Məhkəmə qərarları › İş №e-2-2(121)-1859/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1859/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1859/2024 26.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı “ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 1652,99 ABŞ dolları əsas, 715,77 ABŞ dolları faiz, 1574,82 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,80 (iki yüz qırx üç ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 4187,38 (dörd min bir yüz səksən yeddi ABŞ dolları 38 sent) ABŞ dolları borcun və iş üzrə ödənilmiş 91.19 (doxsan bir manat 19 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, “ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 21.2 (iyirmi bir tam onda iki) faiz olmaqla 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsinə 05 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4448,11 (dörd min dörd yüz qırx səkkiz ABŞ dolları 11 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3166,18 (üç min bir yüz altmış altı ABŞ dolları 18 sent) ABŞ dolları əsas borc, 866,54 (səkkiz yüz altmış altıABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu və 415,39 (dörd yüz on beş ABŞ dolları 39 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4187,38 (dörd min bir yüz səksən yeddi ABŞ dolları 38 sent) ABŞ dolları təşkil edir. Bundan 1652,99 (bir min altı yüz əlli iki ABŞ dolları 99 sent) ABŞ dolları əsas, 715,77 (yeddi yüz on beş ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 1574,82 (bir min beş yüz yetmiş dörd ABŞ dolları 82 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,80 (iki yüz qırx üç ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********354 saylı 08 aprel 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.

İddia ərizəsinə etiraz:

3. Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı LPO “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı iddia qaldıraraq məhkəmədən ümumilikdə 4187,38 (dörd min bir yüz səksən yeddi ABŞ dolları 38 sent) ABŞ dolları - bundan 1652,99 (bir min altı yüz əlli iki ABŞ dolları 99 sent) ABŞ dolları əsas, 715.77 (yeddi yüz on beş ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 1574,82 (bir min beş yüz yetmiş dörd ABŞ dolları 82 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci tarixli Plenum qərarına əsasən hesablanmış 243,80 (iki yüz qırx üç ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcu va iş üzrə ödənilmiş 91.19 (doxsan bir manat 19 qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan “Dəmir Bank" ASC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, kredit müqaviləsinə əsəsən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması va faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə va ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin va müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilənlər ilə bağlı hesab edir ki, iddiaçının ona qarşı tələbləri və gətirdiyi bütün dəlillər tamamilə əsassızdır. O, xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 3500 (üç min beş yüz) ABŞ dolları almış, lakin sonradan dolların qiyməti qalxmışdır. O, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi ödəmiş, hazırda "xxxx" ASC-yə 2100 (iki min yüz) manat borcum qalmışdır. Bununla bağlı müvafiq sənədi iş materiallarına əlavə etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə qeyd olunanlara əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları:

8. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 21.2 faiz dərəcəsi ilə 18 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən Keditor müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, borcalan isə Bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair üzərlərinə öhdəlik götürmüşlər.

9. - xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə edilmiş xx.xx.2017ci il tarixli, 01 saylı Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4448,11 (dörd min dörd yüz qırx səkkiz ABŞ dolları 11 sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3166,18 (üç min bir yüz altmış altı ABŞ dolları 18 sent) ABŞ dolları əsas borc, 866,54 (səkkiz yüz altmış altı ABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu və 415,39 (dörd yüz on beş ABŞ dolları 39 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% faiz ödənilir.

10. - xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişdən o da görünür ki, restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və və cərimə cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir.

11. - xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh kreditin verilməsi üzrə 3500 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu isə həmin məbləği qəbul etmişdir.

12. - İş materiallarında olan ləğv prosesində olan maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə ümumi borcu 4.187,38 (dörd min bir yüz səksən yeddi dollar 38 sent) ABŞ dolları təşkil edir.

13. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 4.187,38 (dörd min bir yüz səksən yeddi dollar 38 sent) ABŞ dolları məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. 14 . Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş xx.xx.2024-cü il tarixli, 9/7349 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ləğv prosesində olan İddiaçı ASC-nə olan borcu - əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən (maliyyə arayışında qeyd olunan) müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) isə əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, 5% ilə hesablanmış faiz borcu üzrə 233,71 ABŞ dolları müəyyən edilir.

15. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

16. ********** nömrəli qəbzən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 91,19 (doxsan bir manat, on doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 21.2 faiz dərəcəsi ilə 18 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4448,11 (dörd min dörd yüz qırx səkkiz ABŞ dolları 11 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% faiz ödənilir. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ləğv prosesində olan İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan) müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) isə əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, 5% ilə hesablanmış faiz borcu üzrə 233,71 ABŞ dolları müəyyən edilir.

18. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3166,18 (üç min bir yüz altmış altı ABŞ dolları 18 sent) ABŞ dolları əsas borc, 866,54 (səkkiz yüz altmış altı ABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu və 415,39 (dörd yüz on beş ABŞ dolları 39 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

19. - Məhkəmə araşdırması zamanı həmçinin müəyyən etdi ki, hazırkı işdə “ləğv prosesində olan İddiaçı ASC-nin kredit müqaviləsi üzrə Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə və ona edilmiş əlavə saziş üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

20. - Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7349 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”ə əsasən əsas və faiz borcu, həmçinin 5% hesablanmaqla gecikdirmə faizi üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, ekspert rəyini sübut növü kimi qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ləğv prosesində olan İddiaçı ASC-nə olan borcunun - əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan) müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) isə əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları, 5% ilə hesablanmış faiz borcu üzrə 233,71 ABŞ dolları olması iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 7 sentyabr 2018-ci il il tarixli qərarı:

Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

25. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsi və xx.xx.2017ci il tarixli, 01 saylı “Əlavə Saziş”in şərtlərinə görə “ləğv prosesində olan İddiaçı ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə restrukturizasiya edilmiş kreditin şərtlərinə müvafiq olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

28. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh etirazını “xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 3500 (üç min beş yüz) ABŞ dolları kredit götürməsi və sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artması ilə əsaslandırsa da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək qeyd edir ki, borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.

29. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc və faiz borcuna münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən də göründüyü kimi hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”də qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan, müqavilə müddəti bitdikdən sonra) əsas borc üzrə 1652,99 ABŞ dolları, faiz borcu üzrə 750,42 ABŞ dolları təşkil edir. Məhkəmə, iddiaçının iddia ərizəsində faiz borcuna görə 715,77 ABŞ dolları tələb etməsini, ekspert rəyində faiz borcunun daha yüksək müəyyən edilməsinə baxmayaraq məhkəmənin şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmasını, eyni zamanda tələb edilən faiz məbləğinin ekspert rəyində müəyyən ediləndən az olmasının cavabdehin mənafeyinə uyğun olmasını nəzərə alaraq hesab edir ki, faiz borcu iddia tələbi daxilində təmin edilməlidir.

30. Məhkəmə iddianın “kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,80 (iki yüz qırx üç ABŞ dolları 80 sent) ABŞ dolları faiz borcunun tutulmasına aid” hissədə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan, müqavilə müddəti bitdikdən sonra) 5% ilə hesablanmış faiz borcu 233,71 ABŞ dolları müəyyən edilir.

31. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 1574,82 ABŞ dolları cəriməyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı “Əlavə Saziş”in 1.3-cü bəndinə əsasən kreditor gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablamaq hüququna malikdir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 30 ABŞ dolları müəyyən edilməlidir.

Məhkəmə xərcləri:

32. Məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 64.74 (altmış dörd manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan 26,45 (iyirmi altı manat qırx beş qəpik iddiaçı tərəfə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62,86 (altmiş iki manat səksən altı qəpik) manatı Cavabdeh, 37,14 (otuz yeddi manat, on dörd qəpik) manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla 1.652,99 ABŞ dolları məbləğində əsas borc, 715,77 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə və 233,71 ABŞ dolları məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2.632,47 (iki min altı yüz otuz iki dollar, qırx yeddi sent) ABŞ dolları məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 64.74 (altmış dörd manat, yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62,86 (altmiş iki manat səksən altı qəpik) manatı Cavabdeh, 37,14 (otuz yeddi manat, on dörd qəpik) manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar