Məhkəmə qərarları › İş №e-2-2(121)-1865/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1865/2025

23.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1865/2025 23.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72343,80 manat məbləğində pulun və ödənilmiş 308 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 491531 manat əsas borc, 187000 manat dəyərində malın xarab olması ilə əlaqədar dəymiş ziyanın, cəmi 678531 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş, işə baxılarkən 02 oktyabr 2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(121)-787/2020 saylı qərardadı ilə bu Saziş təsdiq edilmişdir. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Cavabdeh 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40191,50 manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321531,82 manat pul məbləğini İddiaçı MMC-yə ödəməklə bağlı öhdəlik götürmüşdür. İddiaçı MMCnin Cavabdeh qarşı – müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasına; Cavabdeh İddiaçı MMC-yə qarşı - pul tələbi barədə qaşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-787/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı əsasında icra vərəqəsi verilmişdir. Lakin, Cavabdeh həmin icra vərəqəsi üzrə ödəməli olduğu məbləği ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəlinin 12 iyul 2023-cü il tarixdən, saat 19:00-dan hesablanması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Cavabdeh sözügedən qərardan apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1452/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh edilməsinə dair 12 iyul 2023-cü il tarixli, 3(011)-2581/2023 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin 1(011)-21/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 01 (bir) ay 01 (bir) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablanması; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cavabdeh bu müddət ərzində öz borcunu ödəmədiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Bildirilir ki, göstərilən borc (321531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik)) üzrə Qərardad xx.xx.2020-ci il tarixdə təsdiq edildiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən il üçün 5% ödənilməlidir. Yəni, 2020-ci ilin oktyabrından 2025-ci ilin 15 aprelinədək olan 54 ay ərzində gecikdirmə üçün İddiaçı MMC-yə 321531,82 manatın 5%-i (il üzrə 16076,55 (on altımin yetmiş altı manat əlli beş qəpik), bir ay üzrə 1339,7 (min üç yüz otuz doqquz manat yetmiş qəpik)), ümumilikdə 72343,80 (yetmiş iki min üç yüz qırx üç manat səksən qəpik) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən 3000 manat əlavə ödəniş olunduğunu və həmin ödənişin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 saylı cəzaçəkmə müəssisində cəza çəkdiyi müəyyən olunan Cavabdeh məhkəmə prosesi və iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaya qarşı etiraz və ya digər münasibət bildirməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-787/2020 ci il tarixli qərardadı ilə "xxxx" MMC ilə Cavabdeh arasında 02 oktyabr 2020-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilərək iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı - müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasına, Cavabdeh "xxxx" MMC-yə qarşı - pul tələbi barədə qaşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır:

1. "xxxx" MMC öhdəsinə götürür ki; 1.1. "xxxx" MMC Cavabdeh qarşı qaldırdığı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə" dair iddiasından imtina edir. 1.2. Cavabdeh tərəfindən 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321531,82 (üç yüz İyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini qəbul edir.

2. Cavabdeh öhdəsinə götürür ki; 2.1. Cavabdeh "xxxx" MMC-yə qarşı qaldırdığı "pul tələbi"nə dair qarşılıqlı iddiasından imtina edir. 2.2. 10 noyabr 2020-ci il tarixdən başlayaraq 10 iyun 2021-ci il tarixə qədər hər ay 40191,50 (qırx min yüz döxsan bir manat əlli qəpik) manat olmaqla 8 ay müddətində ödəniləcək olan 321531,82 (üç yüz iyirmi bir min beş yüz otuz bir manat səksən iki qəpik) manat pul məbləğini "xxxx" MMC-yə ödəyəcəkdir.

3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

4. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-21/2025 nömrəli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 01 (bir) ay 01 (bir) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasına, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəlinin 23 dekabr 2024-cü il tarixdən hesablanmasına, barəsində seçilmiş "həbs" növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasına hökm verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh öhdəliyin icrasının gecikdirilməsinə görə 72343,80 manat borcun 3 gün ərzində ödənilməsi xahiş edilmişdir, əks təqdirdə əsas borc məbləğinin, faiz borcunun, tədbiq olunacaq dəbbə pulu və cərimələrin, həmçinin, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinidən məhkəmə sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü məhkum Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış mübahisənin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında, cavabdehin pul öhdəliyini lazımi qaydada icra etməməsi nəticəsində iddiaçının əldən çıxmış fayda şəklində zərərə məruz qalması ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş gecikdirmə faizinin tutulması tələbindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, gecikdirmə fazinin tutulması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə münasibətləri üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı qanuni faizin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Baxılan iş üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi kredit müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, MM-nin 445.7-ci maddəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin normanın tətbiqi üçün kreditorun zərərə məruz qalmasını sübut etmək vəzifəsi yoxdur. Belə ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan adı çəkilən normada nəzərdə tutulmuş faizin hüquqi mahiyyəti onun mülki məsuliyyət tədbiri olaraq qanuni faiz funksiyasını daşımasıdır. Məhz bu xüsusiyyəti ilə MM-nin 445.7-ci maddəsinin tətbiqi əsasları ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyət tədbirini nəzərdə tutan MM-nin 449.1ci maddəsinin tətbiqi əsasları fərqləndirilmişdir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, baxılan işdə gecikdirmə fazinin tutulması barədə iddianın hüquqi əsasının mövcud olduğunu qət edərək, həmin faiz məbləğinin həcmi ilə bağlı qeyd edir ki, iddiaçı ilk olaraq ümumilikdə 72343,80 (yetmiş iki min üç yüz qırx üç manat səksən qəpik) manat məbləğində gecikdirmə faizi tələbi irəli sürmüşdür. Bununla belə, iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən 3000 (üç min) manat məbləğində ödənişin həyata keçirildiyini etiraf etmişdir. Həmin ödəniş iddia tələbinin bir hissəsinin könüllü qaydada icrası kimi qiymətləndirildiyindən, məhkəmə bu məbləğin ümumi tələbdən çıxılması zərurətini əsaslı hesab edir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının faktiki tələbi cavabdeh tərəfindən həyata keçirilmiş 3000 manat ödəniş nəzərə alınmaqla 69343,80 (altmış doqquz min üç yüz qırx üç manat səksən qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən bu məbləğin ödənilməməsi işin araşdırıması zamanı tam sübut olunduğundan, məhkəmə iddianı 69343,80 manat məbləğində təmin etməyi məqsədəuyğun hesab edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, cavabdeh tərəflər arasında bağlanmış və məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və bununla da iddiaçının ondan illik 5%-lə hesablanmaqla qanuni dəbbə tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 69343,80 manat məbləğində pul və ödənilmiş 308 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 69651,80 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar