Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1906/2024 25.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 işirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı göstərilmiş stansiya xidmətlərinə əsasən hesablanmış pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2022-ci ilin iyun və avqust aylarında "xxxx" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 7 592,12 (yeddi min beş yüz doxsan iki manat 12 qəpik) manat borc, 630,83 (altı yüz otuz manat 83 qəpik) manat faiz və 103 (bir yüz üç) manat dövlət rüsumu, cəmi 8 325,95 (səkkiz min üç yüz iyirmi beş manat 95 qəpik) manat cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki "xxxx" QSC (ADY) tərəfindən "xxxx" MMCyə 2022-ci ilin iyun və avqust aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Vətəgə stansiyasında 2022-ci ilin iyun və avqust aylarında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “daşınmaya təqdim edilmiş yükün hər tonuna görə” və s.) görə "xxxx" MMC-yə7 592,12 (yeddi min beş yüz doxsan iki manat 12 qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, "xxxx" MMC tərəfindən Vətəgə stansiyası üzrə yaranmış 7 592,12 (yeddi min beş yüz doxsan iki manat 12 qəpik) manat borcun icrasının gecikdirilməsi səbəbindən 630,83 (altı yüz otuz manat 83 qəpik) manat əlavə olaraq faiz hesablanmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 2022-ci ilin iyun və avqust aylarını əhatə edən əlavə yığımlar üçün yığım vərəqələrindən (Forma FDU-92) görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinin ümumi dəyəri 592,12 manat təşkil edir. - 2022-ci ilin iyun və avqust aylarını əhatə edən qəbul-təhvilçinin yaddaş vərəqələrindən (Forma QU-45) görünür ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. - 2022-ci ilin avqust və 2023-cü ilin yanvar aylarını əhatə edən elektron qaimələrdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil ümumilikdə 7.623,98 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. - 01.01.2022-ci il-xx.xx.2023-cü illər ərzində “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tərtib edilmiş "xxxx" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə 7.592,12 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli öhdəliyin icra edilməsi barədə pretenziya məktubundan görünür ki, "xxxx" MMC-nin stansiya xidmətlərinə görə hesablanmış 7.592,12 manat borcun 10 (on) gün müddətinə ödənilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyun-avqust ayları ərzində stansiya xidmətlərinin göstərilməsinə dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyun, iyul və avqust aylarında ümumilikdə 7.592,12 manat dəyərində stansiya xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı göstərdikləri stansiya xidmətlərininə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək 7.592,12 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi xidmət (tapşırıq) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyun, iyul və avqust aylarında müxtəlif stansiya xidmətlərinin göstərilməsi işin mübahisəsiz halını təşkil edir. Göstərilənlərə və aşağıdakı maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində tapşırıq müqaviləsinin yazılı formada bağlanması ilə bağlı imperativ norma nəzərdə tutulmasa da cavabdehin izahatı və işdə olan sübutlarla tərəflər arasında şifahi xidmət müqavilə münasibətlərinin yarandığı müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 7.592,12 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, eyni zamanda qeyd edir ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının” 3.1.2-ci bəndinə əsasən, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri ilə yanaşı QU-45 sənədləri də təqdim edilmişdir. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 630,83 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün hesablanmış 630,83 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 103 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 103 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2022-ci ilin iyun-avqust aylarında göstərilmiş stansiya xidmətlərinə görə 7.592,12 manat məbləğində əsas borc, 630,83 manat faiz borcu və 103 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.325,95 (səkkiz min üç yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1906/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1906/2024
25.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver