Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1848/2024 29.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydad iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 21.320,83 manat məbləğində krеdit bоrcu, 2.162,58 manat məbləğində faiz bоrcu və 621,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24.104,88 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 162,32 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008L**********22 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 450.000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 iddiaçı iləxx.xx.2022-ci il tarixli 008R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28.000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 6.679,17 manat ödəmiş, onun 21.320,83 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 191 gün üçün hesablanmış faiz borcu 2.162,58 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 191 gün üçün hеsablanmış cərimə 621,47 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, Cavabdeh1 nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 008L**********22 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 450.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 008R********** saylı biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 28.000 manat məbləğində kredit vəsaiti illik 21 faiz olmaqla, 36 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC tərəfindən 28.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 21.320,83 manat məbləğində əsas, 2.162,58 manat məbləğində faiz, 621,47 manat məbləğində cərimə olmaqla, cəmi 24.104,88 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 21.716,83 manat məbləğində əsas, 1.327,30 manat məbləğində faiz, 272,80 manat məbləğində cərimə olmaqla, cəmi 23.316,93 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşdən görünür ki, Cavabdeh1 nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizələrlə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiklərini bildirmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, kredit razılaşmaları (müqavilələri) üzrə cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə(lər) ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Belə ki, işə əlavə olan arayışın surətindən görünür ki, Cavabdeh1 008R********** saylı kredit razılaşması (müqaviləsi) üzrə xx.xx.2024-cü il tarixinə 1.327,3 manat məbləğində faiz borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə iddia qismən təmin edilərək, cavabdeh(lər)dən 008R********** saylı kredit razılaşması (müqaviləsi) üzrə xx.xx.2024-cü il tarixinə 1.327,3 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kredit razılaşması üzrə cərimənin 621,47 manat məbləğində deyil, 43 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi (razılaşması) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür(lər). Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 162,32 manat dövlət rüsumunun 158,07 manatı (yəni, 22.691,13 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərin və cavabdehin nümayəndəsi vasitəsi ilə iddianı tam şəkildə etiraf etməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddianın cavabdeh(lər) tərəfindən tam şəkildə etiraf edilməsi qanuna zidd olduğundan, cavabdehin iddianı etiraf etməsi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən, məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh(lər)ə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə(lər) ləğv edilmiş hesab edildiyindən, bununla da, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi qanuna zidd olduğundan, həmçinin iddiaçının cavabdehlərdən tələb etdiyi cərimə əsassız və şişirdilmiş məbləğ olduğundan, habelə cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, cavabdeh(lər)in iddianı tam şəkildə etiraf etməsi qəbul edilməməli və iddia həmin hissələrdə qismən təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 21320,83 manat əsas bоrc, 1327,30 manat faiz bоrcu, 43 manat cərimə olmaqla, cəmi 22691,13 manat məbləğində kredit borcu və 158,07 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bəhram oğlundan müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1848/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1848/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver