Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1889/2023 12.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və.s tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 24 dekabr 2021-ci il tarixli 11-İ-2021-0077 nömrəli icarə müqaviləsi üzrə yaranmış 800,0 (səkkiz yüz) manat icarə haqqı borcu, 48 (qırx səkkiz) manat kommunal haqqı borcu, 31,60 (otuz bir manat altmış qəpik) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 879,60 (səkkiz yüz yetmiş doqquz manat altmış qəpik) manat icarə haqqının, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 42 (qırx iki) manat məbləğində haqqın Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 24 dekabr 2021-ci il tarixli 11-İ-2021-0077 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında “ASK” Plaza adlanan inzibati binanın 2-ci mərtəbəsində 210 nömrəli, 20 kv. metrdən ibarət ofis sahəsini 11 (on bir) ay müddətinə icarəyə götürməyi, aylıq ƏDV daxil 354 (üç yüz əlli dörd) manat icarə haqqı və 10 (on) manat kommunal haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 29 dekabr 2021-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən cavabdeh 1 yanvar 2022-ci il tarixindən icarə obyektinin 2-ci mərtəbəsində yerləşən 209 nömrəli, 20 kv. metrdən ibarət ofis üçün nəzərdə tutulmüş icarə sahəsi üzrə aylıq ƏDV daxil 354 (üç yüz əlli dörd) manat icarə haqqı, 3-cü mərtəbəsində yerləşən 303 nömrəli 4 kv.metrdən ibarət anbar üçün nəzərdə tutulmuş sahə üzrə aylıq ƏDV daxil 40 (qırx) manat icarə haqqı və 10 (on) manat kommunal haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 mart 2022-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən cavabdeh 1 mart 2022-ci il tarixindən icarə obyektinin 2-ci mərtəbəsində yerləşən 209 nömrəli, 20 kv. metrdən ibarət ofis üçün nəzərdə tutulmüş icarə sahəsi üzrə aylıq ƏDV daxil 354 (üç yüz əlli dörd) manat icarə haqqı və aylıq ƏDV daxil 10 (on) manat kommunal haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 avqust 2022-ci il tarixli 3 nömrəli Əlavəyə əsasən cavabdeh icarə obyektinin 2-ci mərtəbəsində yerləşən 209 nömrəli, 17,4 kv. metrdən ibarət ofis üçün nəzərdə tutulmüş icarə sahəsi üzrə aylıq ƏDV daxil 400 (dörd yüz) manat icarə haqqı və aylıq ƏDV daxil 10 (on) manat kommunal haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 800,0 (səkkiz yüz) manat icarə haqqı borcu, 48 (qırx səkkiz) manat kommunal haqqı borcu, 31,60 (otuz bir manat altmış qəpik) manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 879,60 (səkkiz yüz yetmiş doqquz manat altmış qəpik) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərin rəsmi qeydiyyat ünvanı üzrə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01T/21 saylı tapşırıq müqaviləsindən görünür ki, bu müqavilə üzrə vəkalət alan vəkalət verənin tapşırığı əsasında Vəkalət verənin mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş əmlaklara dair obyektdə yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi barədə təklifləri Vəkalət verənə təqdim etmək, icarə şərtlərini Vəkalət verən ilə razılaşdırmaq, icarə şərtləri Vəkalət verən ilə razılaşdırıldıqdan sonra, Vəkalət verənin adından çıxış edərək Vəkalət verənin mülkiyyətində olan qeyri-yaşayış sahələrini Vəkalət alana verilmiş etibarnamə əsasında icarəyə vermək, icarə müqavilələrini imzalamaq, həmin müqavilələrə əlavə və dəyişikliklər etmək və onları ləğv etmək, obyektin təmizlik, sanitar, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizilik normalarına müvafiq şəkildə saxlanılmasını təmin etmək barədə razılığa gəlmişlər. İşdə olan sənədlərdən görünür ki, "xxxx" ASC-nin adından xx.xx.2021-ci il tarixli, 01T/21 saylı tapşırıq müqaviləsi və xx.xx.2021-ci il tarixli etibarnamə əsasında hərəkət edən "xxxx" MMC ilə Cavabdeh arasında 24 dekabr 2021-ci il tarixli, 11-İ-2021-0077 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci maddəsində göstərilən icarə obyektini bu müqavilənin şərtləri çərçivəsində icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini icarə müddəti ərzində təyinatına uyğun olaraq ofis sahəsinə zərər vurmadan icarəsinə götürməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə bu müqavilədə göstərilən müddət ərzində ödəməyi, habelə bu müqaviləyə xitam verildikdə icarə obyektini icarəyə verənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti – Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binanın 2-ci mərtəbəsində, 210 saylı, 20 kv.m-dən ibarət ofis sahəsidir. Qeyd olunan Müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixindən icarəçi icarəyə verənə icarə sahəsinin hər 1 kv.m görə 17,70 manat olmaqla aylıq 354 manat məbləğində ƏDV daxil icarə haqqı və aylıq 10 manat məbləğində ƏDV daxil təşkil edən kommunal ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 11-İ-2021-0077 saylı icarə müqaviləsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binanın 2-ci mərtəbəsində, 210 saylı, 20 kv.m-dən ibarət ofis sahəsi icarəçiyə təhvil verilmişdir. Təhvil-təslim aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan "xxxx" ASC-nin adından çıxış edən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı Əlavədən görünür ki, qeyd olunan icarə müqaviləsinin 1.2-ci və 2.1.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.2. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti. 35 ünvanında yerləşən "ASK Plaza" inzibati binasının 2-ci mərtəbəsində, 209 saylı, 20 kv.m-dən ibarət ofis üçün nəzərda tutulmuş icarə sahəsi və 3-cü mərtəbəsində, 303 saylı, 4 kv.m-dən ibarət anbar sahəsi üçün nəzərdə tutulmuş icarə sahələri. 2.1.1. xx.xx.2022-ci il tarixindən İcarəçi İcarəyə verənə İcarə obyektinin 2-ci mərtəbəsində yerləşən NQ209 saylı, 20 kv.m-dən ibarət ofis üçün nəzərdə tutulmuş icarə sahəsi üzrə hər 1 kv.m görə 17.70 (on yeddi manat 70 qepik) Azərbaycan manatı olmaqla aylıq 354.00 (üç yüz əlli dörd) Azərbaycan manatı məbləğində ƏDV daxil icarə haqqı və 3cü mərtəbəsində yerləşən 303 saylı, 4 kv.m-dən ibarət anbar üçün nəzərdə tutulmuş icarə sahəsi üzrə hər 1 kv.m görə 10.00 (on) Azərbaycan manatı olmaqla aylıq 40.00 (qırx) Azərbaycan manatı məbləğində ƏDV daxil icarə haqqı və aylıq 10 (on) Azərbaycan manatı məbləğində ƏDV daxil təşkil edən kommunal haqqı ödəyir.” İşdə olan "xxxx" ASC-nin adından çıxış edən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli 02 saylı Əlavədən görünür ki, qeyd olunan icarə müqaviləsinin 1.2-ci və 2.1.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.2. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti. 35 ünvanında yerləşən "ASK Plaza" inzibati binasının 2-ci mərtəbəsində, 209 saylı, 20 kv.m-dən ibarət ofis üçün nəzərda tutulmuş icarə sahəsi. 2.1.1. xx.xx.2022-ci il tarixindən İcarəçi İcarəyə verənə İcarə obyektinin 2-ci mərtəbəsində yerləşən NQ209 saylı, 20 kv.m-dən ibarət ofis üçün nəzərdə tutulmuş icarə sahəsi üzrə hər 1 kv.m görə 17.70 (on yeddi manat 70 qepik) Azərbaycan manatı olmaqla aylıq 354.00 (üç yüz əlli dörd) Azərbaycan manatı məbləğində ƏDV daxil icarə haqqı və aylıq 10 (on) Azərbaycan manatı məbləğində ƏDV daxil təşkil edən kommunal haqqı ödəyir.” İş materiallarında olan "xxxx" ASC-nin adından çıxış edən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli 03 saylı Əlavədən görünür ki, qeyd olunan icarə müqaviləsinin 1.2-ci və 2.1.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.2. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti. 35 ünvanında yerləşən "ASK Plaza" inzibati binasının 2-ci mərtəbəsində, 209 saylı, 17.4 kv.m-dən ibarət ofis üçün nəzərda tutulmuş icarə sahəsi. 2.1.1. İcarəçi İcarəyə verənə İcarə obyektinin 2-ci mərtəbəsində yerləşən 209 saylı, 17.4 kv.m-dən ibarət ofis üçün nəzərdə tutulmuş icarə sahəsi üzrə hər 1 kv.m görə 22,98 Azərbaycan manatı olmaqla aylıq 400 Azərbaycan manatı məbləğində ƏDV daxil icarə haqqı və aylıq 10 (on) Azərbaycan manatı məbləğində ƏDV daxil təşkil edən kommunal haqqı ödəyir.” İşdə olan xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 2022-ci ilin dekabr ayı üzrə 400 manat icarə haqqı və 2022-ci ilin dekabr ayı üzrə 9,99 manat kommunal haqqlarla bağlı elektron qaimələr göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 2023-cü ilin yanvar ayı üzrə 400 manat icarə haqqı və 2023-cü ilin yanvar ayı üzrə 9,99 manat kommunal haqqlarla bağlı elektron qaimələr göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 2023-cü ilin fevral ayı üzrə 400 manat icarə haqqı və 2023-cü ilin fevral ayı üzrə 9,99 manat kommunal haqqlarla bağlı elektron qaimələr göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh 400 manat məbləğində icarə haqqı ödəmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 19 iyun 2023-cü il tarixli arayışından və ödəniş sənədindən surətindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 42 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01T/21 saylı tapşırıq müqaviləsi bağlanmışdır. Həmin tapşırıq müqaviləsinə uyğun olaraq RX seriyalı, ******* saylı çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli, 11-İ-2021-0077 saylı icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmişdir. Sonradan həmin icarə müqaviləsinə dəyişikliklər edilərək icarə haqqı və kommunal haqqlar müəyyən edilmişdir. İcarəçi xx.xx.2023-cü il tarixində 400 manat məbləğində icarə haqqı ödəsə də icarə müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddiaçı xəbərdarlıq məktubları ilə cavabdehə ümumilikdə 861,20 manat icarə haqqı borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, icarə haqqı borcunun ödənilməsini tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 800 manat məbləğində icarə haqqı borcunun olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin aşağıdakı maddi normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Məhkəmə, iddia tələbinin 31,60 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 31,60 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin 24 dekabr 2021-ci il tarixli 11-İ-2021-0077 nömrəli icarə müqaviləsi üzrə yaranmış 48 (qırx səkkiz) manat kommunal haqqı borcu hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış 24 dekabr 2021-ci il tarixli, 11-İ- 2021-0077 saylı icarə müqaviləsindən və həmin müqaviləyə edilmiş Əlavə Sazişlərdən irəli gəlir. Yəni, icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixindən icarəçi icarəyə verənə icarə sahəsinin hər 1 kv.m görə 17,70 manat olmaqla aylıq 354 manat məbləğində ƏDV daxil icarə haqqı və aylıq 10 manat məbləğində ƏDV daxil təşkil edən kommunal haqq ödəyir. Göründüyü kimi tərəflər icarə müqaviləsi bağlayarkən kommunal haqqlarla da bağlı razılığa gəlmişlər. İddiaçının həmin tələbi müqavilədən irəli gəldiyindən, cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş kommunal haqqlarını ödəmədiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın 42 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, işdə olan ödəniş sənədinə əsasən iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 42 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24 dekabr 2021-ci il tarixli 11-İ-2021-0077 nömrəli icarə müqaviləsinə əsasən 800 (səkkiz yüz) manat məbləğində icarə haqqı, 48 (qırx səkkiz) manat məbləğində kommunal haqqı üzrə borc, 31,60 (otuz bir manat altmış qəpik) manat məbləğində cərimə və 42 (qırx iki) manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 921,60 (doqquz yüz iyirmi bir manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1889/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1889/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver