Məhkəmə qərarları › İş №e-2-2(121)-1826/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1826/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1826/2025 23.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30500 manat əsas borcun, 30000 manat kreditə görə 15000 manat bank faizinin, əsas borcun və 15000 manat bank faizinin üç illik beş faizi olan 6825 manat pulun, ümumilikdə 52325 manat pulun və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 7-8 ildir tanıyır, cavabdehlə əvvəllər də aralarında sahibkarlıq fəaliyyəti olmuşdur. Cavabdeh 22 fevral 2022-ci ildə iddiaçıya zəng edərək, X6 anbarda 3300 ədəd “Sac” qazan dəsti olduğunu bildirmiş, ümumi malın məbləğinin çox olduğunu, həmin malları ilkin olaraq 50000 manat verib ala biləcəyini bildirmişdir. Cavabdehin təklifi iddiaçını qane etdiyi üçün iddiaçı cavabdehlə razılaşmışdır və cavabdehdən 28 fevral 2022-ci il tarixə kimi vaxt istəmişdir. İddiaçı ilkin olaraq, xx.xx.2022-ci il tarixdə 30000 manat pulu Bakı şəhəri Qaradağ rayonunda cavabdehə nəğd şəkildə vermişdir, qalan 20000 (iyirmi min) manat pulu isə xx.xx.2022-ci il tarixdə Rahib adlı sürücü ilə cavabdehə verilməsi üçün Astara rayonuna göndərmişdir. Cavabdeh 50000 manat pulu iddiaçıdan aldıqdan sonra xx.xx.2022-ci il tarixdə 14550 manat dəyərində “Sac” qazan dəstini öz idarə etdiyi yük maşını ilə iddiaçının işlədiyi Sədərək Ticarət Mərkəzində yerləşən mağazaya gətirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh aldığı 50000 manat puldan iddiaçıya 4500 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat pul qaytarmışdır. Cavabdehin ümumilikdə iddiaçıya 30500 manat borcu qalmışdır. Cavabdeh bu günə qədər müxtəlif bəhanələrlə 30500 manat borcunu qaytarmaqdan yayınmışdır. İddiaçı cavabdehin pulu qaytarmadığını görüb xx.xx.2022-ci il tarixdə Astara rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh pulun alınıb ona verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh Astara rayon Polis Şöbəsinə dəvət edilib, onun izahatı alınmışdır. Cavabdeh Astara rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı 30500 manat borcu olmasını etiraf etmişdir. Bundan başqa iddiaçı cavbdehə verdiyi 50000 manat puldan 30000 manatını borc almışdır. İddiaçı cavabdehdən pulu ala bilmədiyini görüb “Rabitəbank”-dan xx.xx.2022 ci il tarixli, SHLMB-09473 saylı kredit müqaviləsi əsasında 30000 manat kredit götürüb borcunu qaytarmışdır. Həmin kreditə görə 15000 manat faiz ödəmişdir. Cavabdeh iddiaçıya 45500 manat məbləğində ziyan vurmuşdur. Аzərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan olan 45500 manat pulun illik beş faizi 2275 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyan olan 45500 manat pulun illik beş faizi olan 2275 manat pulun üç illik məbləği 6825 manat təşkil edir. Ümumilikdə Cavabdeh İddiaçı 52325 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2023cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Bakı Şəhəri, Nərimanov Rayonu, PY UA 38/10, Ev 22 ünvanı üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 2i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan Astara rayon X4 Bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı şikayəti əsasında Astara rayon Polis Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatları alınmışdır. İddiaçı izahatında Bakı şəhəri, Nərimanov Rayonu, Py Ua 38/10, Ev 22 ünvanında ailəsi ilə birlikdə yaşadığını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Qaradağ rayonu ərazisində yerləşən Sədərək ticarət mərkəzində tanışı X1 adına olan məişət əşyaları mağazasında VÖEN əsasında fəaliyyət göstərdiyini, həmin mağazanı birlikdə işlətdiyini, Astara rayon Suparibağ kənd sakini Cavabdeh təxminən 7-8 ildir tanıdığını, əvvəllər də aralarında alış-veriş olduğunu, 2022-ci ilin fevral ayının 22-də Cavidin ona zəng edərək, X6 anbarda 3300 ədəd sac qazan dəsti olduğunu bildirdiyini, ümumi malın məbləğinin çox olduğunu, həmin malları ilkin olaraq 50000 manat verib ala biləcəyini bildirdiyini, Cavidin təkifinin onu qane etdiyini üçün onunla razılaşdığını, Caviddən 28 fevrala kimi vaxt istədiyini, xx.xx.2022-ci il tarixdə əvvəlcə 30000 manatı Bakı şəhəri, Qaradağ rayonunda Cavidə əlbə-əl verdiyini, qalan 20000 manatı isə xx.xx.2022-ci il tarixdə Raib adlı sürücü ilə Astara rayonunda Cavid üçün göndərdiyini, Cavid adlı şəxsin həmin pulu Raibdən aldığını, 50000 manatı Cavid üçün tam göndərdikdən sonra Cavid adlı şəxsin xx.xx.2022-ci il tarixdə 14550 manatlıq qazan dəstini öz idarə etdiyi yük maşını ilə işlədiyi Sədərək ticarət mərkəzindəki mağazaya gətirdiyini, daha sonra isə xx.xx.2022-ci il tarixdə 4500 manat olan aldığı puldan geri qaytardığını, xx.xx.2022-ci il tarixdə 500 manat pulu onun “Rabitəbank” a aid kartına mədaxil etdiyini, geri qalan 31450 manat pulu isə Cavid adlı şəxsin müxtəlif bəhanələr gətirərək ona qaytarmadığını, həmin 50000 manatı götürən zaman götürdüyü adama 3000 manat əlavə pul verəcəyini vəd etdiyini, bu səbəbdən Cavidin bu hərəkətlərinə görə əlavə olaraq 3000 manat da ziyana düşdüyünü, hazırda Cavidin ona ümumilikdə 33450 manat borcu olduğunu, lakin pulun müxtəlif bəhanələr gətirilərək verilmədiyini bildirmişdir. Cavabdeh polis araşdırması zamanı verdiyi izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, lakin təxminən 3 aydır ki, onunla alış-veriş edir. Sürücülüklə məşğuldur, Astara rayonundan Bakı şəhərinə idarə etdiyi Ford markalı yük maşını ilə yükdaşıma fəaliyyəti ilə məşğul olur. İddiaçı Qaradağ rayonu ərazisində yerləşən Sədərək ticarət markəzində tanışı X1 adına olan məişət əşyaları mağazasını VOEN əsasında işlədir. O, əvvəllər bir neçə dəfə Elçin üçün Astara rayon Gömrük Postunun qarşısında satılan İran mallarından aparmışdır. 2022-ci ilin fevral ayında Elçin ona İran İslam Respublikasından münasib qiymətə qazan dəsti tapmağını və ona satmağını təklif etmişdir. 2022-ci ilin fevral ayının 22-si o, Elçinə zəng edərək, X6 anbarda 3300 ədəd sac qazan dəsti olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə əvvəlcə 30000 manatı o, Elçindən Bakı şəhəri, Qaradağ rayonunda almışdır. Qalan 20000 manatı isə xx.xx.2022-ci il tarixdə Elçin onun üçün Astara rayonuna göndərmişdir və o, pulu götürmüşdür. Elçin ümumilikdə ona 50000 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə 14550 manatlıq qazan dəstini idarə etdiyi yük maşını ilə Elçinin işlətdiyi Sədərək Ticarət mərkəzindəki mağazasına aparmışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə “Tofaş” markalı avtomobilini sataraq 4500 manat pulu Elçinə vermişdir və xx.xx.2022-ci il tarixdə isə 500 manat pulu Elçinin “Rabitəbank”a aid kartına mədaxil etmişdir. Təxminən 2 gün əvvəl isə 1250 manatlıq qabqacaq stəkan dəstini Elçin üçün aparmışdır. Hazırda onun Elçinə təxminən 30450 manat borcu qalmışdır. Sonuncu verdiyi 1250 manatı isə hesab-kitab etməmişlər. Elçindən aldığı 50000 manatın üzərinə 16000 manatı da qoyaraq İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsə göndərmişdir ki, onun üçün qazan dəstləri göndərsin. Lakin Mehdi adlı şəxs onu aldadaraq pulunu ələ keçirmiş, pulu geri qaytarmamış və qazan dəstini göndərməmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin polis araşdırması zamanı verdikləri izahatlarına və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları alqı-satqı müqaviləsi münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı sac qazan dəstini (bundan sonra – mal) almaq üçün cavabdehə pul göndərmək, cavabdeh isə təhvil aldığı pulun dəyərində malı iddiaçıya satmaqla bağlı razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ümumilikdə 50000 manat məbləğində pul vəsaiti göndərdiyini, cavabdehin isə pulu almasına baxmayaraq həmin dəyərdə ona mal vermədiyini, nəticədə cavabdehin ona 30500 manat məbləğində borcunun qaldğını iddia edir. Cavabdeh iddia tələbinə qarşı etiraz verməmiş, mübahisəyə dair münasibətini bildirməmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin əşyanı satıcıdan almazdan əvvəl ödənilməsi (qabaqcadan ödəniş) şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında satılan malların qabaqcadan ödənişini nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən cavabdehə ümumilkdə cəmi 50000 manat məbləğində pul vəsaitinin göndərildiyi, cavabdeh tərəfindən iddiaçıya 19550 manat məbləğində pul vəsaitinin qaytarıldığı işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 30450 manat məbləğində borcunn qalması da, iş üzrə müəyyən edilmiş mübahisəsiz faktiki hallara aid edilməlidir. Belə ki, həmin fakt cavabdeh tərəfindən polis araşdırması zamanı verdiyi izahatında etiraf edilmişdir və cavabdeh sonradan aparılmış təhqiqatın nəticəsində qəbul edilmiş qərarı və araşdırma zamanı verdiyi izahatını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddia ərizəsi verildiyi tarixdə cavabdehin 30500 manat məbləğində borcunun olmasına dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə ümumilkdə cəmi 50000 manat məbləğində pul vəsitinin ödənildiyi barədə işin faktiki halı öz təsdiqini tapmışdırCavabdeh isə iddiaçının şikayəti əsasında polisdə aparılmış təhqiqat zamanı verdiyi izahatında iddiaçıdan 50000 manat məbləğində pul aldığını, sonradan həmin borcundan iddiaçıya əvvəlcə 14550 manat, daha sonra isə 4500 və 500 manat pul göndərdiyini, hazırda iddiaçıya 30450 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı əldə etmək istədiyi mallara görə cavabdehə ödədiyi 50000 manat məbləğində pulun cəmi 19550 manat hissəsinin ona geri qaytarıldığını, nəticədə cavabdehin 30450 manat məbləğində borcunun qaldığını tam sübut edə bilmişdir. Cavabdeh isə bu faktı təkzib edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan mallara görə cavabdehə pul vermişdir, lakin cavabdeh pulu alsa da, həmin dəyərdə malı iddiaçıya təhvil verməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə satıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini 30000 manat kreditə görə 15000 manat bank faizinin, əsas borcun və 15000 manat bank faizinin üç illik beş faizi olan 6825 manat pulun cavabdehdən tutulması hissəsində, buna dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyinə görə əsassız hesab edir. Buna görə də, həmin hissədə iddia təmin edilməməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 30500 manat məbləğində əsas borc və ödənilmiş 181,50 manat dövlət rüsumu olmaqla, cəmi 30681,50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 65,50 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar