Məhkəmə qərarları › İş №e-2-2(121)-1879/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1879/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1879/2024 29.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə icarə haqqı borcüna görə 1870 manat, cərimələr 102 manat, həmçinin iddiaçıya vurulmuş maddi zərərə görə 2997 manat, ümumilikdə 4969 manat pul vəsaitinin və ödənilmiş 70.4 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı (müqavilədə tərəf kimi İcarəyə verən) 06 iyul 2023- cü il tarixdə iki avtomobilin icarəyə verilməsi məqsədilə ilə Cavabdeh (müqavilədə tərəf kimi İcarəçi) arasında "xxxx" 2 (iki) Müqavilə bağlanmışdır. 06 iyul 2023-cü il tarixli Müqavilələrin predmetinə uyğun olaraq Toyota Prius markalı 77GE429 dövlət qeydiyyat nışanlı avtomobil və Toyota Prius markalı 99TF567 dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə və hər hansı zədəsi olmadan AUX PARK MMC-nə təhvil verilmişdir. Həmin Müqaviləyə əsasən Toyota Prius markalı 77GE429 dövlət qeydiyyat nışanlı avtomobil 24 ay müddətinə, hər ay 550 manat ödənilməklə və Toyota Prius markalı 99TF567 dövlət qeydiyyat nişanlı avtomobil 24 ay müddətinə, hər ay 550 manat ödənilməklə AUX PARK MMC-nə icarəyə verilmişdir. AUX PARK MMC-nin iki avtomobilin icarəsi üçün hər ay İddiaçıya ödəməli olduğu aylıq icarə haqqı məbləği 1100 manat təşkil etmişdir. 06 iyul 2023-cü il tarixli "xxxx" Müqavilədə cavabdeh AUX PARK MMC nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək (2.1.2-ci bənd ), İcarəyə götürülmüş nəqliyyat texniki saz vəziyyətini və mühafizəsini təmin etmək (2.1.3-cü bənd), İcarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismarı zamanı yaranmış zəruri texniki qulluğu öz qüvvə və vəsaiti hesabına həyata keçirmək (2.1.4-cü bənd) öhdəliklərini üzərinə götürmüşdür. Bundan əlavə həmin Müqavilədə qeyd edilmişdir ki, İcarəçi istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinin texniki sazlığına ümumi vəziyyətinə birbaşa təsir göstərən, onu yararsız hala salan və ya tamamilə məhv olması ilə nəticələnən istənilən hadisə zamanı İcarəyə verən qarşısında tam məsuliyyət daşıyır (2.1.5-cü bəndi); Müqavilə üzrə öz vəsifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərər görə Azərbaycan Respublikasının qıvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir (3.1.-cü bəndi). Cavabdeh istismar zamanı avtomobillərin saz vəziyyətdə saxlamaq, mütəmadi olaraq yağdəyişmə və texniki təmiri aparmaq öhdəlikləriniə əməl etməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən iddiaçıya maddi zərər vurmuşdur. Həmçinin icarə haqqlarını tam ödəmədən avtomobilləri İddiaçıya təhvil vermişdir. 24 aprel 2024-cü il tarixdə İddiaçı tərəfindən AUX PARK MMC-nə pretenziya məktubu təqdim edilmiş və cavabdehə icarə haqqını və dəymiş maddi zərəri ödəməsi üçün 10 gün vaxt verilmişdir. Lakin pretenziya məktubundakı İddiaçının xahişinə və sonrakı tələblərinə baxmayaraq AUX PARK MMC icarə haqqını və dəymiş zərəri ödəməkdən imtina etmişdir. Avtomobillər yoxlanılan zamanı avtoservisin verdiyi məlumatlara görə qeyd olunan nasazlıqların aradan qaldırılması üçün 2997 manat vəsait tələb olunur. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdilər. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən etiraf edərək, iddiaçıya 1100 manat icarə haqqı borcunu, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cəmi 102 manat cərimə məbləğlərini və Toyota Prius markalı 99TF567 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının əzilməsi ilə bağlı məsuliyyəti qəbul etdiklərini, iddianı qalan hissədə əsasssız hesab etdiklərini bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi X1 digər nümayəndə X3 ilə eyni məzmunlu izahat verdi və iddianı qismən qəbul etdiyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" müqavilələrin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən İcarəyə verən İcarəçiyə bu müqaviləyə əlavə razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını İcarəyə verənə verir. 2.1-ci bəndinə əsasən İcarəçi, nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək (2.1.2-ci bənd), İcarəyə götürülmüş nəqliyyat vasitəsinin texniki saz vəziyyətini və mühafizəsini təmin etmək (2.1.3-cü bənd), İcarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismarı zamanı yaranmış zəruri texniki qulluğu öz qüvvə və vəsaiti hesabına həyata keçirmək (2.1.4-cü bənd), istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinin texniki sazlığına ümumi vəziyyətinə birbaşa təsir göstərən, onu yararsız hala salan və ya tamamilə məhv olması ilə nəticələnən istənilən hadisə zamanı İcarəyə verən qarşısında tam məsuliyyət daşımaq (2.1.5-cü bəndi) öhdəliklərini üzərinə götürür. 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən İcarəçi icarəyə götürdüyü hər nəqliyyat vasitəsi üçün İcarəyəverənə Əlavə razılaşmada nəzərdə tutulan məbləği ödəyir. 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən və ya nüqavilədə nəzərdə tutulan tarixdən etibarən qüvvəyə minir və 24 ay müddətində qüvvədə qalır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 və 2 nömrəli Təhvil-təslim aktlarına əsasən, qeydiyyat nişanı **-TF-*** olan və **-GE-*** olan Toyota Prius markalı minik avtomobilləri texniki olaraq işlək vəziyyətdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nə əsasən, cavabdeh tərəfindən icarəyə götürülmüş avtomobillərə görə icarə haqqı ödənişinin xx.xx.2023-cü tarixdən başlayaraq hər ay 550 manat olmaqla xx.xx.2025-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır. İş materiallarında olan törədilmiş yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq edilmiş cərimə haqqında bildirişlərdən görünür ki, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə törədilmiş 3 sayda yol hərəkəti qaydalarının pozuntusuna görə cəmi 102 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qüsur aktı”na əsasən, **-TF-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin ümumi məbləği 940 manat təşkil edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan avtomobillərin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü avtomobillərdən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2023-cü il tarixli "xxxx" müqavilələr ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyekti olan avtomobilləri işlək vəziyyətdə cavabdehə təhvil verdiyini, lakin xx.xx.2024-cü il tarixdə avtomobilləri geri alarkən hər iki avtomobildə qüsurlar aşkar etdiyini, həmin qüsurların aradan qaldırılması üçün ümumilikdə 2997 manat məbləğində pul vəsaitini tələb olunduğunu, cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini, həmçinin avtomobillərə vurulmuş ziyanəın aradan qaldırılması üçün tələb olunan məbləği və eləcə də cavabdehlə xidmət münasibətlərində olan sürücü tərəfindən yol hərəkəti qaydalarının pozuntusuna yol verməsi səbəbindən tətbiq edilmiş cəmi 102 manat məbləğində cərimə məbləğini ödəməkdən yayındığını bildirir. Cavabdeh isə iddianı qismən etiraf edərək 1100 manat icarə haqqı borcunun və yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cəmi 102 manat cərimə üzrə borcunun olduğunu, həmçinin Toyota Prius markalı 99TF567 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının əzilməsi ilə bağlı məsuliyyəti qəbul edir, iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında minik avtomobillərinin icarəyə verilməsinə dair müqavilələrin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən aylıq hər bir avtomobilə görə 550 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, icarə obyekti olan avtomobillərin xx.xx.2023-cü il tarixdən cavabdehin istifadəsinə verildiyi, cavabdeh tərəfindən icarə müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçıya ümumilikdə 6600 manat məbləğində icarə haqqı məbləği ödənildiyi, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə törədilmiş 3 sayda yol hərəkəti qaydalarının pozuntusuna görə cəmi 102 manat məbləğində inzibati cərimə tətbiq edildiyi, həmin avtomobilin arxa sol qapısının avtomobilin cavabdehin icarəsində olduğu zaman əzilməsi faktı işin mübahisəsiz hallarını təşkil edir. Həmçinin cavabdehin etirafına əsasən, onun iddiaçıya 1100 manat məbləğində icarə haqqı borcunun və 102 manat məbləğində ödənilməmiş cərimə borcunun olması da işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarını, müqavilə üzrə icarə haqqı borcunun 1870 manat, həmçinin avtomobillərdə yaranmış nasazlıqlara görə iddiaçıya vurulmuş maddi zərərin 2997 manat təşkil etməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, işin mübahisəli hallarını təşkil edən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı avtomobillərin cavabdehin istifadəsində olduğu 2024-cü ilin yanvar və fevral ayları üzrə icarə haqqını tam şəkildə ödəmədiyini, icarə haqqını avtomobillərin birinə münasibətdə xx.xx.2024-cü il tarixə kimi, digərinə münasibətdə isə 2024-cü ilin fevral ayının sonuna kimi hesabladığını, avtomobillərdə olan nasazlıqların aradan qaldırılmasına 2997 manat məbləğində vəsaitin tələb olunduğunu iddia etsə də, bu tələblərinin əsasında dayanan halları qismən sübut edə bilmişdir. Belə ki, iddiaçı avtomobillərdən birini xx.xx.2024-cü il tarixdə geri götürdüyünü qeyd etmişdir və bu faktı cavabdeh də təsdiq etmişdir. Lakin, iddiaçı digər avtomobili fevral ayının sonu və ya mart ayında geri götürdüyünü təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hər iki avtomobilin iddiaçı tərəfindən geri götürüldüyü tarix xx.xx.2024-cü il tarixi kimi qəbul edilməli və buna görə cavabdehin icarə haqqı ödəmək vəzifəsi də bu tarixə kimi hesablanmalıdır. Bu cür hesablama aparıldıqda isə cavabdehin ödənilməmiş icarə haqqı borcunun hər iki avtomobil üçün cəmi 1760 manat təşkil etdiyi aşkar olunur (2024-cü il yanvar ayı üçün 550+550=1100, fevral ayının 18-inə kimi 330+330=660, cəmi 1100+660=1760 manat). Məhkəmə qeyd edir ki, iddiaçı iş materiallarında olan qüsur aktına əsasən **-TF-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin ümumi məbləğinin 940 manat təşkil etməsini sübut edə bilsə də, digər avtomobildə hansı qüsurların olduğuna və həmin qüsurların aradan qaldırılması üçün hansı məbləğdə vəsaitin tələb edildiyinə dair mötəbər sübutları məhkəmə təqdim edə bilməmişdir. Buna görə də, həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan avtomobilləri cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh avtomobilləri təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir, həmçinin **-TF-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin, eləcə də yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cəmi 102 manat cərimə üzrə borcun iddiaçıya ödənilməsindən yayınmışdır. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının və digər xərclərin cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (ödənilməmiş icarə haqqı tələbinə) münasibətdə qismən təmin edilməlidir. Məhkəmə, vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsinin maddi hüquqi əsaslandırılması ilə əlaqədar qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun məbləği cavabdehdən alınaraq iddiaçıya verilməli, iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu məbləği isə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə övlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1760 manat məbləğində icarə haqqı borcu, 940 manat məbləğində vurulmuş zərərin əvəzi, 102 manat məbləğində cərimə və ödənilmiş 48,02 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 2850,02 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 22,38 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytrılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar