Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1903/2024 29.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və "xxxx" MMCnə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 157.090,22 ABŞ dolları məbləğində borcun "xxxx" MMC və "xxxx" MMC-dən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz borcu, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə 91.462 ABŞ dolları əsas borc,12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi qalmaqdadır. Sözügedən qətnamənin 18 ildir icra edilməməsini nəzərə alaraq, ümumilikdə 157.090,22 ABŞ dolları məbləğində qalıq borc məbləğinin ödənilməsi məqsədilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə "xxxx" MMC-dən tutulmalı olan borcun 50.000 ABŞ dolları məbləğində hissəsinin xx.xx.2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Həmin Razılaşmanın 2.4-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixədək ödəniş edilmədiyi təqdirdə qətnamə üzrə "xxxx" MMC-dən tutulmalı olan borc məbləğinin həm "xxxx" MMC-dən, həm də "xxxx" MMC-dən tutulması üçün müvafiq məhkəməyə müraciət olunması nəzərdə tutulmuşdur. Razılaşma üzrə 157.090,22 ABŞ dolları məbləğində borcun ödənilməsi məqsədilə "xxxx" MMC və "xxxx" MMC-nə pretenziya məktubları göndərilmiş, lakin heç bir ödəniş edilməmişdir və bu səbəbdən də borc məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. "xxxx" MMC sözügedən Razılaşmanı imzalamaqla öz iradə ifadəsini bildirmiş, bununla da "xxxx" MMC ilə birgə borclu statusunu öz üzərinə götürmüşdür. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən "xxxx" ASCnin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz borcu, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər öhdəlik qəbul edən "xxxx" MMC və borclu "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşmanın: 1.1-ci bəndinə əsasən, bu Razılaşmanın predmetini 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsinin Borclu tərəfindən icra edilməsinə şəraitin yaradılması təşkil edir. 1.2-ci bəndinə əsasən, bu Razılaşmanın 1.1-ci bəndində qeyd edilən məhkəmənin qiyabi qətnaməsinin xx.xx.2006-cı il tarixdə qəbul olunduğunu və 17 il keçməsinə baxmayaraq bugünədək tam icra edilmədiyini, həmin kreditin təminatı olan gəmilərin mövcud olmadığını, kredit verilən zaman 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin 0.78 manat olduğunu, lakin 2015-ci ildə üzən məzənnəyə keçidlə bağlı hazırda məzənnənin 2 dəfədən çox artdığını, məhkəmə qətnaməsi ilə qət edilmiş 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkildiyi göstərilən xərcin LPO Bankın mühasibatlıq sənədlərində və o cümlədən, mülki iş materiallarında öz əksini tapmamasını, qətnamədən sonra Borclu tərəfindən ümumilikdə 160.849,96 ABŞ dolları məbləğində ödəniş edildiyini, hazırda birdəfəlik qismən ediləcək ödənişin LPO Bankın ləğv prosedurunun sürətləndirilməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq, Tərəflər bu Razılaşmanın imzalanmasını məqsədəmüvafiq hesab edirlər. 2.1-ci bəndinə əsasən, Borclunun 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi üzrə 91.642 ABŞ dolları əsas borc, 12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi olduğunu Tərəflər təsdiq edirlər. 2.2-ci bəndinə əsasən, öhdəlik qəbul edən bu Razılaşmanın 2.1-ci bəndində göstərilən 91.462, ABŞ dolları əsas borcdan 50.000 ABŞ dolları hissəsini xx.xx.2023-cü il tarixədək birdəfəlik ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.3-cü bəndinə əsasən, bu Razılaşmanın 2.2-ci bəndində qeyd edilən ödəniş Öhdəlik qəbul edən tərəfindən icra edildikdən və 2.5-ci bəndi X4 tərəfindən icra edildikdən sonra Borclunun yerdə qalan digər borclarına güzəşt tətbiq edərəj X3 silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, tərəflər arasında bağlanmış “Öhdəliyin icra edilməsinə dair” Razılaşmaya əsasən yaranmış 157.090,22 ABŞ dolları məbləğində borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları belədir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz borcu, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. "xxxx" ASC ilə cavabdehlər öhdəlik qəbul edən "xxxx" MMC və borclu "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “öhdəliyin icra edilməsinə dair” razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Borclunun 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi üzrə 91.642 ABŞ dolları əsas borc, 12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi olduğunu Tərəflər təsdiq etmişlər. Öhdəlik qəbul edən "xxxx" MMC 91.462, ABŞ dolları əsas borcdan 50.000 ABŞ dolları hissəsini xx.xx.2023-cü il tarixədək birdəfəlik ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin öhdəlik yerinə yetirilməmişdir və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliklərinin olduğu işin mübahisəsiz halıdır. Belə ki, həmin hal qüvvədə olan məhkəmə qərarı və tərəflərin razılaşmalarına əsasən öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, işin mübahisəli halını borc öhdəliyinin hər iki cavabdehdən birgə qaydada tutulmasına dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, işdə olan “Öhdəliyin icra edilməsinə dair” Razılaşmadan görünür ki, həmin razılaşma ilə öhdəliyi qəbul edən "xxxx" MMC borclu "xxxx" MMC-nin kreditor "xxxx" ASC-nə olan borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür və kreditor "xxxx" ASC öhdəliyin verilməsinə etiraz etməmişdir. Bununla da, tərəflər arasında öhdəliyin verilməsi (borcun köçürülməsi) barədə razılaşma əldə olunmuşdur ki, bu halda öhdəlik üzrə icra tələbi öhdəliyi qəbul etmiş şəxsə yönəldilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 157.090,22 ABŞ dolları məbləğində borcun "xxxx" MMC-dən tutulması hissəsində əsaslıdır və bu hssədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia cavabdeh "xxxx" MMC-nə münasibətdə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1903/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1903/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver