Məhkəmə qərarları › İş №e-2-2(121)-1822/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1822/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1822/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli 022A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2144.14 manat məbləğində kredit bоrcu, 271.89 manat məbləğində faiz bоrcu və 70.33 manat məbləğində cərimə olmaqla, cəmi 2486 (iki min dörd yüzsəksən altı) manat 36 (otuz altı) qəpik məbləğində bоrcun, xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6268.17 manat məbləğində kredit bоrcu, 804.81 manat məbləğində faiz bоrcu və 220.98 manat məbləğində cərimə olmaqla, cəmi 7293 (yeddi min iki yüz doxsan üç) manat 96 (doxsan altı) qəpik məbləğində bоrcun və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və 17.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (ikimin beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 022A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, götürdüyü kredit bоrcundan 355.86 manat ödəniş etmiş və оnun iddiaçıya 2144.14 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 164 gün üçün hesablanmış faiz borcu 271.89 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 164 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 70.33 manat təşkil edir. Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsiəsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 022A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, götürdüyü kredit bоrcundan 2731.83 manat ödəniş etmiş və оnun iddiaçıya 6268.17 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 169 gün üçün hesablanmış faiz borcu 804.81 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 169 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 220.98 manat təşkil edir. Göstərilən kredit müqavilələrinə müvafiq olaraq Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.500 manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 2.500 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, bank ilə zamin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 20 ay təşkil etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 2.144,14 manat məbləğində əsas borc, 271,89 manat məbləğində faiz borcu, 70,33 manat məbləğində cərimə borcu, cəmi 2.486,36 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 022A********** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9.000 manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 9.000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdələrinə götürmüşdür. İşdə olan "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sazişlərdən görünür ki, bank ilə zaminlər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış zaminlik müqavilələrinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 27 ay təşkil etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 6.268,17 manat məbləğində əsas borc, 804,81 manat məbləğində faiz borcu, 220,98 manat məbləğində cərimə borcu, cəmi 7.293,96 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 13.05. 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 100 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2022-ci il tarixli, 022A********** saylı və xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit müqavilələri üzrə Cavabdeh2 2.500 manat və 9.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin kreditləri alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında zaminlik müqavilələrinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehlər xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında izahat verərək hər iki kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu qəbul etdiklərini, lakin maddi imkanları olmadığı üçün borcun hissəhissə ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh2 kredit müqavilələri əsasında iddiaçıdan kredit alsa da kredit məbləğini iddiaçıya tam qaytarmamışdır. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 2.144,14 manat məbləğində əsas borcu, 271,89 manat məbləğində faiz borcunu, o cümlədən xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 6.268,17 manat məbləğində əsas borcu və 804,81 manat məbləğində faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə hesablanmış 271,89 manat cərimənin və xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə hesablanmış 220,98 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 10 manat və xx.xx.2021ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 25 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda cavabdehlər (zaminlər) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, zaminlər Cavabdeh2 kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən əsas məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Cavabdeh2 kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə alınmış kreditə görə, habelə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə alınmış kreditə görə zamin olduqlarından Cavabdeh2 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 17,80 manat dövlət rüsumunun 2,80 manat hissəsi iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 2.144,14 manat məbləğində əsas borc, 271,89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.426,03 (iki min dörd yüz iyirmi altı manat, üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 022A********** saylı kredit razılaşması üzrə 6.268,17 manat məbləğində əsas borc, 804,81 manat məbləğində faiz borcu və 25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.097,98 (yeddi min doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində mediasiya xərci və 15 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar