Məhkəmə qərarları › İş №e-2-2(121)-1858/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1858/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1858/2023 14.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qəhrəman qızına qarşı – kredit borcunun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Qəhrəman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 2668.93 AZN əsas borc, 72.61 AZN faiz borcu, 93.78 AZN cərimə və 60 AZN mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Bank Respublika” ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh2 bankdan 18 ay müddətinə, xx.xx.2023 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 5000 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği əsas borc üzrə 2668.93 AZN, faizlər üzrə 72.61 AZN, cərimə üzrə 93.78 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Şirvan şəhər Kommersiya Məhkəməsinin e-2-2(121)-1858/2023 saylı, xx.xx.2023cü il tarixli qərardına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qəhrəman qızına qarşı – kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Qəhrəman qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 5.000 manat məbləğində illik 22 faiz olmaqla 18 ay müddətinə kreditin verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh2 hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 bank hesabına 5.000 manat məbləğində kredit vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9F1ZAM181091707 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit kredit verilməsinə dair razılaşma müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9F1ZAM133653001 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 Qəhrəman qızı arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit kredit verilməsinə dair razılaşma müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9F1ZAM133653601 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit kredit verilməsinə dair razılaşma müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda kredit razılaşmasının ləğv ediləcəyi və borcun tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Qəhrəman qızı və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarında olan “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən mediasiya sessiyasının xərci olaraq 65 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 illik 22 faiz olmaqla, 18 ay müddətinə 5.000 manat məbləğində kreditin verilməsi, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 Qəhrəman qızı və Cavabdeh1 arasında zaminlik müqavilələrinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti və faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kredit üzrə yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin 93,78 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə qeyd edir ki, müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh4 Qəhrəman qızının və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, digər cavabdehə xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşma müqaviləsi üzrə alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 Qəhrəman qızı və Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qəhrəman qızından müştərək qaydada 25 yanvar 2022-ci il tarixli kredit razılaşması üzrə 2.668,93 manat məbləğində əsas borc, 72,61 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və 60 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 2.831,54 (iki min səkkiz yüz otuz bir manat, əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 63,78 manat məbləğində cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar