Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1912/2023 28.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Masallı Rayonun Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin, icarə müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Masallı Rayonun Sığdaş Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Sığdaş Bələdiyyəsi ilə Cavabdeh arasında 05 fevral 2002-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsini və Cavabdeh verilmiş Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv olunmasını, torpaq sahəsində tikilmiş tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilərək geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 fevral 2002-ci il tarixdə Sığdaş bələdiyyəsi tərəfindən Cavabdeh torpaq sahəsinin icarə müqaviləsi bağlanaraq 5000 kv.m torpaq sahəsi 75 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsi cavabdehə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə İcarəçi icarə haqqı olaraq hər il 20 (iyirmi) manat ödəməyi öhdəsinə götürmüşdür. Ötən müddət ərzində cavabdehin 360 manat icarə haqqı borcu yaranmışdır. Lakin icarəçi olan cavabdeh üzərinə düşən öhdəliyi bu günə kimi doğrudüzgün yerinə yetirməmişdir, yəni hər il üçün müəyyən edilmiş 20 manat olan icarə haqqını tam olaraq ödəməmişdir. Həmin torpaq sahəsi ilə bağlı cavabdehə Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). Həmçinin cavabdeh torpaq sahəsini təyinatına uyğun istifadə etməyərək həmin torpaq sahəsində müəyyən tikililər inşa etmişdir. Eləcə də torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə bələdiyyə tərəfindən verilmiş qərarın (protokolun) heç bir sənəddə qeydiyyatı yoxdur. Ona görə də, Masallı rayon Sığdaş Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2002-ci il tarixli icarə müqaviləsi ləğv olunmalı və cavabdehə verilmiş Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilməlidir.Həmçinin cavabdehlə məhkəmədən əvvəl münasibətləri tənzimləmək üçün mediasiya prosesi keçirilsə də cavabdeh bələdiyyənin tələblərini yerinə yetirməyəcəyini, mülki işin məhkəmə qaydasında həll edilməsini bildirmiçşdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, tərəflər arasında eyni əsas və predmetlə bağlı məhkəmə qərarının olduğunu bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)-384/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Masallı Rayonun Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə yuxarıda qeyd olunanlardan əlavə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci Qərarında qeyd olunmuşdur ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-nin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Masallı Rayonun Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1912/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1912/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver