlara məxsus xırdabaş heyvan və meyvə tərəvəz məhsullarını alaraq bildirib ki, malı satım qısa zamanda ödənişinizi edəcəm. Lakin bu günə qədər həmin şəxslərində pulunu ödəməyib. Cavabdeh Azərbaycan Respublikasında və digər ölkələrdə məhkumluğu olub. İddiaçı sonuncu dəfə Cavabdeh 2023-ci ilin sentyabr ayında zəng edib pulu tələb etmiş, cavabdeh ona bildirmişdir ki, nar meyvəsinin yığımı, satışı mövsümü başlayır, tez bir zamanda borcumu ödəyəcəm. Lakin yenə də borcunu ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuş, İddiaçı müraciəti mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh borc verdiyi 2500 manat məbləğində pulun 5 gün ərzində geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı 2023-ci ilin iyun ayından həmin ilin avqust ayının sonuna kimi ticarət məqsədi ilə cavabdehə 2500 manat məbləğində pul borc verdiyini, dəfələrlə tələb etməyinə baxmayaraq cavabdehin borcu qaytarmadığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını borc müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir (hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyada). Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-742-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara, cavabdeh tərəfindən yazıldığını iddia etdiyi etirafedici məktuba, cavabdehə ünvanladığı pretenziya məktubuna istinad edir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan 2500 manat məbləğində borcun iddiaçıya qaytarılmaması öz təsdiqini tapır. Tələb olunan 2500 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas tələb olunan 2500 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı razılaşmaya əməl edərək 2500 manat məbləğində pulu cavabdehə borc olaraq vermişdir, lakin cavabdeh pulu borc olaraq alsa da, tələb edilməsinə baxmayaraq borcu qaytarmamışdır. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216-220 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2500 manat məbləğində borc və ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2545 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar