Məhkəmə qərarları › İş №e-2-2(121)-1794/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1794/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1794/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “X5” MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, 17-01/24 saylı müqaviləyə əsasən yaranmış 59.650,53 manat məbləğində əsas borcun, 2982,52 məbləğində hesablanmış faiz borcunun, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 400 manat pulun, dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 282 manat pulun, cəmisi 63,314,1 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 17 yanvar 2024-cü il tarixli 17-01/24 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, satıcı "xxxx" MMC müqavilə qüvvədə olduğu müddətdə, ALİCİ "xxxx" MMCnin ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda Malları-buğda, qarğıdalı və s. satmağı, alıcı isə həmin malları, satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və malların dəyərini ödəməyi öz öhdəsinə götürür. Belə ki, müqavilənin 1.1 Bu Müqaviləyə əsasən satıcı, Müqavilə qüvvədə olduğu müddətdə, Alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda Malları-buğda, qarğıdalı və s. satmağı, Alıcı isə həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və malların dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1 bəndinə əsasən; Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək; 3.1 bəndinə əsasən; Bu müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən ünvanda Satıcı tərəfində Alıcıya təhvil veriləcəkdir; 4.1 bəndinə əsasən; Müqaviləyə əsasən Alıcı, malın dəyərinin ödənilməsini, Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Bildirirəm ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də Cavabdeh MMC tərəfindən görülən xidmətin müqabilində iddiaçıya ödənməli olan pul məbləğini ödəməmişdir. xx.xx.2024-cü il tarixli, 00460456 nömrəli elektron qaimə-faktura sənədinə görə 29658,5198 manat, xx.xx.2024-cü il tarixli 522203 nömrəli elektron qaiməfaktura sənədinə görə 29992.02 manat olmaqla cəmisi 59.650,53 manat məbləğində buğda cavabdehə satılmış, təhvil verilmişdir. Bu malların dəyəri xx.xx.2024-cü il tarixli, 00460456 nömrəli elektron qaiməfaktura sənədinə görə 29658,5198 manat, xx.xx.2024-cü il tarixli 522203 nömrəli elektron qaimə-faktura sənədinə görə 29992.02 manat olmaqla cəmisi 59.650,53 manat təşkil edir. Qeyd edim ki, dəfələrlə tərəfimizdən Cəmiyyətdən borcun ödənilməsi barədə şifahi qaydada xahiş və tələb edilsə də, eyni zamanda xx.xx.2024-cü il tarixdə elektron kargüzarlıq vasitəsilə pretenziya ilə xəbərdarlıq edilsə də, xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə xəbərdarlıq edilsə də cavabdeh MMC tərəfindən bugünədək 59.650,53 manat borc məbləği iddiaçıya ödənməmişdir. Göründüyü kimi Cavabdeh MMC iddiaçıya olan borcunu ödəməmiş, öhdəliyini pozmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixli, 17-01/24 saylı müqaviləyə əsasən 59.650,53 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsindən göründüyü kimi, Qanunla faiz məbləği olaraq illik 5% müəyyən edilmişdir. Odur ki, hesab edirik ki, əsas borc məbləği olan 59.650.5398 manat məbləğin 5%-i, yəni 2982,52 manat məbləğində pul da hesablanmış faiz olaraq Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Hesab edirik ki, mövcud vəziyyətdə iddia tələbimiz tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5” MMC-nin nümayəndəsi X3 izahatında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X5” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 17-01/24 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə, Alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda mallarıbuğda,qarğıdalı və s. satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağə və malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - MT2403 seriyalı, 00460456 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, “X5” MMC tərəfindən Cavabdeh MMC-yə 29.658 manat məbləğində buğda verilmişdir. - EBEA seriyalı, 522203 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, “X5” MMC tərəfindən Cavabdeh MMC-yə 29.992 manat məbləğində buğda verilmişdir. - xx.xx.2024-cü il tarixli saylı ödəniş qəbzindən görünür ki, “X5” MMC tərəfindən hüquqi xidmətə 400 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2024-cü il tarixli nömrəli ödəniş qəbzindən görünür ki, “X5” MMC tərəfindən 282 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 59.650,53 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 gün ərzində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 17-01/24 saylı malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 59.650,53 manat məbləğində mallar verilsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə malları təhvil verməsi, sonuncunun həmin malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdehin 59.650,53 manat məbləğində əsas borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın “gecikdirilmiş dövr üçün 2.982,52 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, xidmətlər eyni zamanda müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaiməfakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (equtu) ötürülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətləri qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 89 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında göndərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən əsasən cavabdehin 59.650,53 manat məbləğində əsas borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının malların ona göndərilməsini təkzib edən, o cümlədən borcun tam və ya qismən ödənilməsi barədə məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən icra müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % tələbinin məbləği 2.982,52 manat olmaqla müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 400 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı 400 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 282 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 278 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 59.650,53 manat məbləğində əsas borc, 2.982,52 manat məbləğində faiz borcu, vəkilə ödənilmiş 200 manat və 278 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 63.111,05 (altmış üç min yüz on bir manat, beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar