Məhkəmə qərarları › İş №e-2-2(121)-19/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-19/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-19/2024 08.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 7.724,10 manat əsas, 4.002,67 manat faiz, 8.199,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.138,48 manat faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 205 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə illik 28 faiz dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə isə İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında ********* saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 21.5 faiz dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 100012673/ZM nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2017-ci il tarixdə “100009964 saylı xx.xx.2015-ci il tarixli və ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqavilələri” üzrə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı ********* saylı kredit müqaviləsi üzrə olan 4634.86 USD və ********* saylı kredit müqaviləsi üzrə olan 4505.14 USD kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 12.796 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilir. “100009964 saylı xx.xx.2015-ci il tarixli və ********* saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqavilələri” üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmış və Zaminlər bu Əlavə sazişi imzalamaqla ********* saylı xx.xx.2015-ci il tarixli və ********* saylı xx.xx.2015-ci tarixli Kredit Müqavilələrini, həmin müqavilələrə edilmiş əlavələri, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞİ/MT0142023-00768 nömrəli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********697 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Baxşıyev Vasif Şaban oğlunun kredit üzrə cəmi borcu 21.064,89 manat təşkil edir. Bundan 7.724,10 manat əsas, 4.002,67 manat faiz, 8.199,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.138,48 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən, yəni 2800 manat məbləğində əsas borcun ondan tutulması hissəsində qəbul edərək, iddianın qalan hissəsinə etiraz etdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianın ona aid olan hissəsinə etiraz edərək, iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehə 24 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 10.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehə 24 ay müddətinə, illik 21.5 faiz ödəmək şərtilə 6.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 100012673/ZM saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli və ********* saylı, xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 1 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, kreditlər restruktizasiya edilərək Cavabdeh1 kreditor qarşısındakı ********* saylı kredit müqaviləsi üzrə olan 4.634,86 ABŞ dolları və ********* saylı kredit müqaviləsi üzrə olan 4.505,14 ABŞ dolları kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 12.796 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditlərin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 7.724,10 manat məbləğində əsas, 4.002,67 manat məbləğində faiz, 8.199,64 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.138,48 manat, cəmi 21.064,89 manat məbləğində borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehlərə bildiriş (pretenziya) göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış “iddia müddətinin tətbiq edilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddia ərizəsinin iddia müddəti keçdiyinə görə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizədən görünür ki, iş üzrə ona aid hissədə işə və zaminlik müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5841 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə İddiaçı ASC ilə cavabdeh Baxşıyev Vasif Şaban oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqavilələrinə əsasən xx.xx.2017ci il tarixdə əlavə 01 nömrəli saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Baxşıyev Vasif Şaban oğlunun banka olan borcu – müqavilə bitən müddətə, yəni xx.xx.2020-ci il tarixinə əsas borc üzrı 7.724,10 manat, faiz borcu üzrə 1.471,01 manat; xx.xx.2022-ci il tarixinə (müqavilə müddətindən sonra illik 5 faizlə) əsas borc üzrə 7.724,10 manat, faiz borcu üzrə 2.555,60 manat; xx.xx.2023-cü il tarixinə (müqavilə müddətindən sonra illik 5 faizlə) əsas borc üzrə 7.724,10 manat, faiz borcu üzrə 2.595,30 manat, xx.xx.2023-cü il tarixinə (müqavilə müddətindən sonra illik 5 faizlə) əsas borc üzrə 7.724,10 manat, faiz borcu üzrə 2.769,09 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/7625 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə İddiaçı ASC ilə cavabdeh Baxşıyev Vasif Şaban oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixdə əlavə 01 nömrəli saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Baxşıyev Vasif Şaban oğlunun banka olan borcu – xx.xx.2020-ci il tarixə əsas borc üzrə 7.812,29 manat, faiz borcu üzrə 1.395,09 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7.812,29 manat, faiz borcu üzrə 4.905,41 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7.812,29 manat, faiz borcu üzrə 5.033,88 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7.812,29 manat, faiz borcu üzrə 5.825,52 manat; xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 1.137,12 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin, həmçinin müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2020-ci il tarixə faiz borcunun 1.395,09 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 7.724,10 manat məbləğində əsas borc və 1.395,09 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin (əlavə sazişin) müddəti xx.xx.2020-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə 1.137,12 manat məbləğində borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2020-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “faiz borcunun və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissələrində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 8.199,64 manat məbləğində deyil, 800 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 40 manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 153,49 manat dövlət rüsumunun 123,17 manatı (yəni, 11.056,31 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7724,10 manat məbləğində əsas borc, 1395,09 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə, 1137,12 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 11056,31 manat məbləğində kredit borcu və 150 manat məbləğində mediasiya xərci Cavabdeh1 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməsin. 123,17 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 40 manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar