Məhkəmə qərarları › İş №e-2-2(121)-189/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-189/2025

14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-189/2025 14.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı protokolun etibarsız hesab edilməsi və sənədlərin təqdim edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı protokolun etibarsız hesab edilməsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlərin ləğv edilməsi; Cavabdeh ASC-dən 1. Cavabdeh ASC-nin nizamnaməsinin; 2. Cavabdeh ASC-nin 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; 3. Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; 4. Cavabdeh ASC-nin emissiya prospektinin; 5. Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; 6. Cavabdeh ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; 7. Cavabdeh ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə əsli ilə düzdür ştampı və cəmiyyətin möhürü ilə təsdiqləyərək Cavabdeh ASC tərəfindən təqdim edilməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023- cü il tarixdə saat 12:00-da Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə elan yerləşdirmişdir. Cavabdeh ASC-yə müraciət edərək ASC-nin xx.xx.2023-cü il tarixdə saat 12:00-da keçirilmiş ümumi yığıncağın protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehin müraciətinə cavab vermədiyini gördükdə bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək cavabdehin rəhbərliyi barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək 10 iyul 2023-cü il tarixdən sonra cavabdehin rəhbərliyinin onlara təqdim etdiyi sənədlərin surətlərinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********363600 cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır və Cavabdeh ASC-nin ləğv olunma prosesində olması qeydinin dövlət reyestrində daxil edilməsi barədə müraciətə əlavə olunmuş sənədlərin və qeydin dövlət reyestrində daxil edilməsindən imtina edilməsi barədə qərarın surətinin ona göndərildiyi qeyd edilmişdir. Həmin Qərara nəzər yetirdikdə məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********657700 saylı “Kommersiya qurumunun ləğvetmə ərizəsinin qəbul edilməsindən imtina haqqında” Qərarı ilə Cavabdeh ASC-nin ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina edilmişdir. Vergi orqanı qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina etsə də, nədənsə hər kəs üçün açıq olan “Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına” nəzər yetirdikdə Cavabdeh ASCnin ləğv etmə prosesində olması barədə qeyd hələ də qalmaqdadır. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin yuxarıda qeyd edilən məktubuna əlavə edilmiş sənədlərə nəzər yetirdikdə məlum olmuşdur ki, cavabdehin vergi orqanına təqdim etdiyi səhmdarlara guya ünvanladığı bildirişdə səhmdarların ümumi yığıncağının 2023-cü il iyul ayının 10-da ünvan 1 ünvanında keçiriləcəyi, ümumi yığıncağın gündəliyində isə aşağıdakı məsələlərin olduğu qeyd edilmişdir: 1. Cəmiyyətin ləğv olunması; 2. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi; 3. Cavabdeh ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızlarının) dövriyyədən çıxarılması və ləğv edilməsi; 4. Digər məsələlər. Vergi orqanının məktubuna əlavə edilmiş vergilər sosial-iqtisadi onlayn qəzetində 26 may 2023-cü il tarixdə dərc edilmiş elanında yenə Cavabdeh ASC-nin səhmdarların ümumi yığıncağının 2023-cü il iyul ayının 10-da ünvan 1 ünvanında keçiriləcəyi, gündəliyində yenə yuxarıda göstərilmiş məsələlərin olacağı bildirilmişdir. Vergi orqanının məktubuna əlavə edilmiş Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokoluna nəzər yetirdikdə məlum olur ki, ümumi yığıncağın gündəliyi aşağıdakılardan ibarət olmuşdur: 1. Cəmiyyətin 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı; 2. Cəmiyyətin ləğv olunması; 3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi; 4. Digər məsələlər. Cavabdehin Vergi orqanına təqdim etdiyi sənədlərə nəzər yetirdikdə məlum olur ki, cavabdeh müxtəlif gündəliklərlə iki sənəd təqdim etmişdir. Belə ki, mediada verilmiş elanda və səhmdarlara guya göndərdiyi sənəddə başqa gündəlik, səhmdarların ümumi yığıncağında başqa gündəlik barədə qərar qəbul edilməsinə dair protokol tərtib edilmişdir. Həmin sənədlərdən də göründüyü kimi həmin sənədlər cavabdehin icra orqanı tərəfindən saxtalaşdırılmışdır. Bundan başqa mediada verilmiş elanda və səhmdarlara guya göndərdiyi sənəddə Səhmdarların ümumi yığıncağının növbəti və növbədənkənar olması barədə qeydlər mövcud deyil. Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli ümumi yığıncağının 022 saylı protokolunda ümumi yığıncağın növbədənkənar olması qeyd edilir. Lakin həmin yığıncağın kimin tələbi ilə çağırılması və nəyə görə çağırılması barədə hər hansı bir qeyd yoxdur. Halbuki, mülki qanunvericiliyə əsasən səhmdarların ümumi yığıncağının növbəti və növbədənkənar olması qeyd edilməli və növbədənkənar ümumi yığıncağın isə direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılmalıdır. Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunda növbədənkənar ümumi yığıncağın kimin tələbi ilə çağırılması barədə qeydə rast gəlinmədi. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə yenidən müraciət edərək ASCnin nizamnaməsinin, ASC-nin 2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin, ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2022-2023-2024-cü ilin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncaqlarının protokollarının surətlərinin, ASC-nin 2022-2023-cü ilin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin, ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə əsli ilə düzdür ştampı vurulmaqla ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə müraciət etməsinə baxmayaraq cavabdeh Səhmdar cəmiyyəti müraciətinə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək cavabdehin rəhbərliyi barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən bir sıra hüquqları, o cümlədən mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh bununla kifayətlənməyərək digər şəxslərlə əlbir olaraq sənədləri saxtalaşdıraraq vergi orqanına təqdim etmişdir. Cavabdeh ASC-nin rəhbərliyini mülkiyyətçi olaraq onun hüquqlarını pozması qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil omuş etiraz ərizəsində göstərilmişdir ki, icraatda olan e-2-2(121)- 3005/2024 saylı iş üzrə verilmiş iddia aşağıda qeyd olunan faktlara əsasən tamamilə əsassızdır və rədd edilməldir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərindən xx.xx.2023-cü il tarixdə vergilər.az saytında aşağıdakı məzmunda elan verilmişdir: 1. Cəmiyyətin ləğv olunması; 2. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi; 3. Cavabdeh ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızlarının) dövriyyədən çıxarılması və ləğv edilməsi; 4. Digər məsələlər. Həmçinin xx.xx.2023-cü il tarixdə Atlas Expres sürətli poçt vasitəsilə Cavabdeh ASC-nin səhmdarlarına eyni məzmunlu bildiriş göndərilmişdir. 275569 nömrəli qaimədən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həmin bildirişi qəbul etmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində “ümumi yığıncağın keçirilməsindən xəbərsiz olması və bu məlumatı mətbuat vasitəsilə əldə etməsi” barədə irəli sürdüyü mülahizələr tamamilə əsassızdır. Digər tərəfdən iddiaçı tərəf ümumi yığıncağın keçirilməsi barədə məlumatlı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə keçirilən ümumi yığıncaqda iştirak etməmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********657700 saylı “Kommersiya qurumunun ləğvetmə ərizəsinin qəbul edilməsindən imtina haqqında” Qərar qəbul edilsə də daha sonra sənədlərdə olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Təqdim edilmiş sənədlər əsasında Hüquqi şəxslərin dövlət reyestrində Cavabdeh ASC-nin ləğv prosesində olması qeydi aparılmışdır. Həmçinin, iddiaçı Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli ümumi yığıncağın kimin tələbi ilə çağırılması və nəyə görə çağırılması barədə protokolda hər hansı bir qeyd olmadığını bildirmişdir. Qeyd olunur ki, bu qeydin olması ilə bağlı qanunvericilikdə hər hansı imperativ norma müəyyən edilməmişdir. Belə bir qeydin olmaması Cavabdeh ASCnin səhmdarlarının 10 iyul 2023-cü il tarixli ümumi yığıncağının 022 saylı prtokolunun etibarsız hesab edilməsinə əsas ola bilməz. Bundan başqa vurğulanmalıdır ki, iddiaçı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ASC-nin “Kommersiya qurumunun ləğvetmə ərizəsinin qəbul edilməsi və hüquqi şəxsin ləğv prosesində olması barədə qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi” haqqında müvafiq qərarından inzibati qaydada şikayət verməmiş, həmin qərarı mübahisələndirməmişdir. Bu səbəbdən ilk növbədə hesab edilir ki, hal-hazırkı iddia tələbinə kommersiya məhkəməsində baxılmalı deyildir. Digər tərəfdən isə iddiaçı tərəf müvafiq qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Yuxarıda qeyd olunan faktlara və hüquq normalarına əsasən iddia tələbi tamamilə əsassız olduğuna görə rədd edilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-nin (Cəmiyyət) səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Təqdim olunmuş səhmlərin geri satın alınmasının nəticələri haqqında məlumatı və Cəmiyyətin səhmlərinin səhmdarların şəxsi hesabından cəmiyyətin emissiya hesabına köçürülməsi barədə Milli Depozit Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6-1-1/2-627/2024 nömrəli məktubu nəzərə alınaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2 (iki) manat olan, AZ********** dövlət qeydiyyat nömrəli, 221791 (iki yüz iyirmi bir min yeddi yüz doxsan bir) ədəd səhmin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. Həmçinin "xxxx" açıq səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli 022 saylı qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-22/2-3178/2024 saylı məktubunu və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Bütün bunlara əsasən iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiqi olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kommersiya hüquqi şəxsi haqqında məlumatdan görünür ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdə ********** nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AA00084902 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 2 manat olan 200 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla "xxxx" ASC-nin səhmdarıdır. İş materiallarında olan “Qiymətli kağız sahiblərinin reyestri”ndən görünür ki, emitent "xxxx" ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 221791 sayda adi səhm tədavülə yerləşdirilmişdir və həmin qiymətli kağızların (adi səhmlərin) 200 ədədinin (0,0902 %) sahibi İddiaçı, 90 ədədinin sahibi X8, 221501 ədədinin (99,8692 %) sahibi X2r. İş materiallarında olan "xxxx" ASC-nin Nizamnaməsinin surətindən görünür ki, həmin Nizamnamənin: 3.1-ci bəndinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı 443582 manata bərabər tutulan 221791 ədəd adi səhmdir. Hər bir səhmin nominal dəyəri 2,0 manatdır. Cəmiyyətin səhmdarlarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1.X3 – 443002 manat, 221501 səhm, 99,86 %, 2.X8 – 180 manat, 90 səhm, 0,04 %, 3.İddiaçı – 400 manat, 200 səhm, 0,09 %. 4.1-ci bəndinə əsasən, Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 5.1-ci bəndinə əsasən, Cəmiyyətin ləğv olunması Azərbaycan Respubikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir. 5.2-ci bəndinə əsasən, Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi və ümumi yığıncağın qərarları ilə tənzimlənir. İş materiallarında olan “Vergilər” sosial-iqtisadi onlayn qəzetində xx.xx.2023-cü il tarixdə verilmiş elanda 2023-cü il iyul ayının 10-da "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi, yığıncağın gündəliyinə “1. Cəmiyyətin ləğv olunması; 2. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi; 3. "xxxx" ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızlarının) dövriyyədən çıxarılması və ləğv edilməsi; 4. Digər məsələlər”in daxil edildiyi qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli iclasının 22 saylı protokolunun surətindən görünür ki, ümumi yığıncaqda səsli səhmlərin 99,8692 %-nin sahibi iştirak etdiyi üçün səlahiyyətli hesab edilmişdir və ümumi yığıncağın qərarı ilə - 1. 2022-ci ilin yekunu üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatını qəbul olunması; 2. Səhmdar Cəmiyyətin ləğv olunması; 3. X4 təsviyəçi təyin edilməsi; 4. Cəmiyyətin ləğv edilməsi ilə bağlı elanın mətbuatda dərc edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğudan görünür ki, iddiaçı həmin sorğu ilə 1. Cavabdeh ASC-nin nizamnaməsinin; 2. Cavabdeh ASC-nin 2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; 3. Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; 4. Cavabdeh ASC-nin emissiya prospektinin; 5. Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin;6.ASC-nin 2022-2023-2024-cü ilin yekununa dair keçirilmiş Səhmdarların Ümumi yığıncağının protokolunun, 7. Cavabdeh ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; 8. Cavabdeh ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin sorğu xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən və "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin (Cəmiyyət) səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılaraq bildirilmişdir ki, təqdim olunmuş səhmlərin geri satın alınmasının nəticələri haqqında məlumatı və Cəmiyyətin səhmlərinin səhmdarların şəxsi hesabından cəmiyyətin emissiya hesabına köçürülməsi barədə Milli Depozit Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6-1-1/2- 627/2024 nömrəli məktubu nəzərə alınaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2 (iki) manat olan, AZ********** dövlət qeydiyyat nömrəli, 221 791 (iki yüz iyirmi bir min yeddi yüz doxsan bir) ədəd səhmin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair aktın surətindən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli 022 saylı qərarı, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-22/2- 3178/2024 saylı məktubunu və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciəti əsas tutularaq, MDM "xxxx" ASC-nin qiymətli kağızları Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Beləliklə, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin səhmdarıdır və səhmdar olaraq cavabdehə sorğu ilə müraciət edərək Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin ona təqdim olunmasını xahiş etmişdir. İddiaçı verdiyi sorğuya cavabdeh tərəfindən cavab verilmədiyini, tələb etdiyi sənədlərin ona təqdim olunmadığını iddia edərək, həmin sənədlərin ona təqdim olunmasına dair tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh səhmdar cəmiyyətin səhmdarı olmasını təsdiq edən çıxarışa, cavabdehə ünvanladığı sorğuya, iddia ərizəsində göstərdiyi tələblə əlaqədar cavabdehə məhkəməyə müraciət etməmişdən əvvəl xəbərdarlıq məktubu ilə müraciət etməsinə istinad edir. Cavabdeh məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazında ondan tələb olunan sənədlərin hansı əsasla iddiaçıya təqdim edilməməsini əsaslandırmamışdır. Məhkəmə, cavabdehin üzərinə səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərin təqdim edilməsinə dair vəzifənin qoyulması hissəsində iddia tələbinin maddi hüququ əsası kimi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-6.3-cü maddəsinə əsasən, səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Mülki Məcəllənin 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Sadalanan maddi hüquq normlarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının səhmlərinin bir hissəsinə sahib olduğu səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, səhmdar cəmiyyətin fəaliyyəti barədə məlumat almaq və bununla əlaqədar müvafiq sorğular vermək hüquqları vardır. Eyni zamanda səhmdar cəmiyyətin səhmdarların qanunvericilikdə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsini təmin etmək, o cümlədən özünün fəaliyyəti barədə səhmdarlar tərəfindən verilən sorğulara cavab vermək vəzifələri nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı Cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərin təqdim edilməsinə dair tələbi qanuni və əsaslıdır. Buna görə də həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cavabdeh "xxxx" ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlərin ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı cavabdehin adi adlı səhm sahibidir və xx.xx.2023-cü il tarixli ümumi yığıncağın qərarı ilə cavabdehin ləğv edilməsi qərara alınmışdır. İddiaçı ümumi yığıncağın çağırılması və keçirilməsi zamanı bir sıra pozuntulara yol verildiyini əsas tutaraq, bu səbəbdən 2023-cü il 10 iyul tarixli ümumi yığıncağın protokolunun etibarsız hesab edilməli olduğunu iddia edir. Cavabdeh iddiaya qarşı etiraz edərək, 2023-cü il 10 iyul tarixli ümumi yığıncağın keçirilməsi zamanı hər hansı pozuntuya yol verilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 102.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. 107.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.5-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.6. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-3.5-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm-bir səsdir" prinsipi əsasında həyata keçirilir. 107-5.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 107-5.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. 107-6.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. 108.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri Mülki Məcəllə və digər sahəvi qanunlara və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Səhmdar cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır və cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Səhmdar Cəmiyyətin səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli olur və Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm-bir səsdir" prinsipi əsasında həyata keçirilir. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli, habelə səhmdarlara bu barədə yazılı bildiriş göndərilməlidir. Baxılan işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, cavabdeh səhmdar cəmiyyətin ümumi yığıncağının çağırılması barədə məlumat mediada yerləşdirilmişdir və "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli iclasının 22 saylı protokoluna əsasən, ümumi yığıncaqda səsli səhmlərin 99,8692 %-nin sahibi iştirak etmişdir və səs çoxluğu ilə ümumi yığıncağın qərarına əsasən səhmdar cəmiyyətin ləğv olunması qərara alınmışdır. Bununla da müəyyən olunur ki, cavabdeh səhmdar cəmiyyətin ümumi yığıncağının 2023-cü il 10 iyul tarixli protokolu ilə ASC-nin ləğv edilməsi qərara alınmış, həmin iclasda yetərsay (99,8692 faiz payı olan səhmdar iştirak etmişdir) olduğu üçün iclas Mülki Məcəllənin 107-2.1-ci maddəsinə və hüquqi şəxsin nizamnaməsinə əsasən səlahiyyətli olmuş, ASC-nin ləğvi haqqında qərar Mülki Məcəllənin 107-5.1-ci maddəsinə uyğun olaraq 2/3 səs çoxluğu ilə qəbul edilmiş və qərar səsvermədə iştirak edən səhmdar tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiasına görə işdə olan bildirişlərə əsasən cəmiyyətin ümumi yığıncağının çağırılması barədə cəmiyyətin digər səhmdarları olan iddiaçıya və X7 məlumat verilmişdir. İddiaçı isə səhmdar cəmiyyətin ümumi yığıncağının çağırılmasından məlumatsız olduğunu və yığıncağın çağırılması barədə bildirişlərin alınmasına dair qəbzlərdə olan imzaların ona və X7 məxsus olmamasını bildirir. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə təyin edilmiş xətşünaslıq ekspertizası cavabdeh tərəfindən mübahisələndirilən qəbzlərin əsilləri ekspertizaya təqdim edilmədiyinə görə baş tutmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, ümumi yığıncağın çağırılması barədə bildirişlərin alınmasına dair qəbzlərdə olan imzaların iddiaçıya və X7 məxsus olmaması faktı təsdiq olunmuş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə baxılan işin hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh ASCnin ümumi yığıncağının çağırılması barədə bildirişlərin alınmasına dair qəbzlərdə olan imzaların iddiaçıya və X7 məxsus olmaması faktının müəyyən olunması, həmçinin iddiaçının ümumi yığıncağın iclasında iştirak edə bilməməsi ümumi yığıncağın iclas protokolunun etibarsız hesab edilə bilməsi üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmır. Belə ki, işin hallarında göründüyü kimi iddiaçının və X1 olduqları adi səhmlərin miqdarının cəmi, ümumi səhmlərin 1 %-dən azdır və ümumi yığıncaqda iştirak edən və cəmiyyətin ləğvinin lehinə səs verən digər səhmdarın səhm payı ümumi səhmlərin 99,86 %-ni təşkil edir. Belə olan təqdirdə, iddiaçının və digər səhmdar X6 ümumi yığıncağın iclasında iştirak etmələri halında belə, onların sahib olduqları səhmlərə müqabil səslərinin qəbul ediləcək qərarın nəticəsinə münasibətdə həlledici olmayacağı açıqdır. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbinin cavabdeh "xxxx" ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlərin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASC-nin 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin, "xxxx" ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin əlavə şərtləri ilə birlikdə surətlərinin, "xxxx" ASC-nin emissiya prospektinin, "xxxx" ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, "xxxx" ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin, "xxxx" ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətləri "xxxx" ASC tərəfindən İddiaçı təqdim edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar