Məhkəmə qərarları › İş №e-2-2(121)-1864/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1864/2022

12.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1864/2022 12.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı - əldən çıxmış fayda və maddi ziyan tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı - mülkiyyətində olan qanunsuz istifadəsində saxlanılan qətnamə və qərardadların icrasını bilərəkdən yubandırdığına görə 14040 manat pul vəsaiti, 100 manat mediasiya xərci və 33 manat dövlət rüsumu, cəmi 14173 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 2 ha torpaq sahəsi Minbaşı kənd sakinləri X8, Cavabdeh, X13, X10 və X11 tərəfindən maneələr yaradılaraq 2020-ci ildən istifadə etməsinə maneəçilik törədirlər. Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ üzrə adına qeydə alınmış Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2 ha torpaq sahəsi bölgü planına uyğun qaydada torpaq sahəsinə müstəqil giriş-çıxış təmin edilməsi şərti ilə cavabdehlər X8, Cavabdeh, X13, X10, X6 məxsus (hər birinə 0,88462 ha məxsus) digər hissələrdən (paylardan) real olaraq naturada ayrılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilməmiş və Ali Məhkəmənin 2(102)-645/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, bu günə qədər cavabdeh yenidən qətnamələrin tələbini yerinə yetirməmiş və hazırda həmin sahədə pambıq əkini yerinə yetirmişdir. Buna görə də bu keçən 3 il ərzində Sabirabad rayonu, Yaxa Dəllək kənd sakini İddiaçı olaraq mülkiyyətində olan 2 ha torpaq sahəsindən əkin edərək kənd təsərrüfatı məhsulları əkə bilmədiyindən əldə edəcəyi gəlirdən məhrum olunmuş, yonca əkilmiş sahə şumlanmış və ona ziyan dəymişdir. 2 ha torpaq sahəsinə dörd biçim olmaqla yonca yığılır. Orta hesabla birinci biçindən yonca kipinin biri 2,50 manat olmaqla, 800 yonca kipindən 2000 manat, ikinci biçində biri 3,50 manat olmaqla 600 kipdən 2100 manat, üçüncü biçimdən biri 3,80 manat olmaqla 300 kipdən 1140 manat, dördüncü biçindən biri 2,80 manat olmaqla 840 manat gəlir əldə etməkdən məhrum etməklə, bir ildə 4190 manat qazanıb həmin qazancdan 3 ildir ki, məhrum olmuşdur. 2019-cu ildə yeri şumlamazdan əvvəl tərəfindən 2 ha sahəyə 70 manat şum, 40 manat mala, 50 manat əkin, 300 manat toxum və 30 manat su pulu xərci olmaqla 490 manat xərc qoyulmuşdur. Həmin 2 ha torpaq sahəsində yonca əkini nəzərə alınmaqla 2 ha sahədə olan dəyəri olan çəkilmiş xərclər və əldə edilmiş gəlir olan 14040 manat pul, 100 manat məbləğində mediasiya və 33 manat dövlət rüsumu, cəmi 14173 manat pul ziyana düşmüşdür. Cavabdehə 3 gün müddətinə bu pulun ona ödənilməsi təklif olunmuşdur. Zəruri sənədlərin əsli məhkəmə prosesi zamanı təqdim ediləcəkdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddiası təmin edilməsi, DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2 ha torpaq sahəsi bölgü planına uyğun qaydada, torpaq sahəsinə müstəqil giriş-çıxışın təmin edilməsi şərtilə, cavabdehlər X4, X7, X9, Cavabdeh və X6 məxsus (hər birinə ayrı-ayrılıqda 0.88462 ha məxsus) digər hissələrdən (paylardan) real olaraq naturada ayrılması; hazırkı qətnamənin İddiaçı məxsus torpaq sahəsinin ayrılmış payının (2 ha hissəsinin) mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın və həmin torpaq hissəsinə plan və cizgi sənədinin verilməsi üçün əsas olması; cavabdehlər X8. X10, X13, Cavabdeh və X5 DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2 ha torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsindən istifadə ilə bağlı hər hansı hərəkətlərə (əkin, biçin, şumlama, kultivasiya, heyvanların otarılması və s.) qadağa və torpağın mülkiyyətçi A.İddiaçı qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilməmiş və Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-645/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-91/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlər X8, Cavabdeh, X13, X10, X11 və onların vəkili X2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-645/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından verilmiş əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. İşdə olan Sabirabad rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduğu halda) Sabirabad Rayon Məhkəməsinin 2(056)- 251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardan həmçinin aydın olur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, X8, Cavabdeh, X13, X10 və X11 tərəfindən DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2 ha torpaq sahəsindən istifadə ilə bağlı hər hansı hərəkətlərə (əkin, biçin, şümlama, kultivasiya, heyvanların otarılması və s.) qadağa və torpaq mülkiyyətçisi İddiaçı qaytarılması vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. İş materiallarına əlavə olunan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Minbaş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,4231 ha torpaq sahəsi (xüsusi mülkiyyət hüququ üzrə) X8, Cavabdeh, X13, X10 və X5 ümumi birgə mülkiyyətində olmuşdur. İşə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Minbaş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X14 İnkişaf Mərkəzinin aqronom-mütəxəssisi X3 xx.xx.2022ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, hal-hazırda sözügedən həmin 2 ha sahə İddiaçı nümayəndələri tərəfindən Ceyhun tərəfindən pambıq əkilmişdir. Ərazinin qonşuluğunda olan və həmin 2 ha sahəyə baxış keçirirək torpağın yaxşı münbütlükdə olduğunu müəyyən etmişdir. 2019-cu ilə yonca əkilmiş bu sahənin hər hektarından 2020-ci və sonrakı illərdə bir biçində orta hesabla 30 sentner quru ot məhsulu götürmək mümkündür. Lakin həmin 2 ha sahə X13 tərəfindən özbaşına əkildiyi üçün İddiaçı maddi ziyan dəymişdir. Bu sahənin hər hektarından bir ildə 4 dəfə olmaqla hər birində orta hesabla 30 sentner quru ot məhsulu götürmək olduğunu nəzərə alsaq, 2 ildə vurulmuş ziyan aşağıdakı kimi hesablanır: 1. Göstərilən məhsuldarlıq-30 sent. 2. 30 sent x 4 dəfə = 120 sent x 2 il = 240 sent. 3. 240 sent x 2 ha = 480 sent = 48000 kq.

4. Bir yonca kipinin çəkisi = 20 kq. 5. Bir yonca kipinin orta satış qiyməti (çəkilən xərclər çıxıldıqdan sonra) – 2,1 manat. 6. 48000:20 kq = 2400 ədəd x 2,1 manat = 5040 manat. Əliniyaz Abasovun 2 hektar yonca əkini şumlanaraq məhv edildiyi və həmin sahənin əkilib becərilməsinə maneçilik törədildiyi üçün 2 il ərzində ona 5040 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırımışdır ki, iddia tələbinin ona qarşı iddiaçının irəli sürdüyü dəlillərə əsas gətirməsi özlüyündə işdə olan faktlarla öz təsdiqin tapmır. Belə ki, iş üzrə təqdim edilmiş qətnamələrdə torpaq sahəsinin plan və ölçülərinə əsasən nəzərdən keçirtdikdə müəyyən etmək olar ki, əkin sahəsinin ona məxsus sahəsindən istifadə etməsi mümkündür. Lakin iddiaçının tələb etdiyi və mülkiyyətində olduğu əkin sahəsinin onun tərəfindən əkilməsi və istifadə etməsi barədə qeyd etdiyi dəlillər özlüyündə iddia tələbində qeyd etdiyi hallarla ziddiyət təşkil edir. Belə ki, iddiaçı 3 il ərzində mülkiyyətində olan 2 ha torpaq sahəsindən istifadə etməməsi və gəlirdən məhrum olması göstərməklə, məhkəməni mübahisəli torpaq sahəsinin 3 ildir onun mülkiyyətində olduğunu bildirməklə inandırmaqdır. Bunu onunla əsaslandırır ki, əvvəla iddiaçı torpaq sahəsi ilə bağlı mübahisə açılmamışdan da öncə sözü gedən torpaq sahəsindən istifadə edirdi, lakin torpaq sahəsinin plan və ölçüsündə 2 ha torpaq sahəsinin hansı hissəsindən istifadə etməsi və bu torpaq sahəsi üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçməməsinə baxmayaraq, iddiaçı alqı-satqı müqaviləsini əsas tutmaqla, mübahisəli torpaq sahəsindən istifadə etməklə bu günə kimi gəlir əldə edir. Bu hallar onun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərkən ona rəsmi cavab verilmişdir. Həmin hallar həmin məktubda öz təsdiqin tapmışdır. İddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsindən onun iddiaçının istifadə etməsi, o, özünə məxsus hissəsindən istifadə edir və həmin hallara dair iddiaçının hər hansı bir dəlilləri yoxdur. Əksinə iddiaçı iddia tələbində sözü gedən torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsinə xərc çəkməsini təsdiq etməsi, cavabdehi özü-özlüyündə həmin hissəyə dair sübut etmək vəzifəsindən azad edir. İddiaçı bir tərəfdən iddia tələbində qeyd edir ki, 3 il ərzində mülkiyyətində, halbuki, həmin torpaq sahəsi üzrə mülkiyyət hüququ 2022-ci ilin iyul ayında daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə aldırmaqla tanıtdırmışdır, lakin iddia tələbində sözü gedən 2 ha torpaq sahəsindən istifadə etməməklə, gəlirdən azad olunmasını göstərir, digər tərəfdən isə iddia tələbində “2019-cu il ildə yeri şumlamazdan əvvəl onun tərəfindən 2 ha sahəyə 70 manat şum, 40 manat mala, 50 manat əkin, 300 manat toxum və 30 manat su pulu xərci olmaqla 490 manat xərc qoymuşdur” qeyd etməklə, iddia tələbində qeyd etdiyi hallar, biri digərini təkzib edir. İddiaçı özüdə iddia tələbində mübahisəli torpaq sahəsi olan və hal-hazırda mülkiyyətində olan 2 ha torpaq sahəsindən istifadə və çəkdiyi xərcləri etiraf edir. Belə olan halda ortaya sual çıxır ki, 2 ha torpaq sahəsi iddiaçı tərəfindən 2019-cu ildə istifadə etməklə xərc qoyulmaqla istifadəsində olduğu halda, necə olur ki, həmin torpaq sahəsindən o istifadə etməklə gəlir əldə etmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, iddiaçı əsassız olaraq və özünün də iddia tələbində etiraf etdiyi hallara əsasən ona qarşı böhtan xarakterli olaraq maddi ziyan adı altında məhkəmə aktı əsasında yükləməklə əldə çıxmış fayda və maddi ziyan tələbi irəli sürmüşdür. Halbuki, həmin hallar iddia tələbində qeyd edilən hallarla, işdə olan sənədlərdə göstərilən dəlillərlə uzlaşmır və biri-digərini özlüyündə təkzib edir. Belə olan halda iddiaçının ona qarşı iddiası əsassızdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində ona qarşı istinad etdiyi halları sübut edəcək dəlillər belə təqdim edə bilmir, yalnız işdə olan mütəxəssis rəyini əsas tutaraq, məhkəməni sözü gedən torpaq sahəsindən istifadə və çəkilən xərclərin olması əsası ilə sübut etməyə çalışır. Halbuki, həmin mütəxəssis rəyində 2 ha torpaq sahəsinə çəkiləcək xərcin və götürülə biləcək gəlirin əsasları qeyd edilmişdir. Çünki, məntiqlə yanaşsalar 2 ha torpaq sahəsi iddiaçının özünün də etiraf etdiyi kimi onun istifadəsində olmaqla çəkilmiş xərcləri və əldə edəcək gəlirləri əsas gətirə bilərdi. Həmin hallar iddia tələbində qeyd etdiyi 2 ha torpaq sahəsindən istifadə etməyi kimi qiymətləndirilə bilməz və buna əsas vermir. İddiaçı özünü müdafiə xarakterli olaraq dediklərinə əsaslanır, digər halda formal xarakterli mülahizəyə əsaslanan sözlərə üstünlük verir. İddiaçının iddia tələbinin əldə çıxmış fayda hissəsinə dair etirazını isə onunla əsaslandırır ki, iddiaçı əkin sahəsindən məhsul götürmədiyindən, əldə çıxmış bəhərin əvəzi ona dəymiş maddi ziyan tələbi hissəsini mütəxəssis tərəfindən tərtib edilmiş aktla təsdiq etdiyi halda, lakin bütün bu hallara əsasən ona dəymiş maddi ziyanın nədən ibarət olmasını və hansı əsaslarla ona maddi ziyan dəyməsini sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, həmçinin iddia ərizəsində həmin hallara dair faktiki halları qeyd etməmişdir. Belə olan halda hesab edir ki, iddiaçının ona qarşı əldən çıxmış fayda tələbi hissəsi də əsassızdır və həmin hissədə də əsaslar olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı iddia tələbində məhkəmə qətnamələrinə istinad edir ki, bu da iddiaaçıya əsas vermir ki, onun sözü gedən 2 ha torpaq sahəsindən istifadə etməklə ondan qazanc əldə etmiş, sözü gedən qətnamələr alqı-satqı müqaviləsindən irəli gələn halları mübhisələndirir ki, həmin hallarda halhazırda onun tərəfindən mübahisələndirilməklə mülki prossesual qanunvericiliyin tələblərinə əsasən prosedur qaydalarına riayət edilməkə mübahisələndirilir. Həmin qətnamələrdə sözü gedən 2 ha torpaq sahəsindən istifadə edilməsi və ondan qazanc edilməsinə dair hər hansı bir öhdəlik yoxdur. Ona görə də hesab edir ki, iddiaçının yuxarıda qeyd etdiyi hallara əsasən iddia tələbi əsassızdır və iddia tələbi formal mülahizə xarakterli sözlər əsasında qurulmaqla irəli sürülmüşdür. İddiaçının iddia tələbində qeyd etdiyi maddi ziyanla bağlı hallara dair ona dəymiş ziyanın məhz onun səhvi nəticəsində ziyan dəyməsini sübut edə bilmir və həmçinin edə bilməz. Çünki, iddiaçı məhz onun səhvi nəticəsində, yəni iddiaçı iddia tələbində qeyd etdiyi halların məhz sözü gedən torpaq sahəsindən istifadə etməklə mümkün olub-olması müəyyən etməli idi, çünki, torpaq sahəsinin plan və ölçüsündə iddiaçının tələb etdiyi torpaq sahəsinin həmin sahəni əhatə edib-etmədiyini, həmçinin istifadə və qazancın sözü gedər, torpaq sahəsi ilə əlaqəli olubolmadığını ilkin olaraq sübut etməli və bunun əsasını təsdiq edəcək ekspert rəyinin vacibliyindən sonra ona qarşı tələbin əsaslı olub-olmadığını müəyyən edə bilərdi. Halbuki, iddiaçı ilə paralel əkin sahəsi olan digər onun istifadəsi nəticəsində əkin sahəsindən qazanc əldə etməsinin sübutu əsası olaraq birinci iddia tələbinin ona qarşı irəli sürməsi, lakin iddia tələbində özünün etiraf edici sözləri məhz iddiaçıya əsas vermir ki, istifadəsində olmaqla qazanc əldə edilir və iddiaçıda belə bir təsüratın yaranmasının olması iddia tələbində göstərdikləri bir daha yuxarıda qeyd etdiklərinin sübutu əsasını təşkil edir. Hesab edir ki, bütün bunlar məhkəmə araşdırmasında öz təsdiqin tapacaqdır və qeyd etdiyi hallara dair məhkəmə hüquqi qiymət verəcəkdir. İddiaçı ona qarşı maddi ziyan tələbi irəli sürdüyü halda, həmin halları sübut edəcək mötəbər sübutları və dəlilləri təsdiq edəcək halları əsaslandıra bilmir, yalnız mütəxəssis rəyinə və formal xarakterli sözlərlə əsaslandırır. Beləliklə işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Sabirabad rayonu, Minbaş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,4231 ha torpaq sahəsi (xüsusi mülkiyyət hüququ üzrə) X8, Cavabdeh, X13, X10 və X5 ümumi birgə mülkiyyətində olmuşdur. Hazırki iş üzrə tərəflər (və başqa şəxslər) arasında mübahisəli torpaq sahəsi ilə bağlı əvvəllər məhkəmə mübahisəsi olmuş və Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2211/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-645/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Sabirabad rayonu, Minbaş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X8, Cavabdeh, X13, X10 və X11 tərəfindən DƏDRXin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2 ha torpaq sahəsindən istifadə ilə bağlı hər hansı hərəkətlərə (əkin, biçin, şümlama, kultivasiya, heyvanların otarılması və s.) qadağa və torpaq mülkiyyətçisi İddiaçı qaytarılması vəzifəsi cavabdehlərin üzərinə qoyulmuşdur. Sabirabad rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduğu halda) Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı həmçinin aydın olmuşdur ki, X14 İnkişaf Mərkəzinin aqronommütəxəssisi X3 xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli 2 ha torpaq sahəsinin hazırki iş üzrə Cavabdeh tərəfindən deyil, X13 tərəfindən əkilməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı “mülkiyyətində olan qanunsuz istifadəsində saxlanılan qətnamə və qərardadların icrasını bilərəkdən yubandırdığına görə” cavabdehdən 14040 manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsini xahiş edir. Lakin, məhkəmə araşdırılması zamanı qeyd edilən 2 ha torpaq sahəsinin 3 il əvvəl deyil, yalnız xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınması; Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin 3 il əvvəl deyil, xx.xx.2022-ci il tarixdə (yəni, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 645/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır) qüvvəyə minməsi; o cümlədən, tərəflər arasında olmuş əvvəlki mübahisə üzrə qəbul olunmuş yeganə qərardad olan (təqdim olunmuş sənədlərdən belə aydın olur) Sabirabad Rayon Məhkəməsinin 2(056)-251/2021 nömrəli qərardadının 3 il əvvəl deyil, xx.xx.2021-ci il tarixdə qəbul olunması və həmin qərardadın icra olunaraq, Sabirabad rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi müəyyən olunmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd edilən Məcəllənin 419.4-cü maddəsinə əsasən, qərar qəbul edildiyi andan qüvvəyə minir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddiaçının cavabdehin məhkəmə qətnaməsini və qərardadlarını bilərəkdən yubandırmasına istinad etməsi əsassızdır. Belə ki, cavabdeh ona qarşı qaldırılmış iddia ərizəsinə (əvvəlki iş üzrə də İddiaçı olmuşdur) dair məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə edərək, həmin iddiaya etiraz etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Bu hal cavabdehin məhkəmə qətnaməsini və qərardadlarını bilərəkdən yubandırması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qeyd edilən Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Digər tərəfdən, iddiaçı qeyd edilən 2 ha torpaq sahəsinin 3 il əvvəl onun mülkiyyətində olmasına istinad etməsi də əsassızdır. Ona görə ki, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd edilən Məcəllənin 139-1.1 və 139-1.1.4-cü maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilən Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Sadalanan xüsustalara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının onun mülkiyyətində olan zaman cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və ya qərardadını yubatmasına dair dəlilləri əsassızdır. Digər tərəfdən, mübahisəli 2 ha torpaq sahəsinin hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən əkilməsi və iddiaçıya maddi ziyanın məhz Cavabdeh tərəfindən vurulması da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona zərər maddi dəyməsi, dəymiş maddi zərərin məhz hazırki iş üzrə cavabdeh tərəfindən vurulması və maddi zərərin 14040 manat məbləğində olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə ona maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın “100 manat məbləğində mediasiya xərcinin və 33 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınması”na dair hissələrini araşdıraraq hesab edir ki, iddianın həmin hissələri də rədd edilməlidir. Belə ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödəmiş, eyni zamanda qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan, iddiaçı qalan məbləği, 33 manat məbləğində (cəmi 132,12 manat məbləğində) dövlət rüsumunu da ödəmişdir. Yəni, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən alınmasına dair hissələri də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı – 14040 manat pul vəsaiti, 100 manat mediasiya xərci və 33 manat dövlət rüsumu, cəmi 14173 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar